Moderator.az-a bir oxucumuz tərəfindən şikayət məktubu daxil olub və materialın lazımi ünvanlara çatması üçün onun sayta yerləşdirilməsi xahiş olunur:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Surəti: Azərbaycan Respublikasının Ədliyyə Naziri,
Məhkəmə-Hüquq Şurasının sədri
cənab Fikrət Məmmədova
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi
R.Mustafayevin icraatında keçmiş həyat yoldaşım və
atası tərəfindən verilən mülki iş üzrə ilkin
iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə isə iddiaçı
olan Muradov Fərid Məmmədfariq oğlu tərəfindən
(ünvan, Bakı şəh., Yasamal ray., Yasamal Yaşayış massivi,
Əsəd Əhmədov küçəsi, ev 2, mənzil 54)
Ə R İ Z Ə
(2006-cı ildə Bakı şəhəri Yasamal rayonunda aldığım mənzildə müqavilə
ilə yaşamağımı və 2013-cü ildə isə Yasamal rayonuna qeydiyyata
düşməyimi nəzərə alınaraq işin baxılmasının aidiyyəti üzrə Bakı şəhəri
Yasamal rayon Məhkəməsinə göndərilməsi barəsində)
Cənab Prezident!
Cənab Məhkəmə-Hüquq Şurasının sədri!
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən 25 iyul 2014-cü il tarixində barəmdə qaldırılan mülki iddia üzrə xəbərim və iştirakım olmadan verilən məhkəmə qətnaməsi məni məcbur etdi ki, ikinci dəfə Sizə bu formada müraciət edəm. 2 il qabaq qaldırılmış bu məhkəmə iddiası üzrə gəzən şaiyələrə əsasən keçmiş qayınatam Talıbov Heybət məni cəzalandırmaq məqsədilə Rusiya vətəndaşı olaraq orada yaşasa da, tez-tez Azərbaycana gələrək dil tapdığı məhkəmələr vasitəsi ilə məndən xüsusilə külli miqdarda pul qopartmaq istəyir. Bu pulları o, hələ 2011-ci ildə onun qızı ilə olan nigahımıza xitam verilərkən Yasamal Rayon Məhkəməsi vasitəsi ilə nigaha girməzdən 4 il qabaq aldığım mənzili məndən almaq yolu ilə ilə qopartmaq istəyirdi. Lakin Yasamal Rayon Məhkəməsi verdiyi qətnaməsində həmin məsləyə toxunaraq bildirmişdir ki, həmin pullar nigaha qədər xərcləndiyi üçün, mənzili birgə nigah dövründə əldə olunan mənzil hesab edilməsinə əsas vermir. Ona görə də məhkəmə onun qızının adından verilən bu tələbi rədd etmişdir.
Lakin inadından əl çəkmək istəməyən qayınatam bu barədə 2012-ci ilin avqust ayında özünün və qızının adından Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə ünvanlanan iddia ərizəsi 2013-cü ilin əvvəllərində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində icraata götürülmüşdür. Həmin mülki iş üzrə 01 aprel 2013-cü il tarixində Qaradağ Rayon Məhkəməsində keçirilən hazırlıq içlasında mən aidiyyət məsələsinin pozulmasını əsas gətirərək, işin Yasamal Rayon Məhkəməsinə göndərilməsi barəsində vəsatət qaldırdım. Görünür, işə baxmağın ciddi marağında olan Qaradağ Rayon Məhkəməsi həmin vəsatətimi təmin etməyərək işi Bakı Apellyasiya Məhkəməsinə göndərdi. Əsas da onu gətirilmişdir ki, mən Yasamal rayonunda yaşasam da şəxsiyyət vəsiqəm üzrə qeydiyyatda Qaradağ rayonunda olduğum üçün həmin mülki işə Qaradağ rayonunda baxılmalıdır. Qəribə də olsa Bakı Apellyasiya Məhkəməsi də şikayətimi təmin etmədi. Mən həmin Qərardaddan həm şikayət verdim, həm də formal şəkildə qeydiyyatda durduğum Qaradağ rayon ərazisindən qeydiyyatdan çıxaraq Yasamal rayon ərazisində qeydiyyatda durdum. Ona görə də Ali Məhkəməyə şikayət verəndə mən artıq Yasamal rayonunda qeydiyyatda idim. Lakin bütün bunlara baxmayaraq Ali Məhkəmədə mənə bildirdilər ki, siz indi Yasamal rayonunda qeydiyyatda olsanız da, 1-ci instansiya məhkəməsi tərəfindən verilən və sizin tərəfinizdən kassasiya şikayəti verdiyiniz Qərardad verilən vaxtı siz Qaradağ rayonunda qeydiyyatda olmusunuz. Ali Məhkəmə də indi sizin harada qeydiyyatda olması faktına yox, həmin vaxtı verilən Qərardadın verilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulması hallarını yoxlayır. Həmin vaxtı da sizin Qaradağ rayonunda qeydiyyatda olmağınız təsdiq edir ki, 1-ci instansiyası məhkəməsi həmin qərardadı verərkən qanun pozuntularına yol verməmişdir. Sizin hal-hazırda Yasamal rayonun ərazisində qeydiyyatda olmağınıza gəldikdə isə, həmin məsələni siz qeydiyyat əsasında yenə də işə mahiyyəti üzrə baxılan vaxtı 1-ci instansiya məhkəməsində vəsatət şəklində qaldıra bilərsiniz. Bu hal işin faktiki halına aid olduğu üçün, buna hüquqi qiymətin verilməsi 1-ci instansiyası məhkəməsinin səlahiyyətinə aiddir. Mən də sözün əsl mənasında hüquqa və məntiqə uyğun gələn tövsiyələrə inanaraq işin mahiyyəti üzrə baxılmasını gözləməyə başladım. Lakin aradan bir az keşdikdən sonra bu iş barəsində hələ ilk günlərdə Qaradağ rayon məhkəməsindən eşitdiyim müəmmalı şaiyələr barəsində şübhələrim daha da artmağa başladı. Beləki, eşitdiyimə görə, Qaradağ Rayon Məhkəməsində kimsə bu iş barəsində 3000 (üç min) manat pul alıb və nəyin bahasına olursa-olsun qarşı tərəfin xeyrinə Qətnamə veriləcəkdir. Daha qəribəsi də odur ki, həmin şaiyələrdə həm deyilirdi ki, məhkəmə yenidən mənim aidiyyət məsələsinin mübahisələndirilməyimdən ehtiyat edərək Qətnaməni mənim iştirakım olmadan verəcəkdir. Mən əvvəl bu şaiyələrə inanmasam da, hər ehtimala qarşı. ehtiyat variant kimi, 09.07.2014-cü il tarixində Dövlət hakimiyyətinin bir qolu olan Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına və hakimlərin qanunlarımıza riayət edilməsinə nəzarət edən orqan olan Məhkəmə-Hüquq Şurasının sədri cənab Fikrət Məmmədova ərizə ilə müraciət etdim. Ərizənin surətlərini Qaradağ Rayon Məhkəməsinin sədri cənab A.Kazımova və işə baxan hakim cənab R.Mustafayevə də göndərdim ki, görmək istədiyi qanunsuz işinin məsuliyyətinə dərk etsinlər, Prezidentdən və Məhkəmə-Hüquq Şurasının sədrindən çəkinərək belə qanunsuzluqlara getməsinlər. Ən azından fikirləşirdim ki, bu formada etdiyim müraciətlərimdən sonra məhkəmə iclasında iştirakım təmin olunmadan Qətnamə verilməyəcəkdir. Görünür nəfslərinin qurbanına çevrilən Qaradağ Rayon Məhkəməsinin sədri A.Kazımovun və işə baxan hakimi R.Mustafayevin gözlərini dünya malı elə tutmuşdur ki, Prezidentə və Məhkəmə-Hüquq Şurasına ünvanlanan ərizə belə, onların gözlərini aça bilməmişdir.
Belə ki, məhkəmə Qətnaməsi verilməzdən 16 gün qabaq göndərdiyim həmin ərizələrə cavab gözlədiyim halda, 30 iyul 2014-cü il tarixində (?!) 25 iyul 2014-cü il tarixində bu iş barəsində keçiriləcək məhkəmə iclası barəsində bildiriş aldım. Fikirləşirdim ki, bildirş mənə 30 iyul 2014-cü il tarixində çatdığı üçün, 25 iyul 2014- il tarixinə təyin olunan məhkəmə iclası təxirə salınacaqdır. Çünki ən azından hakim məhkəmə iclası keçirən zaman göndərilən bildirişlərin tərəflərə çatıb-çatmamasını yoxlamalıdır. Lakin sonralar mən məhkəmə iclasının vaxtı ilə maraqlanmaq istəyəndə, mənə məhkəmə bildirişi əvəzinə, iştirakım və xəbərim olmadan qarşı tərəfin xeyrinə verilən məhkəmə qətnaməsini təqdim etdilər. Ən qəribəsi də odur ki, 25 iyul 2014-cü il tarixində məhkəmə Qətnaməsi adı ilə verilən həmin sənəddə göstərilmişdir ki, guya mən cavabdeh kimi nümayəndəm ilə birlikdə 25 iyul 2014-cü il tarixində məhkəmə Qətnaməsi verilən məhkəmə iclasında iştirak etmişəm. Halbuki yuxarıda göstərdiyim kimi, həmin məhkəmə iclasından mənim xəbərim belə olmamışdır. Bu iş barsndə də yuxarıda göstərdiyim kimi, mahiyyəti üzrə baxılmasında 1 dəfə, 01 aprel 2013-cü il tarixində keçirilən məhkəmənin hazırlıq iclasında iştirak etmişəm.
Cənab Prezident!
Cənab Məhkəmə-Hüquq Şurasının sədri!
Düzü, mən məhkəmə hakimiyyətində təmsil olunan hakimlər tərəfindən belə kobud özbaşınalıqlara yol verilməsinə inanmazdım. Ona görə də bu iş barəsində eşitdiklərimi ağlabatmaz şaiyələr hesab edirdim. Lakin çox təəssüflər olsun ki, aidiyyətli məhkəmə hakimləri özləri hərəkətləri ilə sübut etdilər ki, eşitdiklərim şaiyələr deyilmiş və hamısı da həqiqət imiş. Həqiqətən dəhşətdir ki, Rusiya vətəndaşı olan keçmiş qayınatam Talıbov Heybət Rusiyada kaloniyalarda işlədiyi vaxtlarda yığdığı pulun vasitəsi ilə nəfsləri ac olan məhkəmə hakimlərinin vasitəsi ilə Xəbərim və İştirakım olmadan məhkəmələr təşkil edir və mənim xüsusilə külli miqdarda çərimə olunmağım barəsində Qətnamələr alır.
Daha dəhşətlisi odur ki, mən də qayınatamın həmin iddiasına qarşı toya qədər hədiyyə şəklində qız üçün xərclədiyimiz 13.000 manat pulun qaytarılması barəsində iddia qaldırdım. Əgər məhkəmə həqiqətən ədalətli məhkəmə olsaydı onu da təmin edərdi. Lakin bu barədə heç bir danışıq və şaiyə olmadığı üçün məhkəmə onu təmin etməmişdir.
Bütün bunları nəzərə alaraq xahiş edirəm bu qanunsuz qərarın verilməsində iştirak edən bütün hakimlərin cəzalandırılması və bu iş barəsində ədaətli məhkəmə araşdırmalarının aparılmasına göstəriş verəsiniz.
İmza: Muradov Fərid Məmmədfariq oğlu
Ünvan: Bakı şəhəri, Yasamal r., Yasamal Yaşayış massivi,
Əsəd Əhmədov küçəsi, ev 2, mənzil 54
































































































