Xoşbəxt Yusifzadənin qazdığı quyu...

Hazırda oxunan: Xoşbəxt Yusifzadənin qazdığı quyu...

9324

Azərbaycan neftçilərinin ötən əsrdə kəşf etdiyi yataq dostluğa çevrildi.

Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir.

Bizim.Media xəbər verir ki, yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən dənizin 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.
 

MÖVZU İLƏ BAĞLI:

«Azərbaycan xaricdən asılı deyil» - İlham Əliyev 


Ümumiyyətlə, Xəzər dənizində geologiya-kəşfiyyat işlərinin aparılması, yeni yataqların aşkarlanması bilavasitə Azərbaycan neftçilərinin, geoloqlarının adı ilə bağlıdır.

Xoşbəxt Yusifzadə, Qurban Abbasov, Bəhmən Hacıyev və digər neftçilərimiz bu işdə böyük rol oynayıb. 

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün "Promejutoçnoe", yəni “Aralıq” adlandırılırdı.

Yataq bizim neftçilər tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb.

1998-ci ildə Xəzər dənizinin orta xətti koordinatları üzrə Azərbaycan Respublikası ilə Türkmənistan arasında  danışıqlar aparılması üçün ekspert qrupu yaradılıb.

Nəhayət, Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 12 avqust 2018-ci il tarixində “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Xəzər dənizinin huquqi statusu üzrə ümumi razılaşmanın əldə edilməsi Azərbaycanın Xəzər dənizi üzrə sərgilədiyi strategiyanın məqsədyönlü və əsaslı olduğuna dəlalət edir. 

2021-ci il yanvarın 21-də isə Xəzər dənizində "Dostluq” (mübahisəli yataq indi belə adlanır) yatağının hidrogen resurslarının birgə kəşfiyyatı və istismarı üzrə Azərbaycan və Türkmənistan arasında Anlaşma Memorandumuna imza atıldı.

Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədovla video formatda görüş zamanı Prezident İlham Əliyev vurğuladı ki, bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik:

“Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin