Hakim ailə adından sui-istifadə edilən tükürpədici cinayət

Hazırda oxunan: Hakim ailə adından sui-istifadə edilən tükürpədici cinayət

44635
Moderator.az-ın poçtuna bir tükürpədici şikayət məktubu daxil olub. Məktub müəllifi Səltənət Rzayeva başına gətirilənlərlə bağlı məhkəmə qapılarında qalıb. Onun Səbail rayon məhkəməsinə ünvanladığı iddia ərizəsini oxucularda dolğun fikir formalaşması üçün ixtisarla təqdim edirik:
“Bu ilin mart ayında tanımadığım bir şəxs mənə məlum olmayan mənbədən mənim və digər ailə üzvlərimizin ev və mobil telefon nömrələrini əldə edərək, telefonla mənə zəng edib,  Səbail rayonu, Zeynalabdin Tağıyev küçəsi, ev 12- də yerləşən mənə məxsus evləri almaq istədiyini bidirdi. Mən evlərimi satmaq niyyətimin olmadığını dedim və dəstəyi asdım. Sonradan həmin telefon zəngləri daha intensiv xarakter aldı və  həmin şəxs mənə bildirdi ki, ona tək mənim evimi deyil, bütün binanı almaq tapşırığı verilib. Bildirdi ki, sizin bina dövlət ehtiyacı üçün alınır və məsləhət bildi ki ona əlavə problem yaratmadan evlərimi ona satım, yoxsa . bildirdim və xahiş etdim ki, bir daha məni narahat etməsin. Bundan sonra həmin adam,  yəni  Əmircanov Abdulla Hüseyn oğlu mənimlə görüşərək, əvvəlcə məni evlərimi satmaq üçün razı salmağa çalışdı. Bunun bir nəticə verməyəcəyini görüncə, məni ......hədələməyə başladı və bildirdi ki, .....ona nəyin bahasına olursa olsun bizim evləri almağı tapşırıb.(iddia ərizəsində ölkənin ən məhşur soyadına aid bir məhşur şəxsin adı çəkilir və Əmircanovun da məhz həmin əlahəzrətin adından vətəndaşı hədələdiyi iddia olunur, amma bəlli səbəblərdən bunu yazmağa lüzum görmürük, təbii ki, söhbətin kimlərdən getdiyi hər kəsə aydın olar...)   
Mən ondan qorxmadığımı bildirəndə, mənə rişxəndlə gülərək bildirdi ki, hər kəsin qorxduğu bir şey əlbəttdə ki var. Bildirdi ki, onun adamları məni və ailə üzvlərimi daim izləyir və dediyinin sübutu kimi bizim evin həndəvərində quraşdırmış olduğu izləmə kameralarının bir neçəsinin yerini dedi. Əlavə olaraq bildirdi ki, əgər onlarla xoşluqla razlaşmasam ailə üzvlərimin bir daha üzünü görməyəcəm.
...Mən cavabdehə onunla bir şərtlə razılaşacağımı bildirdim ki, əgər həqiqətən də mənim evlərimi mənim iradəm ziddinə almaq onun üçün bu qədər vacibdirsə, onda evlərin real bazar qiymətinə uyğun olaraq dəyəri mənə ödənəcək. 
Mən evlərimin dəyəri kimi 1 000 000 (bir milyon) manat tələb etdim. Cavabdeh Əmircanov Abdulla Hüseyn oğlu isə qiymətdə aşağı düşməyimi istədi və biz son nəticədə  700 000 (yeddi yüz min) manata razılaşdıq. Cavabdeh Əmircanov Abdulla Hüseyn oğlu ilə aramızda razılıq belə oldu ki, həmin məbləğin 500 000 (beş yüz min) manatını rəsmi şəkildə alqı satqı müqaviləsi imzalandığı gün, qalan 200 000 (iki yüz min) manatını isə alqı-satqı müqaviləsi imzalanandan bir həftə sonra mənə şəxsən ödəyəcək.
Mən 21 may 2013-cü il tarixində Bakı şəhəri 46 saylı Dövlət Notariat Kontorunda Əmircanov Abdulla Hüseyn oğlu ilə AN-I seriyalı, 0345423 nömrəli 21 may 2013-cü il tarixli və AN-I seriyalı 0345424 nömrəli eyni tarixli alqı-satqı müqavilələri bağladım. 
Ancaq alqı-satqı müqavilələri bağlandıqdan sonra razılaşdığımız vaxtda cavabdeh Əmircanov Abdulla Hüseyn oğlu həmin 200 000 (iki yüz min) manatı mənə ödəməkdən imtina etdi və yenə də məni hədləməyə başladı.
Bildirirəm ki, həmin inzibati rayonda mənim mübahisəli alqı-satqı müqavilələri üzrə satmış olduğum evlərlə eyni yaşayış sahəsinə və şəraitinə malik evlərin real bazar qiyməti minimum 1 000 000 (bir milyon) manatdır. 
Həmin vaxt mənim yenicə 37 yaşlı oğlumun vəfat etdiyini və bu səbəbdən də vəziyyətimin psixoloji ağır olduğunu cavbdeh Əmircanov Abdulla Hüseyn oğlu bilirdi və mənim həmin vəziyyətimdən də istifadə edərək mübhisəli müqavilənin bağlanmasına nail olmuşdur.
Bir müddət bundan öncə psixoloji vəziyyətim normallaşmış və cavabdehin psixoloji təsirindən tam olaraq çıxmışam. Yalnız indi mənə aydın olub ki, cavabdehlə aramızda bağlanmış alqı-satqı müqaviləsi etibarsızdır."

Redaksiyadan: Biz tam əminik ki, barəsində guya Əmircanov Abdullaya həmin binadakı bütün mənzillərin dəyər-dəyməzinə alınması göstərişini verən nəhayətsiz səlahiyyət sahibinin bu dəhşətdən xəbəri yoxdur və onun adından sui-istifadə edilərək belə tükürpədici cinayətlərə əl atılır. Dəhşət doğuran budur ki, artıq Azərbaycanda halallıq anlayışı ancaq kolbasa məhsullarında istifadə olunan əhəmiyyətsiz bir ifadəyə çevrilib. Bu gün Azəırbaycanda günün günorta çağı vətəndaşın əmlakını elə yağmalayırlar ki, hüquq-mühafizə orqanlarında kimsənin tükü də tərpənmir, biz hələ ruhlarının bu olaydan xəbər "tutmamalarını" demirik. Əlimizdəki bu material təkcə mülki məhkəmənin predmeti deyil, əksinə, gərək indiyədək hətta vətəndaş və onun vəkili hansısa səbəbədən bu barədə polisə-prokurorluğa müraciət etməsəydi belə, məhkəmə iddia ərizəsinə baxan kimi özü bu barədə tədbir görməliydi. Axı burada söhbət quldurluqdan, adam oğurluğuna cəhddən, şantaj etməkdən gedir. Amma kimsənin vecinə deyil, hərə öz hayında və ya kefində...

Qeyd edək ki, hal-hazırda bu işə Apellyasiya Məhkəməsində baxılır, amma bu ölkə vətəndaşının təhlükəsizliyini qorumalı orqanlardan kimsənin xəbəri yox...
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin