Təqsirləndirilən şəxslərin cəzası açıqlanıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində tamah məqsədi ilə həkimi öldürməkdə təqsirli bilinən Yasin Ərəbov, Koroğlu Məmmədov və Türkan Bağırlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda müttəhimlər Koroğlu Məmmədova 15 il, Yasin Ərəbova 15 il, Türkan Ağayevaya isə 14 il azadlıqdan məhrumetmə cəzası verilib.
Qeyd edək ki, 1977-ci il təvəllüdlü Həmişəyev Cavid Zaməddin oğlunun meyiti ötən il mayın 25-də paytaxtın Nərimanov rayonu, Həsən Əliyev küçəsi, ev 92, mənzil 8 ünvanında aşkarlanıb.
C.Həmişəyev Tibb Universitetinin tərkibində fəaliyyət göstərən müalicə klinikasının kardiologiya şöbəsinin müdiri işləyib. Onun qətlə yetirildiyi ev də yaşadığı mənzil olmayıb. Həkim bu mənzili dostları ilə birlikdə kirayələyib.
Araşdırmalar zamanı məlum olub ki, C.Həmişəyev mənzildə tez-tez qadınlarla görüşüb. Budəfəki görüş isə acı sonluqla nəticələnib. C.Həmişəyevin meyiti evdə aşkarlanıb, onun şəxsi əşyaları, hətta paltarları da evdə tapılmayıb.
Hüquq-mühafizə orqanları C.Həmişəyevə məxsus 90 NU 363 dövlət nömrə nişanlı “Mercedes MLK” markalı avtomobilin də yerində olmadığını müəyyənləşdirib. Elə gecə saat 2 radələrində də avtomobil paytaxtın 20 Yanvar dairəsi yaxınlığında saxlanılıb.
Maşında olan Türkan Ağayeva, Yasin Ərəbov və Koroğlu Məmmədov həbs ediliblər. Onlar ilkin ifadələrində C.Həmişəyevi tamah məqsədilə qətlə yetirdiklərini etiraf ediblər.


































































































