Qətlə yetirilən "Qarant-Sığorta" işçisinin ailəsi etiraz edir

Hazırda oxunan: Qətlə yetirilən "Qarant-Sığorta" işçisinin ailəsi etiraz edir

50456
Iyulun 11-də Nəsimi rayonundakı mənzilində qətlə yetirilən “Qarant Sığorta” ASC-nin idarə heyətinin üzvü Natəvan Əliyevanın yaxınları mərhum barəsində bəzi mətbuat orqanlarında onun barəsində həqiqətəuyğun olmayan və həqiqətdən çox-çox uzaq, spekulyativ xarakterli  yazılardan narazıdırlar. 

N.Əliyevanın bacısının həyat yoldaşı Əli Məmmədov Moderator.az açıqlamasında deyib ki, yaxını  haqqında “Yeni Müsavat” qəzetində dərc olunan məlumatlara öz kəskin etirazını bildirib və bunu etikaya uyğun olmayan, bir insana qarşı yalan və iftira dolu  bir yazı olduğunu deyib.
 
Qeyd edək ki, qəzetdə Natəvan Əliyevanın “Qarant Sığorta” ASC-nin rəhbəri Anar Məmmədovla yaxın münasibətlərinin olmağına eyham vurulub. Həmçinin qeyd olunub ki, mərhum Natəvan Əliyeva qısa müddətdə şirkətin idarə heyətinin üzvü vəzifəsinə irəli çəkilib, bahalı ev alıb və həmçinin ölümündən bir neçə gün öncə dost-tanışla ünsiyyətdən qaçıb. 
Əli Məmmədov isə bunu təkzib edərək bildirdi ki, qəzetdə yazılan faktların heç biri həqiqəti əks etdirmir. 
Altı ildir Natəvan Əliyevanın bacısı ilə ailəli olduğunu deyən Ə. Məmmədovun sözlərinə görə, Natəvan xanım  “Qarant Sığorta” ASC-da işləyənədək digər sığorta şirkətində, daha doğrusu, uzun müddət MBAX sığorta şirkətində çalışıb və o zaman heç “Qarant Sığorta” şirkəti fəaliyyət göstərməyib. “Bu şirkət yarandıqdan sonra isə baldızım Natəvan xanıma bu şirkət tərəfindən təklif olub və o da bununla razılaşıb və burada qeyri-adi heç nə yoxdur. Yəni hər bir insan  karyera əldə etmək və daha sərfəli təkliflər olanda onu dəyərləndirir. Bu baxımdan Natəvan xanım da  ona edilən  təklif  daha sərfəli olduğu üçün qəbul edib və ilk gündən bu şirkətdə işə başlayıb. Yaxşı işlədiyinə görə “Qarant Sığorta” ASC-yə dəvət olundu və şöbə müdiri kimi işə başladı. Onun şirkətdə İdarə heyətinin üzvü seçilməsi isə onun bilik  və bacarığı hesabına olub.  Belə ki, uzun müddət bu sahədə çalışdığından təcrübəli olub və bir də  rəhbər seçkili orqanlara seçilərkən imtahan verib.  Digər tərəfdən, o bu müddət ərzində üç ixtisasartırma kursunda iştirak edib. Üç ildən sonra Zərərlərin Tənzimlənməsi Departamentinə rəhbər seçilib. Orda da özünü peşəkar cəhətdən göstərdiyinə görə iki il əvvəl imtahan verərək qurumun idarə heyətinə üzv seçilib. Həmin imtahana bir il hazırlaşmışdı”. 
Əli Məmmədov baldızının “Qarant Sığorta” ASC-nin rəhbəri Anar Məmmədovla yaxın münasibətlərinin olması barədə yazılanlara da aydınlıq gətirib və bunun həqiqəti əks etdirmədiyini və bunu iftira adlandırıb: “Qəzetdə yazılır ki, son bir neçə ayda idarə heyətinin üzvü olub. Hətta idda olunur ki, Natəvan Anar Məmmədovun yaxın tanışı olub. Bu adam Anar Məmmədovun üzünü tədbirdən tədbirə görüb. Heç ünsiyyətləri olmayıb. Çünki orda bütün işləri aparan Natəvan yox, İdarə Heyətini sədridir. Yazıda qeyd olunur ki, son on gündə yaxın çevrəsindən uzaqlaşıbmış, sosial şəbəkədə profilini bağlayıbmış. Bu da yalandır. Bu dəqiqə də onun profili açıqdır, dostlarıyla münasibəti vardı. Ölümündən bir neçə gün əvvəl bizimlə kinoya da getmişdi”.

Onun ev alması ilə bağlı məsələyə aydınlıq gətirən Ə.Məmmədov dedi ki, Natəvan Əliyeva 6 il əvvəl ipoteka ilə özünə Nəsimi rayonu ərazisində, “Dostluq” kinoteatrının yaxınlığında bir otaqlı mənzil alıbmış. “Həmin mənzilə görə isə ayda 380 manat kredit ödəyirdi. Hələ dörd il krediti qalmışdı. Özü ayda 400 manat ödəyirdi ki, ödəniş tez qurtarsın. Bu qəzet camaatın dərdiylə özünə reytinq qazanmağa çalışıb.”

Məmmədov onu da əlavə etdi ki, bu insanlığıa sığmayan bir hərəkətdir: “Yəni  bir insanın faciəsini şişirdib onun  yaxınlarının hissi ilə oynayasan. Hələ bu azmış kimi bu faciədən istifadə edib digərlərini ləkələməyə çalışasan.  Bu nə peşə etik qaydalarına, nə də insanlığa sığan bir hərəkətdir.”
Ə. Məmmədov mərhumun valideynləri haqqındakı informasiyaları təkzib edərək deyib ki, onun  atası dənizçi,  deyil, neft sahəsi üzrə mühəndis-geoloq və üç ildir ki, yataq xəstəsi kimi insultdan əziyyət çəkir, anası isə  tibb bacısı yox, sahə həkimi olub.
 Amma Əli Məmmədov istintaqın gedişi barədə də danışıb və bildirib ki, istintaq onlara lazım olan dəlil-sübutu təqdim edib: “İş hazırda Bakı Şəhər prokurorluğundadır. Bizə o qədər ətraflı dəlil və sübutlar təqdim edilib ki, qətlin məhz Natəvanın evində işləyən usta Tərlan Tahirov tərəfindən törədildiyinə əminik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin