Taxıl idxalından asılılığı aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Hazırda oxunan: Taxıl idxalından asılılığı aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

94832

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-avqust aylarında Azərbaycandakı təsərrüfatlarda 1 736,1 min ton buğda istehsal olunub. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,9% azdır.Eyni zamanda buğda əkilən sahələrin ərazisi də ötən ilin eyni dövrünün göstəricisindən 5% azdır.

Bəs, dünyada müşahidə olunan taxıl böhranı fonunda bu vəziyyət hansı nəticələri doğura bilər?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov qeyd edib ki, ölkəmizdə 1 milyon hektar taxıl sahəsindən, 600 min hektarında buğda əkilir:

“Buğda əkilən ərazilərdən yığılan məhsul həcm baxımından ölkənin tələbatına uyğundur. Lakin keyfiyyət baxımından aşağı səviyyədədir. Bu da ərzaqlıq buğdaya olan tələbatın idxal hesabına ödənməsi ilə nəticələnir. İdxalın böyük hissəsi isə Rusiyadan asılıdır. Bu ölkədə ixraca məhdudiyyətlər tətbiq olunduqdan sonra, Azərbaycan Qazaxıstana yönəldi. Lakin daha sonra Qazaxıstanda məhdudiyyətlər tətbiq etdi və növbəti ixracatçı kimi Hindistan seçildi. 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycan ən çox buğda istehlak edən ölkələr SİYAHISINDADIR


Bu cür təlatümlər nəticəsində may ayının ilk on günlüyündə buğda qiymətləri tarixi rekordu vurdu. Lakin həmin vaxtdan etibarən qiymətlər getdikcə ucuzlaşır. Çünki Türkiyənin vasitəçiliyi ilə Ukrayna buğdasının dünya bazarına çıxarılması, eləcə də Rusiyaya buğda idxalı ilə bağlı bəzi sanksiyalar (pul köçümərləri, gübrələrin alışı və s.) aradan qaldırıldı. Nəticə etibarilə bu sahədə yumşalma getdi. FAO-nun məsələ ilə bağlı açıqlamasında da qeyd olunub ki, qlobal inflyasiya indeksində azalmalar var. Doğrudur inflyasiya davam edir, lakin onun artım sürəti azalır”.

Ekspertin sözlərinə görə, bu il ölkə üzrə 600 min, işğaldan azad olunmuş ərazilərdə isə əlavə 50 min hektar ərazidə buğda əkilib:

“Bir müddət öncə isə Kənd Təsərrüfatı Nazirliyi 100 min hektar sahənin quraqlıq səbəbindən məhv olduğunu açıqladı. Bu məhvolma baş verməsəydi, hesab edirəm ki, istehsal həcmlərində də azalma olmazdı. Lakin bütün hallarda daha doğru yanaşmanın tətbiqinə ehtiyac var. Belə ki, biz taxıl idxalından asılığı azalda bilərik, bundan tamamilə azad olmaq isə mümkün deyil.
 

Çünki adambaşına düşən əkin sahələri xeyli azdır. Taxıl istehsal edən və satan ölkələrə baxdıqda da, onların böyük ərazilərə malik olduğunu görə bilərik. Bir sözlə, Azərbaycanda torpağın əlverişli olmaması və ərazinin kiçikliyi idxaldan asılılıq yaradır”.


Eldəniz Əmirov taxıl idxalından asılılığın azaldılması üçün görülə biləcək işlərdən də bəhs edib.

Ekspert qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərindən sonra aşağıdakı istiqamələr üzrə tədbirlər görülsə, ərzaq idxalından asılılığı 4-5 il ərzində azalda bilərik:

“Birincisi, işğaldan azad olunmuş bütün yararlı sahələrdə taxıl əkinini icra etmək;

İkincisi, müasir suvarma sistemlərinin tətbiqi;

Üçüncüsü, su ehtiyatlarımızın ədalətli bölgüsü;

Dördüncüsü, keyfiyyətli toxum və gübrələrdən istifadə.

Əgər müvafiq tədbirlər görülərsə, hesab edirəm ki, ərzaqlıq buğda ehtiyacımızı 65-70% həcmində daxili istehsal hesabına ödəyə bilərik. Lakin istənilən halda 30%-ə yaxın idxaldan asılılıq qalacaq. Çünki torpaq ehtiyatlarının məhdudluğu səbəbindən, idxaldan asılılığı aradan qaldırmaq üçün taxıl sahələrini böyütsək, kartof və ya pambıq asılılığı meydana gələcək”.



Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin