Mühacirətdə yaşayan və hacı İbrahim nehrəmli ilə aralarında olan münaqişə üzündən ölkəni tərk etmək məcburiyyətində qalan qazaxlı iş adamı Elşad Məmmədov Moderator.az vasitəsilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general - leytenant Mədət Quliyevə aşağıdakı məzmunda müraciət ünvanlayıb:
"Cənab general - leytenant!
Hər şeydən öncə yeni görəvinizdə Sizə uğurlar arzulayaraq üzləşdiyim bir problemdə yardımçı olmağınız üçün Sizə müraciət edirəm. Belə ki, hər zaman "burda mənəm, Bağdadda kor xəlifə" məntiqiylə Azərbaycanda hökmranlıq edən oliqarx, ilin iş adamı elan olunsa da əslində ilin fırıldaqçısı kimi ad çıxaran Hacı İbrahim Nehrəmli haqda ciddi tədbir görməyinizi xahiş edirəm. Əminəm ki, onun kimliyi barədə sizdə müfəssəl məlumat var və bildirmək istəyirəm ki, bu cür qaranlıq bioqrafiyalı bir adam haqqında bu günədək ölçü götürülməməsi bir çox xoşagəlıməz halların yaşanmasına rəvac verdi və hələ də verməkdədir.
Məlumat üçün qısaca bildirim ki, mən 2012 ci ilin fevral ayında İbrahim Nehrəmliyə məxsus "AVESATA" şirkətinə qaxil olan "Həsən-96" MTK-dan iki mənzil alaraq hər iki mənziulin dəyərini də nəğd şəkildə ödəmişəm. Əlimdə bununla bağlı kassa qəbzlərim və maliyyə arayışım var. İbrahim Nehrəmli bacanagı Emil Tağıyevi həmin "Həsən-96"MTK şirkətinə sədr təyin edib mənim kimi sadə vətəndaşları dələduzluq və hədə-qorxu yolu ilə soyublar. Bu işdə həmin şirkətin şöbə müdiri Zülü İsgəndərov da var. Məndən 355 min manatı şəxsən Zülü alıb ,,AVESTA" şirkətinin baş ofisində. Mən haqqımı tələb etdikcə İbrahimin mühafizəçiləri mobil telefonuma açıq nömrədən zəng vuraraq məni dəfələrlə ölümlə hədələyib.
Bir gün şöbə müdiri Zülü İsgəndərov özü mənə zəng vurdu ki, Hacı İbrahim səninlə görüşmək istəyir, gəl "Xəzər adaları"na. Mən də razılaşdım və səhəri gün dostumla adaya gəldim. Adaya girdikdə mühafizəçilər bizi 3 postda yoxladılar. Ən son adadakı ofisinin qarşısında 3 mühafizəçisi məni ayaqqabılarıma kimi soyundurub yoxladıqdan sonra içəri buraxdılar. Mən ofisə girdikdə İbrahim Nehrəmlidən başqa içəridə 10 -adək adam var idi. Mən fikirləşdim ki, yəqin insafa gəlib mənim evlərimi qaytaracaq. Ancaq tam əksi oldu. Mən içəri girən kimi Hacı İbrahim özünü polis rəisi kimi aparmağa başladı:
"Sən kimsən məni mətbuatda biabır edirsən? Sən bilirsən mən kiməm? Sən bilirsən səni nə günə salaram? MTN-ə tapşıracam səni araşdırsınlar görək sən kimsən? Mən dedim ki, mən pul ödəyib aldığım evlərimi tələb edirəm. Axı mənim əlimdə maliyyə arayışı və qəbzlərim var. Bildirdi ki, o sənədələrə çox da bel bağlama, çünki onları verib məhkəmə ilə ləğv elətdirəcəm. Elə də etdi, məhkəmə hakimləri sənədlərə yox, İbrahim Nehrəmlinin verdiyi "sənədlər"ə baxaraq evləri əlimdən aldı.
Çox hörmətli Mədət müəllim!
Mən 1 ildən artıqdır ki ailəmin, 3 körpə övladımın və öz həyatım təhlükədə olduğu üçün İbrahim Nehrəmlinin təhdidlərinə tab gətirməyərək ölkəni tərk etmək zorunda qaldım. Hal - hazırda Avropada didərginlik həyatı yaşamaqdayam. Avropada yaşamağıma baxmayaraq hacının qardaşı Natiq İbrahimli məni FB səhifəmdə ölümlə hədələyib ki, harada olduğunu bilirəm, hacını yenə də dil-dişə salsan özünü ölmüş bil. Açıq şəkildə bildirib ki, məni dostlarından soruş mən kiməm, səni məhv edərəm və bu kimi təhdidlər. Bütün bu və digər məlumatlara "Google"da axtarış verdikdə asanlıqla çıxış əldət etmək mümkündür.
Cənab general!
Möhtərəm prezidentimiz MTN bazasında yeni qurum yaradaraq sizə haqq etdiyiniz etimadı göstərdi. Bu təyinatdan sonra öləziməkdə olan ümidlərim yenidən baş qaldırıb və Sizdən təkcə bir general kimi deyil, həm də bir Milli Qəhrəman kimi Azərbaycan ordusunda 4 il qulluq etməyimi və himayəmdə 3 azyaşlı övladımın olmağını nəzərə alaraq mənim və ailəmin həyatının təhlükəsizliyini və hədə-qorxu, sifarişlı məhkəmə qərarları ilə əlimizdən alınmış evlərimizin geri qaytarılmasında yardımçı olmağınızı xahiş edirəm.
Allah bu çətin və şərəfli fəaliyyətinizdə yardımçınız olsun!"































































































