Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına
Surəti: Milli Təhlükəsizlik Naziri cənab Eldar Mahmudova
Surəti: Baş Prokuror cənab Zakir Qaralova
Surəti: Daxili İşlər Naziri cənab Ramil Usubova
Abşeron rayon Mehdiabad qəsəbəsi 20 yanvar küçəsi ev 12 / 54 ünvanında yaşayan Tanrıverdiyeva Qədəm Mehbalı qızı tərəfindən
Ərizə
Hörmətli cənab Prezident!
İlk öncə icazə verin Sizə bu yorulmaz əməyinizdə uğurlar diləyim. Danılmaz faktdır ki, siz hər zaman çıxışlarınızda qeyd edirsiniz ki, mən hər bir Azərbaycanlının Prezidentiyəm və onların təhlükəsizliyi bizim vəzifə borcumuzdur. Mən bir ailə başçısı olaraq daim Sizin çıxışlarınızı diqqətlə dinləyib, övladlarıma cənab İlham Əliyevi ideal bir şəxsiyyət kimi tanımalarını qeyd edirəm. Sizin sayənizdə ölkəmiz günü-gündən çiçəklənir və dünya miqyasında tanınır. Hörmətli Prezident, Sizi mühüm dövlət işlərinizdən ayırmaq istəməsəm də buna son dərəcədə məcburam. Belə ki, ümumilikdə 3 (üç) milyon manat qızıl ”“ zinət əşyalarımı, pullarımı talan ediblər. Hətta özümü cinayətkar, təqsirkar çıxarıblar və buna görə də məhz Sizə müraciət edirəm. İnanıram ki, pozulmuş hüquqlarımın, tapdanmış haqlarımın bərpasına köməklik göstərəcəksiniz. Bildirirəm ki, məni və məcburi köçkün ailəmi elə bir vəziyyətə salıblar ki, doğma Azərbaycanımızı tərk etməyə, qonşu dövlətlərdən, beynəlxalq təşkilatlardan kömək, sığınacaq istəməyə məcbur qalmışıq.
Nəzərinizə çatdırım ki, 1988-ci ildən Qərbi Azərbaycandan didərgin salınmış ailəmizlə birlikdə Bakıya pənah gətirmişik. Elimizdən-obamızdan, yurdumuzdan didərgin düşsək də yenə Ulu Öndər Heydər Əliyevin siyasətini dəstəkləmişik və inanmışıq ki, dahi şəxsiyyət daim bizimlədir. Əvvəllər çox zəhmətkeş, bacarıqlı, qabiliyyətli, əməksevər olmağımıza görə zəngin ailəmiz olub. Biz böyük bir nəslin nümayəndələriyik. Odur ki, pənah gətirdiyimiz Bakı şəhərinə özümüzlə qızıl - zinət əşyalarımızı və halal zəhmətimizin pullarını mənfəətli xərcləmək üçün bacarıqla istifadə edərək özümüzə yaşamağımız üçün şərait qurmuşuq. Ailəmizin bütün üzvlərinə köməkləşərək ev tikib yurd salmışıq. Amma çox təəssüflər olsun ki, tanımadan - bilmədən evimizə, ailəmizə yaxın bilib buraxdığımız insanlar bizə ağır zərbə vurdu. Düşmənin etmədiyi nankorluğu süfrəmizin başında oturtduğumuz insanlar tərəfindən gördük. Bütün qazanclarımızı əlimizdən alıb, talan edib, qanunsuz ələ keçirənlər, üstəlik məni də cinayətkar adlandıran dələduz dəstə hələ də qarayaxmalarından, hədə-qorxularından, təhdidlərindən əl çəkmirlər. Belə ki, 2003-cü ildə Gürcüstanlı bir qadın - Qasımova Nurxanım Nadir qızı iş axtarmaq adı ilə evimə gələrək kimsəsiz olduğunu dilə gətirdi və heç olmasa onu qulluqçu kimi işə götürməyimizi xahiş etdi. Sonra 2004-cü ildə Bakı şəhəri F.Yusifov küçəsi ev 7 mənzil 51-də yaşayan Qarayeva Elmira Fərrux qızı şirin dili ilə məni dilə tutaraq iş qurmaq adı altında pul lazım olduğunu söylədi və ona kredit götürmək üçün əmlak və mülk sənədlərini verməmi xahiş etdi. Qarayeva Elmira şirkət qurmaq üçün əlaqəli insanların olduğunu deyərək bir neçə adamı mənimlə tanış etdi. Uzun get-gəldən sonra Cəlilova Zümrüd adlı bir qadın da bu işlərin arasında peyda oldu. O qədər mənim səmimiyyətimdən, sadəliyimdən istifadə edərək evimin sənədlərini banklara girov qoymaq üçün etibarnaməni aldılar. Hər şey bundan sonra başladı.
Mənə maddi-mənəvi zərərlər verən şəxslər bu günə qədər yaşamağa imkan vermirlər. Mütəşəkkil dəstənin təşkilatçısı olan bütün var-dövlətimi əlimdən alan Elmira Qarayeva və havadarları olan bəzi cinayətkarlar və onu müdafiə edərək zərərçəkmiş şəxs qismində təqdim edən orqanlar, bu cinayətkar dəstənin arxasında olduğunu sübuta yetirdilər. Məni cinayətkar, təqsirkar edib ləkələməklə vəzifələrindən sui-istifadə edib, azadlıqda yaşamağıma imkan vermirlər. Mən bəraət qazanmışamsa bu onları qane etmir. Yenə illər keçməsinə baxmayaraq məni və ailəmi qarabaqara izləyir, addımbaşı xəbərlər göndərir, təhdid edirlər. Bütün var-dövlətimi əlimdən alan Elmira və onun havadarlarını narahat edən odur ki, haqq öz yerini tapıb. Mən azadlıqdayamsa, ola bilər Elmiranın talan edib ələ keçirdiyi 3(üç ) milyon pulun üstü açıla bilər və onun mən və mənim kimi insanların yumşaq xarakterindən istifadə edib talan etdiyi insanlardan aldığı malının-mülkünün üstü açıla bilər. Onlar bu şübhələrə dair yeni planlar qurur, mənim olan”“olmaz , oğul-qızlarıma məxsus olan mülkü də ələ keçirmək haqqında hiylələr qururlar. Evimdə ailə üzvlərimin, hətta körpə nəvələrimin belə həyatı təhlükə altındadır. Çünki belə mənfur xislətli insanlardan hər şey gözləmək olar. Odur ki, Sizdən xahiş edirəm, mənim və ailə üzvlərimin təhlükəsizliyini şəxsən özünüz nəzarət altına alasınız. Çünki artıq gözüm qorxub bu şəxslərdən. Ona görə ki, bu insanlar pula hər şeyi qurban verə bilərlər. Xahiş edirəm köməklik edin.
Hörmətlə: Qədəm Mehbalı qızı





























































































