Keçdiyimiz günlərdə ümumi ölkə üzrə qiymət artımı ilə bağlı millət vəkiləri tərəfindən iki fərqli fikir səsləndirilib.
Bizim.Media xəbər verir ki, deputat Vahid Əhmədov ərzaq bahalaşmasının qarşısını almaq üçün 18% ƏDV-nin 0%-ə endirilməsini təklif edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur
Deputat Tahir Mirkişili isə yaxın coğrafiya pradiqmasından çıxış edərək, Türkiyədə ƏDV-nin ləğvi bahalaşmaya təsir etmədiyini, əksinə dövlət həmin vergini də itirdiyini bildirib.
Məsələ ilə bağlı iqtisadçı ekspert Akif Nəsirli ilə də müzakirə apardıq. Nəsirli qeyd etdi ki, hər iki deputatın fikirlərində müəyyən qədər həqiqət yükü var:
“Əgər ƏDV azaldılarsa, bəli, ərzaqların maya qiyməti düşəcək, lakin bir məsələ də var ki, Azərbaycanda bu məhsulun son bazar qiymətinə təsir etmir. Misal üçün, ölkədə yem məhsularının ƏDV-dən azad edilməsi ölkədaxili ət, toyuq məhsullarının ucuzlaşmasına gətirib çıxarmadı.
Ölkədə ərzaq məhsullarında ƏDV-ini ləğv etsək, amma digər heç bir tədbir görməsək, qısa müddətdə sabitləşmə ola bilər, qiymətlər aşağ düşməsə də. Bu da artıq inhisarçıların insafına qalıb”.
Bu da onunla bağlıdır ki, daxili bazarda əksər sahələrdə monopoliya var və azad bazar rəqabəti yoxdur:
“Ona görə də hökümət idxalda ərzaq məhsullarını və yerli məhsulları ƏDV-dən azad eləyirsə, ardınca mütləq inhisarçılara təsir etməlidir ki, heç olmaya, ƏDV azalması qədər qiyməti aşağı salsınlar”.
Ekspert bildirir ki, rəqabət bazarı sahibkarının düşüncəsi ilə inhisarçı bazar sahibkarı düşüncəsi kəskin fərqlənir:
“İnhisarçı bazar sahibkarı həmişə dövriyyədən asılı olaraq qiyməti tənzimləyir, dövriyyə tezləşəndə qaldırır. Dövriyyə yavaşlayanda isə qiyməti sabit saxlayır, ya da cüzi azalma müşahidə olunur.
Rəqabət bazarı sahibkarı isə qiymət artımından qaçır, qorxur. Çünki onunla rəqabətdə anaoloji məhsul istehsal edən sahibkarlar onun müştərilərini, satışını ala bilər.
Son olaraq hesab edirəm ki, ƏDV-ni səfərlamaqla yanaşı, bir sıra müvafiq tədbirlər görmək lazımdır. Yoxsa qiymətlərin aşağı düşməsini gözləmək əbəs yerədir”.
Mia Quliyeva, Bizim.Media