Bu tarixdən daha çox ƏDV geri ala bilərsiniz – İqtisadçı şərtləri AÇIQLADI

Hazırda oxunan: Bu tarixdən daha çox ƏDV geri ala bilərsiniz – İqtisadçı şərtləri AÇIQLADI

94753

Hazırda Dövlət Vergi Xidməti Vergi Məcəlləsində dəyişiklikləri nəzərdə tutan paketin müvafiq dövlət və özəl qurumları ilə müzakirəsini həyata keçirir.

Bizim.Media xəbər verir ki, 1 yanvar 2023-cü ildən Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərdə geri qaytarılan ƏDV faizlərinə xidmətlərin çeşidləri üzrə fərqli yanaşmanın tətbiq edilməsi nəzərdə tutulur.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ƏDV-nin diferensiallaşdırılması təklif olunur


Dəyişikliyə əsasən, nağdsız və nağd qaydada ödənişlər üzrə faiz dərəcələri aşağıdakı kimi təklif olunur:

-nağdsız qaydada ödənilmiş ƏDV-nin 20 faizi (hal-hazırda 15 faizi);

-nağd qaydada ödənilmiş ƏDV-nin 5 faizi (hal-hazırda 10 faizi).

İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, Vergi Məcəlləsində təklif edilən dəyişikliklərdə nağdsız ödənişin stimullaşdırılması nəzərdə tutulur,  bu zaman ödənilən ƏDV-üzrə qaytarılma faizi artırılır, əvəzində nağd ödənilmiş ƏDV-nin faizi aşağı endirilir:
“Sözügedən Vergi Məcəlləsi əhalinin iaşə obyektlərində, pərakəndə ticarət şəbəkələrində ödədiyi məbləğin müəyyən hissəsinin geri qaytarılması ilə bağlıdır. Burada əsas məqsəd uçotdan kənarlaşmanı azaldaraq şəffaflığı artırmaqdan ibarətdir.

Həmçinin burada nağdsız hesablaşmaların artımıdır. Təbii ki, bunun özü də şəffaflığın nəticəsi olmalı idi. Nağdsız ödənişlərin daha çox olunmasına maraq ona görədir ki, insanlar bu ödənişə daha çox üstünlük versinlər.

Bu həmçinin maliyyə sektoru üçün də maraqlıdır ki, insanlar kartlarında olan pulları nağdlaşdırmasınlar və maliyyə sektorunda likvidlik yaransın.

Eyni zamanda kartla edilən ödənişlərdə dövriyyələri gizlətmək mümkün deyil. Sahibkar gizlətsə belə bir müddət sonra çox rahat şəkildə aşkar ediləcək”, - deyə X.Kərimli bildirib.

Qeyd edək ki, əlavə olaraq Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə də ödənilmiş ƏDV-nin qaytarılması da nəzərdə tutulur.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin