Azərbaycan Avropaya nə qədər elektrik enerjisi ixrac edir? – İlham Şabanın HESABLAMASI 

Hazırda oxunan: Azərbaycan Avropaya nə qədər elektrik enerjisi ixrac edir? – İlham Şabanın HESABLAMASI 

94300

Yola saldığımız həftə ölkəmizin enerji həyatı kifayət qədər xəbər-ətərli olub, ona görə də əsas diqqəti onlara yönəldəcəm. Amma ölkədən kənarda da maraqlı hadisələr baş verir ki, bu və ya digər şəkildə Azərbaycanın maraqlarına toxunur.

Bu da qlobal bazardakı vəziyyətdir, çünki bu həftə Dövlət Gömrük Komitəsinin açıqladığı aylıq hesabatdan məlum oldu ki, ilin əvvəlindən Azərbaycanın ümumi ixracında neft, qaz və neft məhsullarının xüsusi çəkisi nə az, nə çox düz 92,8%-dək yüksəlib.

Bu baxımdan dünyadakı hərbi-siyasi vəziyyət gərgin olaraq qaldıqca, Qərblə Rusiya arasındakı enerji əlaqələri azalmağa doğru istiqamətləndikcə, neftin və qazın qiymətinin baha olması labüddür. Həm də Azərbaycana olan maraq da daha dinamik olur. Və bu maraq heç də neft və qazla məhdudlaşmır.
 

MÖVZU İLƏ BAĞLI:

“Neft haqqında dəqiq proqnoz vermək mümkün deyil” – İlham Şabanın ŞƏRHİ


Azərbaycan “işığına” Avropada artan maraq. Bu həftə Avropanın iki ölkəsi Azərbaycandan elektrik enerjisi idxalı ilə bağlı maraqlı olduqlarını bəyan ediblər. Əvvəlcə həftə başlayar-başlamaz Bolqarıstan Azərbaycandan elektrik enerjisini qaz ilə dəyişməyə dair razılığa gəlinməsi barədə məlumat açıqladı.

Bolqarıstanın iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov məlumat verib ki, Bakı və Sofiya Azərbaycan qazını Bolqarıstandan elektrik enerjisi ilə dəyişməyə dair razılığa gəlib.Onun sözlərinə görə, nazirin bu yaxınlarda Bakıya səfəri zamanı müvafiq razılıq əldə olunub.

“Onlar qazdan elektrik enerjisi istehsal edir, biz isə iri elektrik enerjisi istehsalçısıyıq, onu ixrac edirik, bizdə təkrar istehsal var. Belə imkan var, o prinsip etibarilə təsdiq olunub, əgər biz onları elektrik enerjisi ilə təmin edə bilsək, onlar qazdan elektrik enerjisi istehsal etmək əvəzinə, onu bizə verə bilərlər”, - Stoyanov bəyan edib.

Nazir bildirib ki, Bakıda tərəflər həmçinin Yunanıstan-Bolqarıstan (İGB) birləşdirirci qaz kəmərinin istifadəyə verulməsi və Cənub Qaz Dəhlizinin (CQD) genişləndirilməsi, CQD-nin genişlənməsi ilə bir neçə ildən sonra və eyni zamanda bu qış mövsümündə digər üsulla əlavə qaz həcmlərinin əldə edilməsi imkanını müzakirə ediblər.

Nazir əminliklə bəyan edib ki, 1 oktyabr 2022-ci il tarixindən etibarən İGB-nin kommersiya istismarına başlanılır, bu isə Bolqarıstana Azərbaycanfan qaz nəqlini müqavilədə razılaşdırıldığı kimi illik 1 milyard kubmetrədək artırmağa imkan verəcək. Əvvəllər müvafiq infrastrukturun olmaması səbəbindən bu mümkün görünmürdü.
Həftə sonu isə Azərbaycandan elektrik enerjisi idxalı ilə bağlı daha maraqlı bir xəbər yayıldı.

Serbiyanın energetika naziri Zorana Mixayloviç “Reuters” agentliyinə müsahibəsində bəyan etdi ki, rəsmi Belqrad Azərbaycanla elektrik enerjisinin tədarükü ilə bağlı razılığa gəlib.  

Nazirin sözlərinə görə, Serbiyanın “EPS” dövlət enerji şirkəti müvafiq razılıq əldə edib, indi Türkiyə üzərindən Azərbaycanın elektrik enerjisinin ötürülməsi məsələsi müzakirə olunur. 

“Hazırda Belqrad Ankara ilə elektrik enerjisinin ötürülməsi ilə bağlı danışıqlar aparır”, - deyə energetika naziri qeyd edib. 

Xatırladaq ki, bir qədər əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç Türkiyə tərəfinə müraciət edərək Azərbaycandan təxminən 2 GVt/saat elektrik enerjisinin idxalı məsələsində köməklik göstərməsini xahiş etmişdi.

Bəs Azərbaycanın elektrik enerjisi istehsalı və ixracı nə yerdədir? Bunun üçün rəsmi statistikaya müraciət edək.

Elektrik enerjisinin ixracı. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 2,6% artaraq 19 milyard 115,7 milyon kVt/saat olub.
Hesabat dövründə elektrik enerjisinin istehsalı İES-lərdə 17 milyard 560,3 milyon kVt/saat (artım 0,8%), SES-lərdə 1 milyard 308,5 milyon kVt/saat (artım 35,3%), digər mənbələr (KES, GES və BMTYZ) üzrə isə 246,9 milyon kVt/saat (artım 4,7%) olub. Külək elektrik stansiyalarında 59,3 milyon kVt/saat, günəş elektrik stansiyalarında 43,9 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 143,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

2022-ci ilin yanvar-avqust ayları üzrə elektrik enerjisinin ixracı ekunlarına əsasən, Azərbaycan 1 barel neftini ortalama 103 dollardan, min kubmetr qazını isə təqribən 686 dollardan ixrac edib. Kifayət qədər yüksək qiymətlərdir.

Neft məhsullarının istehsalında azalma. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 10,3% - 2 milyard 461,3 milyon manata qədər azalıb.  

Hesabat dövründə 357,4 min ton təyyarə yanacağı (artım 6,1%), 67,4 min ton soba mazutu (artım 2,2 dəfə), 257,5 min ton neft bitumu (artım 8,6%), 784,2 min ton avtomobil benzini (azalma 2,5%), 188,3 min ton birbaşa qovulan benzin - nafta (azalma 32,7%), 1 milyon 264,5 min ton dizel yanacağı (azalma 24,7%), 23,4 min ton sürtkü yağları (azalma 42,2%), 116,6 min ton neft koksu (azalma 33,8%) istehsal edilib. 

2022-ci ilin yanvar-avqust aylarında neft məhsullarının istehsalında azalma aprelin 4-dən mayın 27-dək Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda aparılan planlı təmir işləri ilə əlaqədar olub.
Yanacağa xərclədiyimiz vəsait. 2022-ci ilin yanvar-avqust aylarında Azərbaycanda yanacaq istehlakçıları 1 milyard 749,8 milyon manat (cari məzənnə ilə $1 milyard 29,3 milyon) məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.

Hesabat dövründə istehlakçıların 2021-ci ilin yanvar-avqust ayları ilə müqayisədə avtomobil benzini və dizel yanacağına xərclədikləri vəsait 7,3% artıb.

Qeyd edim ki, rəsmi statistikaya görə, 2021-ci ildə Azərbaycanda istehlakçılar parakəndə satış məntəqələrindən 2 milyard 494,3 milyon manat məbləğində yanacaq almışdılar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin