“Aztelekom” və “Baktelecom” BİRLƏŞDİRİLSİN – Forum prezidentindən TƏKLİF 

Hazırda oxunan: “Aztelekom” və “Baktelecom” BİRLƏŞDİRİLSİN – Forum prezidentindən TƏKLİF 

99108

Bir müddət öncə “Aztelekom” və “Baktelecom” yüksək internet  sürətlərinə keçidlə bağlı GPON texnologiya əsasında fiber optik internetin tariflərini qaldırıb. Daha yüksək sürətlərə uyğun da nisbətən yüksək tariflər təsdiqlənib.

Bizim.Media xəbər verir ki, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələyə münasibət bildirib. O, qeyd edib ki, hər iki operator GPON istifadəçisi üçün bahalı, 110  manat civarında Nokia və ya Huawei fiber optik modemini təklif edir:

“Bildiyim qədər operatorların özləri bu modemi daha baha qiymətə alırlar. Bu texnologiya ilə internetə qoşulan istifadəçinin digər modemi seçmək imkanı yoxdur. Bu cür bahalı modemləri operatorlar özləri vətəndaşlara təqdim edir.
Nə üçün belə bir haqsız mühit var? Məlumdur ki, “Aztelekom” və “Baktelecom” əsasən Huawei və NOKİA texnologiyalarından istiafdə edir. RİNN-in indiki rəhbərliyindən  xeyli əvvəl bu şirkətlərin adı çəkilən operatorlarla müqavilələri var.

Həmin illərdə bu şirkətlərə milyonlarla vəsait ödənərək avadanlıq və texnologiyalar alınıb. Bu müqavilələrə görə operatorlar digər texnologiyalardan istifadə edə bilməzlər. Yəni, nə operatorlar, nə də istifadəçi eyni xüsusiyyətli, 30-40 manat civarında olan fiber optik modemindən istifadə etsə, bu şəbəkədən internet əldə edə bilməyəcək. Bu yolverilməzdir”.

Osman Gündüzün sözlərinə görə adıçəkilən şirkətlərlə bağlanan müqavilələr antiinhisar qanunvericiliyə ziddir:

“Maraqlıdır ki, yeni rəhbərlik də bu müqavilələri analiz etmədən, necə deyərlər “baş ağrıtmadan” elə onlar əsasında əməkdaşlığı davam etdirirlər. Fikrimcə, bunlar yenidən nəzərdən keçirilməlidir. Haqsız rəqabət mühiti, bahalı interneti yaradan bütün amillər Antiinhisar tərəfindən nəzərdə saxlanılmalıdır. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin "Bir bina bir provayderindir" məsələsinə dərhal reaksiya verməsi təqdirəlayiqdir.

Bununla belə göründüyü kimi sektorda bir çox sahələrdə  problemlər qalmaqdadır. Yeri gəlmişkən, dünyanın hər yerində ölkə üzrə vahid bir telekommunikasiya qurumu var. Yəni, dünyanın heç yerində “Ankara telecom”, “Tbilisi telecom” kimi qurumlar yoxdur.

Yalnız bizdə “Aztelekom”la yanaşı “Baktelekom” da var. Görünür ki, keçmişdə kimisə vəzifəyə qoymaq üçün, yaxud da daha gəlirli olanı ayırmaq üçün vahid formada olan qurumu iki yerə parçalayıblar.
Bunların vahid bir qurumda birləşdirilməsi, gücləndirilməsi və gələcəkdə özəlləşdirilməyə də vahid bir formada çıxarılması daha doğru addım olardı. Fikrimcə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin bu məsələləri də nəzərə alması doğru olardı”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin