Tanınmış hüquqşünas, həbsxanada olan Milli Şura üzvü barəsində qondarma hökm çıxarmış hakim və bütövlükdə ölkədəki məhkəmə sisteminin acınacaqlı durumuyla bağlı Moderator.az-a bir məktub göndərib, onu təqdim edirik:
Əziz həmvətənlər, bir daha öz şəxsi işimlə bağlı yazıb Sizin qiymətli vaxtınızı aldığım, üçün məni bağışlayacağınıza ümid edib, mərhəmətinizə sığınıram. Problemin şəxsi deyil, daha çox ictimai, ümumi olduğunu nəzərə alaraq bunu etməyə məcburam.
Nəsimi
rayon məhkəməsinin “hakim”i Mehdiyev Emin Əlixan oğlu, haqqımda aparılan cinayət
işi üzrə tərtib edilmiş məhkəmə iclas protokolunun başına elə oyun açıb, elə
saxtalaşdırıb ki, bu barədə susmaq mümkün deyil.
Mənim
37 illik vəkillik, nümayəndəlik, hüquqşünaslıq təcrübəm var və ilk dəfədir ki,
belə bir halla rastlaşıram.
Hamının
bilməsi lazımdır ki, məhkəmə iclas protokolu məhkəmə prosesinin aynasıdır və iş
üzrə qəbul edilmiş hökmün qanuniliyi və ədalətliliyi yalnız məhkəmə iclas
protokolunda yazılanlarla yoxlanıla, qiymətləndirilə və əsaslandırla bilər. Mülki
işlərədə də belədir.
Ona
görə də, gələcəkdə tərəflərin istinad etdikləri dəlilləri sübut etmək, əsaslandırmaq
üçün qanunverici məhkəmədə baş verənlərin protokollaşdırılmasını zəruri hesab
edir. Mülki Prosessual Məcəllənin 270-ci
maddəsinə əsasən, “məhkəmə iclasında, habelə məhkəmə iclasından kənar hər bir ayrıca
prosessual hərəkət barədə protokol tərtib edilir”. Bunu təşkil və təmin etmək
isə sədrlik edən hakimin vəzifəsidir - MPM-nin 272.1-ci və CPM-nin 51.2-ci maddələri.
Qanunverici bununla kifayətlənməyib. Gələcəkdə tərəflərin hüquqlarının
pozulmaması, öz hüquqlarını əsaslı surətdə qorumaları və hansısa tərəfin cığallıq
etməsinin qarşısını almaq üçün “protokolla tanış olmaq və onda yol verilmiş
yanlışlıqları və natamamlıqları göstərməklə protokol barədə yazılı qeydlər təqdim etmək” kimi bir
hüquq müəyyənləşdirmişdir. Bu hüquq MPM-nin 273-274-cü, CPM-nin isə 51.7-ci və
91.5.32-ci maddələrində nəzərdə tutulub. Təəssüflər olsun ki, bir çox vətəndaşlarımız
hələ də bu hüquqlarını bilmir, yaxud da bilsələr də, bu hüquqlarından istifadə
etmirlər. Belə olduqda isə “ara xəlvət tülkü bəy” prinsipi ilə hərəkət edən bəzi
hakimlər protokolun başına elə oyun açır ki, gəlcəkdə “Qurandan don da geysən”,
ALLAH da, əstağfurullah, göydən ensə, sən Apellyasiya və Ali Məhkəmə
instansiyalarında, gətirdiyin arqument və dəlilləri sübut edə bilməyəcəksən.
Çünki hakimlər hər dəfə protokolu vərəqləyib deyəcəklər: “hörmətli vətəndaş, sənin
dediklərin bu protokolda yoxdur, sən hansı məhkəmə prosesindən danışırsan?”.
Ona görə də, mənim əziz bacı və qardaşlarım, xanımlar və bəylər ey azərbaycanın
müstəqil olmayan, ancaq siyasi hakimiyyətin əlində qisas, cəza, cinayəti
qanunlaşdırma dəyənəyi olan məhkəmələrin qapısında ömrü kəsilən, həyatı çürüdülən,
əsəbləri pozulan, vaxtı öldürülən, hüquqları qətl edilən həmvətənlərim, birinci
instansiya məhkəməsində sədrlik edən hakim son qərarı elan etməmişdən öncə belə
bir ərizə yazın: “Xahiş edirəm, məhkəmə iclas protokolu ilə tanış olmaq üçün mənə
imkan və şərait yaradın”. Maddələrə istinad etməyiniz vacib deyil.
Yuxarı
da qeyd etdiyim kimi, bu sahədə 37 illik təcrübəm olduğu və bu məhkəmə
sistemini yaxşı tanıdığım üçün mən hələ məhkəmə iclasının gedişində, yəni hökm
oxunana qədər 3 dəfə yazılı ərizə vermişdim ki, məhkəmə iclas protokolu ilə
tanış olmaq üçün mənə imkan yaradılsın. Çünki hələ prosesin gedişində artıq
görürdüm ki, ittiham tərəfinə (Azərbaycanda 1969-cu ildən başlayaraq, xüsusilə
də, son 20 ildə məhkəmələr də ittiham tərəfindən çıxış edirlər) sərf etməyən
ifadələr, məlumatlar, rəqəmlər, eksperetlərin hesablamaları məhkəmə iclas
protokoluna qeyd edilmir. Baxmayaraq ki, mən hər dəfə CPM-nin 91.5.18 və
91.5.19-cu maddələrində nəzərdə tutulan hüquqlarımdan istifadə edərək, sədrlik
edənin və dövlət ittihamçısının hərəkətlərinə etdiyim etirazların, eləcə də
qeyd edilməsini zəruri bildiyim halların protokola daxil edilməsini tələb
edirdim.
Baş
verənlərin məhkəmə səhvi, yoxsa hakim həyasızlığı olmasını Sizinlə birlikdə müəyyənləşdirmək
üçün, hörmətli oxucu, bir faktı və bir də hüquqi məsələni bilməyiniz lazımdır.
Fakt
ondan ibarətdir ki, birinci instansiya məhkəməsində məni Azərbaycanın tanınmış,
təcrübəli 5 vəkili müdafiə edirdi:
- Qasımov
Süleyman Ələsgər oğlu,
-
Mehdiyev Fəxrəddin Məhəddin oğlu,
-
Qasımlı Anar Elman oğlu,
- Bağırov
Xalid Zakir oğlu,
- Əsabəli
Mustafayev.
Vəkillərin
adlarını hökmdə göstərilən ardıcıllıqla yazdım və Əsabəli müəllimin adını burada
yazmaya da bilərdim (???), çünki onun məhkəmədə iştirak etməsinə, mənim müdafiəmdə
müstəsna rol oynadığına baxmayaraq, Emin Mehdiyev onun adını hökmdə ümumiyyətlə
qeyd etməyib.
Məni
də hüquqşünas kimi qəbul etsəz, olarıq: 6.
Bunu
yadda saxlayın: prosesdə 6 nəfər təcrübəli hüquqşünas müdafiə tərəfində, 2 nəfər
isə: prokuror və hakim ittiham tərəfindən çıxış edirdi. Məhkəmə iclas
protokolunu isə Nəsimi rayon məhkəməsinin “hakim”i Mehdiyev Emin Əlixan oğlu tərtib
edibdir.
Hüquqi
məsələ isə ondan ibarətdir ki, CPM-nin 399.1-ci maddəsində nəzərdə tutulan məhkəmə
səhvlərinə yol veriləndə hökm ləğv edilə və ya dəyişdirilə bilər. Bunlar
aşağıdakılardır:
399.1.1
”“ məhkəmənin gəldiyi nəticələr üzrə mühim əhəmiyyət kəsb edən bütün faktiki
halların araşdırılmaması;
399.1.2
”“ məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması;
399.1.3
”“ birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli
olan halların sübuta yetirilməməsi;
399.1.4
”“ cinayət qanunu normasının düzgün tətbiq edilməməsi;
399.1.5
”“ təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun
olmaması.
Başqa
səhvlər də var ki, o səhvlər də iş üzrə apellyasiya şikayətinin və ya
apellyasiya protestinin hərəkətsiz saxlanmasına (CPM-nin 391.4-cü maddəsi),
cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasına (CPM-nin 391.6-cı
maddəsi), apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam
verilməsinə və cinayət işinin birinci instansiya məhkəməsinə qaytarılmasına
(CPM-nin 391.8-ci maddəsi) səbəb olur. Bu səhvləri burada sadalamaqla vaxtınızı
almaq istəmirəm, çünki indi məqsədimiz başqadır. Ancaq qeyd edim ki, bu maddələrdə
nəzərdə tutulan səhvlərin təqribi sayı 24-dür. Bunların sırasında “məhkəmə
iclas protokolunun düzgün tərtib edilməməsi” yoxdur.
Niyə?
Ona
görə ki, səhv: diqqətsizliyin, savadsızlığın, təcrübəsizliyin, tələsgənliyin və
s. bu kimi ”“ qəsdə, niyyətə bağlı olmayan hərəkətin nəticəsidir.
Protokolun
saxtalaşdırılması isə, qəsdin, bilə-bilə qanunu pozmaq niyyətinin nəticəsidir.
Fikir
verin!
Yadınızdadırmı,
yuxarıda qeyd etdim ki, biz 6 nəfər peşəkar hüquqşünas bir tərəfdə, tək Emin
Mehdiyev isə o biri tərəfdə olub. Bu tək adam 6 peşəkar hüquqşünasın, onlardan
5-i Azərbaycan Vəkillər Kollegiyasının üzvləridir, iştirak etdiyi məhkəmə prosesini,
əvvəldən axıradək tərəfimizdən qeydə alınan (yazılı və audio) bir iclasın
protokolunu elə saxtalaşdırıb ki, Sizə yalnız heyrətlənmək qalacaq bunları biləndə.
Mənim
təcridxanada saxlanılmağım barədə son qərarı E.Mehdiyev verib. Yəni bilir və iş
materiallarından görünür ki, mən həbsdəyəm. Sərbəst hərəkət edə bilmirəm və Nəsimi
Rayon Məhkəməsinin binasına gəlib protokolla tanış olma imkanım yoxdur. Mən
oraya hakimin məktubu əsasında etap edilməliyəm, ya məhkəmədən kimsə protokolu
təcridxanaya gətirməlidir, ya da protokolun kserosurətləri poçt vasitəsilə mənə
rəsmi qaydada təcridxananın dəftərxanası vasitəsilə təqdim edilməlidir. Mən də
onu oxuyub CPM-nin 51.7-ci maddəsində göstərildiyi 3 gün müddətində (əslində bu
müddət olduqca azdır və qanunverici bu müddəti 10 günədək artırmalıdır) qeydlərimi
verməliyəm.
İndi
Siz görün, bu hakimciyəz nə oyun çıxarır?
Mən
ona ərizə yazıram: “Xahiş edirəm, məhkəmə iclas protokolu ilə tanış olmaq üçün mənə
imkan yaradasınız”.
O,
mənə 16 dekabr 2013-cü il tarixli məktubunda yazır: “Sizin CPM-nin 51.7,
91.5.32 və 92.9.8-ci maddələrinə əsasən, məhkəmə iclas protokolu ilə tanış
olmaq və qeydlər vermək hüququnuz var”.
Mən
yenə ona və Ədliyyə Naziri F.Məmmədov cənablarına, Məhkəmə Hüquq Şurasına və
Ombudsmana yazıram: “CPM-nin 51.7 və 91.5.32-ci maddələrinə əsasən, xahiş edirəm
...”.
O,
mənə 20 dekabr 2013-cü il tarixli məktubunda təkrar yazır: “CPM-nin 51.7,
91.5.32 və 92.9.8-ci maddələrinə əsasən ... hüququnuz var”.
Mən
ona və əlaqədar orqanlara yenə yazıram: “..... mən bilirəm hüququm var, Siz də
bilirsiniz ki, mənim hüququm var. Di, tanış edin daa bəə”.
Emin
Mehdiyev susur. Saxlandığım kameranın daşlarından, divarlarından səs çıxır,
ondan yox. Ədliyyə naziri, Məhkəmə Hüquq Şurası, Ombudsman nə düşünür bilmirəm.
Emin
Əlixan oğlu isə, məhkəmə iclas protokolunu vaxtında (!!!) mənə təqdim etməkdən
yayınır, dartınır, uzadır, süründürür, burcudur.
Vaxt
barədə.
CPM-nin
51.7-ci maddəsində deyilir ki, protokol “sədrlik edən və məhkəmə iclasının
katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində
imzalanır”.
Mənim
hökmüm 06 dekabr 2013-cü ildə elan edilib, deməli, 09 dekabrda protokol hazır
olmalı idi. Hazır olubmu? Bilmirəm! Bu, sirr olaraq qalır!
Müdafiəçim
Süleyman Qasımov özünün israrlı tələbləri ilə, nəhayət ki, 26 dekabr 2013-cü
ildə protokolun “qaralamasını” Emin Mehdiyevdən alır və təcridxanaya mənə gətirir.
Protokolu
oxuyanda mən, sadəcə olaraq, öncə heyrətə, sonra dəhşətə, daha sonra isə riqqətə
gəldim.
Riqqətə
gəldim çünki, bu hakimin özünü öz əli ilə saldığı vəziyyətə təəssüf etdim, ona
acıdım, yazığım gəldi.
Heyrət
və dəhşətin səbəbləri isə Sizi də düşündürəcək.
1.
Bir hüquqşünas 6 hüquqşünası aldatmağa, ələ salmağa cəhd edib.
2.
Protokol elə həcmdə saxtalaşdırılıb ki, ona qeydlər verməklə, məhkəmə iclasının
əsl gedişi barədə tam və obyektiv təəssürat yaratmaq mümkün deyil.
3.
Protokol yenidən yazılmalıdır.
4.
Mən protokola 116 bənddən ibarət 57 səhifəlik qeyd yazmağa məcbur oldum.
5.
Məhkəmədə 2-3 gün ardıcıl dindirilən
şahid və ekspertin ifadələrinin birinci günü qismən qeyd edilib, qalan günlər
yerli-dibli protokolda yoxdur. Sanki, həmin
gün həmin şahid dindirilməyib.
6.
Məhkəmədə ifadə verən zərərçəkmişin, şahidlərin (nədənsə, ekspertlər də şahid
kimi göstərilib protokolda) və ekspertlərin ifadələri və cavabları protokola
yazılmayıb. Əvəzində, istintaqda yazılmış ifadələr və cavablar protokola
mexaniki olaraq “copy past” üsulu ilə atılıb və bu da, gülməli nəticələr yaradır.
Cavabların çoxu suala uyğun deyil.
7.
Mənim hakimin, prokurorun hərəkətlərinə etirazlarım protokolda yazılmayıb.
8.
Vəkillərin sualları, alınan cavablar, hətta vəkillərin iştirakı belə bəzi günlərdə
qeyd edilməyib.
9.
Mənim öz adımdan yalanlar yazılıb.
10.
Məhkəmənin gedişində verilmiş şifahi və bəzi yazılı vəsatətlər ümumiyyətlə
protokola daxil edilməyib.
11.
Məhkəmə prosesində audio qeydə icazə verilməsi barədə məhkəmənin qərarı
protokola salınmayıb.
12.
04 dekabr 2013-cü il tarixli məhkəmə iclasını 2 saat əvvəl, üzürlü səbəbdən və
mənim xahişimlə (sübut toplanmalı idi) tərk edən müdafiəçimin adından, guya
“istintaqın yekunlaşdırılması barədə” prokurorun vəsatətinə razılıq verməsi və
mənim də razı olmağım barədə protokola qeydlər daxil edilib. Halbuki, tam əksi
olub məhkəmədə. Hətta yazılı etirazımızı təqdim etmişik və iş materiallarına əlavə
edilib.
13.
Son sözdən sonra “hökmün layihəsi”ni və hökm elan ediləndən dərhal sonra
Apellyasiya şikayətini məhkəməyə təqdim etməyim barədə, vəkillərin məhkəmə
çıxışları protokola daxil edilməyib.
Bir
sözlə, tapşırılmış hökmü çıxarmaq üçün, Emin Mehdiyev hökmə uyğun protokol
yazıb, məhkəmə iclas protokolu əsasında hökm yox!
İndi
Sizə aydın oldumu ki, niyə protokol vaxtında mənə verilməyib? Tələsməyin, tam
aydın deyil hələ. Məsələ burasındadır ki, həmin hökmdən apellyasiya şikayətinin
20 günlük müddəti 26 dekabrda bitirdi və iş Apellyasiya instansiyasına göndərilməli
idi. Emin “kişi” guya ağıl işlədib, əməliyyat cızıb ki, protokolu
saxtalaşdırması barədə biz vaxtında məlumat ala bilməyək, biləndə də “iş-işdən
keçmiş olsun”, yəni işi elə o vəziyyətdə Apellyasiya məhkəməsinə göndərə bilsin
və biz bu qanunsuzluğu qanunda nəzərdə tutulan qaydada sübut edə bilməyək. Yəni
CPM-nin 51.7-ci maddəsində nəzərədə tutulan 3 günlük prosessual müddətin bizim
tərfimizdən ötürülməsi üzürsüz hesab edilsin və “Qeydlər” qəbul edilməsin,
onlara baxılmasın. Axı 29 dekabr 2013-cü il axırıncı iş günü idi.
Görünür,
E.Mehdiyev CPM-nin, “müddətlərin hesablanması” adlı, 202-ci maddəsini diqqətlə
oxumayıb. Mən “Qeydlər”in bir hissəsini vəkilim vasitəsi ilə 28 dekabrda poçta,
bir hisəsini isə 29 dekabrda təcridxananın müdiriyyətinə təqdim etmişəm. Yəni
müddəti buraxmamışam və hələ də məhkəmə iclas protokolları tam şəkildə və
tikilmiş, səhifələnmiş qaydada mənə təqdim edilməyib.
Keçən
ilin son günündə isə xəbər aldım ki, mənim onun saxta protokollarına verdiyim
“Qeydlər”ə CPM-ə uyğun qaydada baxmadan, Emin Mehdiyev cinayət işini Apellyasiya
məhkəməsinə göndərib. Çünki vəkillərimi 26 dekabrdan sonra təcridxanaya mənimlə
görüşə buraxmırlar ki, iş Apellyasiya instansiyasındadır, yəni order təqdim etmək
lazımdır.
İndi
Siz deyin: Nəsimi rayon məhkəməsinin hakimi Mehdiyev Emin Əlixan oğlunun bu hərəkətləri
məhkəmə səhvidir, yoxsa HAKİM HƏYASIZLIÄžIDIR?
İndi
söz məhkəmə-hüquq şurasınındır. Əgər bu ölkədə qanunlar işləyirsə.
P.S.
Əziz
həmvətənlər, 6 peşəkar hüquqşünasa, rəsmi vəkil statusu olan 5 şəxsə qarşı Azərbaycan
məhkəmələrində bu səviyyədə, açıq şəkildə belə həyasızlıq, qanunsuzluq edilirsə,
görün Sizin və balalarınızın başına nələr açılır, nələr gətirilir?!
Hamınıza
müraciət edirəm: məhkəmə iclas protokolu ilə tanış olmamaq, öz hökmünü öz əli
ilə yazmaq deməkdir. Mütləq protokolu oxuyun, yoxlayın və zəruri qeydlərinizi məhkəməyə
təqdim edin.
Zaman
gəlcək, o saxtakar hakimlərə qarşı CM-nin 295-ci maddəsi ilə, “bilə-bilə ədalətsiz
hökm, qətnamə, qərardad və qərar çıxarma” cinayətinə görə məhsuliyyət elan ediləndə,
bu “Qeydlər” mötəbər sübutlar kimi istifadə olunacaqdır.
Məmmədov Qurban Cəlal oğlu




























































































