2008-ci ildəkindən daha sərt MALİYYƏ BÖHRANI gəlir – Azərbaycan nə etməlidir? 

Hazırda oxunan: 2008-ci ildəkindən daha sərt MALİYYƏ BÖHRANI gəlir – Azərbaycan nə etməlidir? 

97585

Xarici ekspertlər hesab edirlər ki, tezliklə dünyanın növbəti maliyyə böhranı sarsıdacaq. Bu 2008-ci ildəki maliyyə böhranından daha qorxunc olacaq. Artıq ABŞ-ın bank sisteminin çöküşü və qlobal maliyyə böhranının başlaması hiss olunur. Son aylar FED davamlı şəkildə uçot dərəcəsini artırır.

Lakin dolların bahalaşması iqtisadi tənəzzülü dayandırmır. Hazırda ABŞ-ın ÜDM-i 22 trilyona yaxındır.

Amma ABŞ-ın ümümi borcu 23 trilyon dolları keçib.

Vaşinqton büdcə kəsirlərini müxtəlif yollarla ödəyir. Yəni bu gün ABŞ-ın büdcəsi vergi ödəyicilərinin hesabına deyil, müxtəlif bonus və transferlər hesabına formalaşır. Bu tendensiya isə uzun sürə bilməz. 
Maliyyə böhranı Avropa dövlətlərini də öz ağuşuna alıb. Avro tarixində ilk dəfə dollardan aşağı məzənnəyə düşüb. Funt-sterlinqin məzənnəsi daha çox inzibati rıçaqlar hesabına saxlanılır. Dünyanın maliyyə yatağı olan İsveçrə bankları ağır günlərini yaşayır. Bu ilin əvvəlindən bəri İsveçrə banklarının kapitallaşdırılması 23 milyard dollardan 10 milyard dollara düşüb. Artıq hər yerdə olduğu kimi İsveçrə bankları da ümidsiz kreditlər şokunu yaşayır. Bu da onun göstərir ki, dünya əhalisi və xərclər böyüsə də iqtisadiyyat ilbəil kiçilir. 

Məsələ ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı-ekspert Əkrəm Həsənov hazırda dünyanın mövcud olan iqtisadi-maliyyə modelinin sürətlə dəyişdiyini bildirdi. 

“Yaşadığımız əsrdə bizi çox böyük iqtisadi dəyişikliklər gözləyir. Hazırkı bank modeli sələmçiliyə, faizə söykənən bir modeldir. Bu model 2-3 əsrdir ki, sürətlə inkişaf edir. Amma bu inkişafın da müəyyən həddi var. Çünki, dünya böyümür. Vaxtilə bu model yalnız Qərb və ABŞ-da işləyirdi.

Onlar faiz,kredit hesabına dünyanı öz müstəmləkələrinə çevirdilər. Və bunun hesabına da inkişaf etdilər. İndisə bütün dünya bu modellə işləyir. Və Qərb artıq birmənalı şəkildə lider deyil. Artıq Çin, Yaponiya, Hindistan var.

İslam aləminin bəzi dövlətləri var. Və bu ölkələr də bu modeldən istifadə edir. Nəticədə pul kütləsi, faizlər sürətlə artır. Amma bunun müqabilində maddi nemətlər azalır. İqtisadiyyatın dayanıqlılığı yoxdur”. 
Əkrəm Həsənov buna görə də dövlətlərdə borclanmanın artdığını da söylədi:

“Bu borclanmanı da heç nə ilə bağlamaq olmur. Yəni bu gün dünyanın maliyyə sistemi ilə iqtisadiyyat arasında kəskin bir uçurum var. Ona görə də mövcud iqtisadi model öz ömrünü başa vurmaqdadır. Mən demirəm ki, yaxın 3-5 ildə nəsə baş verəcək. Amma proseslər sürətlə buna doğru gedir”. 

Bəs, mövcud sistemin yerinə hansı model gələcək? İqtisadçı-ekspert bunu indidən deməyin çox çətin olduğunu bildirdi. 

“Amma bir şeyi demək mümkündür ki, bu sistem dəyişəndə İsveçrədəki bank sisteminin özəyi üçün də, bütün dövlətlər üçün də və Azərbaycan üçün də ciddi problemlər ola bilər”. 

Bəs, nə etməli?

Əkrəm Həsənovun fikrincə birincisi, valyuta ehtiyatlarımızı xaricdə saxlamamağa çalışmalıyıq.

“İkincisi, valyuta ehtiyatlarımızı qızıl ehtiyatları ilə əvəz etməliyik. Qızıl hər zaman ən etibarlı yatrım vasitəsidir. 

Üçüncüsü, yerli istehsalı artırmalı və neftdən asılılığımızı aradan qaldırmalıyıq. Çalışmalıyıq ki, bizdə çüclü maliyyə yox, dayanıqlı iqtisadiyyat olsun. İstehsalımızı genişləndirməliyik ki, çoxlu pul kütləsindən qurtulub, çoxlu əmtəəlik məhsula sahib olaq. Bunun üçün də qarşımızda hələki kifayət qədər vaxt var”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin