“Maliyyə panikası elə bir dəhşətdir ki...”x9d

Hazırda oxunan: “Maliyyə panikası elə bir dəhşətdir ki...”x9d

92896
Tanınmış iqtisadçı alim, keçmiş maliyyə naziri, professor saleh Məmmədovun İqtisad məktəbinin facebook səhifəsindəki statusundan götürdüyümüz iqtisadi analizi Moderator.az oxucularına təqdim edirik:

"Son dövrlər dünya iqtisadi sistemində çalxalanma başlamış, stres vəziyyəti daha da gərginləşməyə meyllənmişdir. Ölkəmiz dünya iqtisadi sisteminə inteqrasiya olunmuşdu və buna görə də ümumdünya prosesləri təsirsiz ötüşməyəcək. 2008-ci il dünya maliyyə böhranında Azərbaycan məharətlə çıxmış, minimum zərərlə ötüşmüş, hətta bəzi istiqamətlərdə bu dağıdıcı təsir qüvvəsini faydalı enerjiyə çevirib istifadə edə blmişdir. Elm və texnikanın köməyi ilə hər cür dağıdıcı qüvvəni faydalı enejiyə çevirmək və ondan səmərəli istifadə etmək olar və dünya elmi bu sahədə ciddi işləyir. 
 İndi başlayan regional böhran da təbii ki, dağıdıcı qüvvəyə malikdi, biz çalışmalıyıq ki, bu güvvəni “əhlləşdirib”x9d faydalı qüvvəyə çevirək. Təbii ki, ilk qarşıya çıxan sual - nə etməli?

Cavab konkret olaraq, qarşıya qoyulan məqsəddən asılıdı. Əgər biz Qazağıstan və ya Rusiya, hətta  Türkiyə səviyyəsinə çatmaq istəyiriksə, onda gərək onların həyata keçirdikləri islahatlara baxaq və onlar kimi edək. Yox, əgər ABŞ, İveçrə, Sinqapur və s. səviyyəsinə qalxmaq istəyiriksə, onda gərək onların islahat tarixlərinə baxaq və onlar kimi hərəkət edək. Bizim prezident  dəfələrlə bəyan etmişdir ki, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə qaldırmaq bizim ali vəzifəmizdi. Mənə elə gəlir ki, müxalifət qüvvələrində də eyni yanaşma var. 

Belə olan halda, bütün qüvvələr bu ali vəzifənin yerinə yetirilməsinə yönəldilməlidi.  Mən hər hansı addımı atanda onu birinci düşünərdim ki, əcaba, belə vəziyyətdə Sinqapur, İsveçrə və ya ABŞ iqtisadçıları nə edərdi? Məsələn, 2008-ci il böhranında demək olar ki, Avropa ölkələri nə tədbir gördüsə, Azərbaycan höküməti də onu gördü, bununla də böhranın nəticələrini tam zərərsizləşdirdi,  amma digər Sovet ölkələri tam tərsinə, yanlış tədbirlərə əl atdılar və bununla da böhrandan daha çox zərər gördülər. 
Bu günkü böhran xarakter etibarı ilə eynidi və uyğun və daha kəskin tədbirlər görsək, bu böhranı nəinki zərərsizləşdirə bilərik, hətta onun dagıdıcı qüvvəsini faydalı işə çevirə və bundan yararlana bilərik. Böhran qiymətlərin mallara tələbin və uyğun olaraq pul təklifinin azalması, nəticədə qiymətlərin aşağı düşməsidi. Yeganə yol mallara tələbi artırmaqdır ki, bunun da başlıca yolu dövriyyədəki pulun həcmini artırmaqdı, həm də hər iki formada, milli və xarici valyutada.  Sual qalır, necə? Proses o qədər dəqiqliklə hesablanmalıdır ki, iqtisadiyyatın balansını pozmasın, yüksək inflyasiyaya gətirib çıxarmasın, milli valyutanın dəyərinə təsir göstərməsin və s. yalnız müsbət nəticələr versin. Mətbuatdan yəqin ki, əksəriyyətimiz izləyirik, bir neçə gün sonra ABŞ federal rezerv sisteminin (ABŞ-IN MƏRKƏZİ BANKI) uçot dərəcəsini 0.1 punkt qaldırması xəbəri dünya bazarlarında necə çaxnaşmaya səbəb olduğunu ğörürük. 
Dövriyyədə pulun həcmini artırmaq üçün isə Azərbaycanda olan imkanlar Azərbaycan miqyasında  olan ikinci bir ölkə yoxdu. Bu həm daxili rezervlər, həm sabit və sürətli iqtisadi inkişaf, həm son illərdə əldə olunmuş yüksək reytinq, həm böyük miqdarda valyuta, hətta ekstra valyuta ehtiyyatları, həm dünya maliyyə mərkəzləri ilə yüksək siyasi dostluq əlaqələri ilə müəyyən olunur. Bu potensial imkanların hərəkətə gətirilməsi üçün tədbir görmək lazımdı.

Mənə elə gəlir ki, hər şeydən əvvəl maliyyə panikası aradan qaldırılmalıdı. İqtisadçılarımız, xüsusilə müxalifət iqtisadçıları, həm də dövlət iqtisadi orqanları vaxtlı vaxtında ölkənin real iqtisadi potensialını və imkanlarını əhaliyə, xarici ictimaiyyətə çatdırmalıdırlar. Azərbaycan mətbuatını daimi izləyən hər hansı bir investor ölkəyə yaxın da durmaz. Əksəriyyət yazarların mətbuatda çıxışlarının xülasəsi: iqtisadiyyat məhvə gedir, təkrar devalvasiya qaçılmazdı, gələn ilin büdcəsini formalaşdırmaq mümkün olmayacaq və s. Bir baş bilən sual verməzmi: ay müsəlmanlar, 10  milyardlarla ekstra valyuta ehtiyyatı, bu qədər istehsal artımı, 10 milyardlarla borclanma imkanları olan, hətta böhran dövrü valyuta balansında 10 milyardlarla profisiti (artıqlığı) olan, ixracatı idxalından 10-12 milyard dollar çox olan iqtisadiyyat necə bata bilər, devalvasiya necə ola bilər, geriləmə necə ola bilər və s. Heç nəyi bacarmasaq da, bir müvafiq çəkili ölkələrlə müqayisə də bacarmırıqmı? Bizdən on qat pis vəziyyətdə olan Ermənistan, Gürcüstan, Ukrayna, Özbəkistan və s. neynəsinlər?
Biz əli qələm tutan hər kəs anlamalıdı ki, bü gün bu yazılarımızdan hamının həyatı asılıdı. Maliyyə panikası elə bir dəhşətdir ki, hətta ən güclü iqtisadiyyatı belə alt - üst edə bilər, ona görə də, alimlərimizə təklifim odur ki, bu anlayışın elmi tədqiqini aparsınlar, qarşısının alınması yollarını araşdırsınlar. Ölkəmizdə bir məqalədə yazılmayıb bu mövzuda, halbuki yüzlərlə dissertasiya mövzusu var, bu elmin içində. Yazarlara və dövlət məmurlarına isə xahişim budur ki, qeyri-gerçək, yalan ifadələrlə maliyyə panikası yaratmasınlar. 

İndi isə real tədbirlər haqqında. İlk növbədə, daxili ehtiyyatlar səfərbərliyə alınmalı, uçot dərəcəsi Avropa ölkələri səviyyəsinə endirilməli, rezerv normaları minimuma endirilməli, manatın emissiyası bir qədər artırılmalı, büdcənin kəsiri xeyli artırılmalı, kredit faizləri 2-3 dəfə azaldılmalı, bunun üçün isə  ölkənin kredit resursları ən azı bir neçə dəfə artırılmalıdır.  Bir malın qiymətini bazarda aşağı salmaq üçün o malın istehsalını və uyğun olaraq bazara təklifini artırmalısan. Əgər kredit faizini aşağı salmaq istəyirsənsə, kreditin təklif həcmini artırmalısan. 
Kreditin təklif həcmini artırmaq isə həm daxili və həm də xarici mənbəələr hesabına etmək olar. Daxili mənbəələr böyükdü, amma onların cəlb olunması üçün şərait o qədər münbit deyil. Ölkədə elə bir əmanət, sığorta, qarantiya sistemi qurulmalıdır ki, əhali, şirkətlər bankların qabağında pul çıxartmaq üçün deyil, əmanətə pul qoymaq üçün növbəyə dursunlar. Son devalvasiyaya qədər yavaş yavaş belə bir sistem formalaşırdı, amma 34%-lik devalvasiya (bəlkə də müəyyən qüvvələrin təxribatı nəticəsində) elə bir zərbə vurdu ki, qazandığımız - itkilərin 10%-ni də eləmir. Siz təsəvvür edə bilərsinizmi ki, ABŞ, İsveçrə və ya Sinqapur (biz bu səviyyədə inkişaf etmək istəyirik) bir gecə də valyutasını öz əli ilə bu qədər ucuzlaşdıra idi, və ya tarixlərində belə şeyə yol verəydilər. Qətiyyən yox, əgər yol versəydilər, bu gün ən uzağı Rusiya və Qazağıstan səviyyəsində olardılar.
 Rusiya, Qazaxıstan, Belarus və s. kömrük ittifaqı adı ilə özlərini elə bir cilova bağlayıblar ki, onlar məcburdular, “devalvasiya və inflyasiya yarışmasına”x9d çıxsınlar. Eyni yarışma təcrübəsindən vahid rubl məkanında olanda biz də keçmişik. Amma indi biz müstəqil kömrük və valyuta sistemindəyik, orada baş verənlər bizim valyuta sisteminə ciddi təsir edə bilməz. Zənn edirəm, biz qətiyyən təkrar devalvasiyaya yol verə bilmərik, bunun üçün heç bir səbəb və şərait yoxdu, tam əksinə, milli valyutanın devalvasiyaya qədər olan etibarını bərpa etməliyik. Daxili mənbəələri səfərbər etmək üçün həm də, dövlətin işə qarışması lazımdı, hökümət əmanətləri haqqında qanun qüvvəli qərar verilməli, hökümətin bütün resursları, o cümlədən, ekstra valyuta ehtiyyatları (BVF-nun normativlərinə görə bizə 3 mlrd dollar valyuta rezervləri lazımdır, bizdə isə 45-50 mlrd dollardı)  məqsədli təyinatı müəyyən edilməklə böyük və etibarlı Azərbaycan banklarında yerləşdirilərək  xəzinənin nəzarəti altında investisiyaların maliyyələşdirilməsinə yönəldilməlidi. 

Xarici mənbələr ciddi və daha böyük rol oynaya bilər. Həm borc mənbəyi, həm əmanət və həm də  investisiyalar kimi. Bir qanunauyğunluğu diqqətinizə çatdırmaq istəyirəm: dünya ölkələrinin borclanma məbləği iqtisadi inkişafı ilə düz mütənasib asılılıqdadı: ümümi daxili məhsulda (ÜDM) xarici borcların payı nə qədər çoxdursa, inkişafı bir o qədər yüksəkdi. ABŞ-ın 18 tirilyon dollar xarci borcu var, bu da onların ümumi daxili məhsulu qədərdi, Böyük Britaniyanın xarici borcu onun ÜDM dan 4 dəfə, Fransanınkı 2,2 dəfə, Niderlandiyanınkı 3,2 dəfə, Sinqapurunkı 4 dəfə çoxdur, qısa olaraq bütün inkişaf etmiş ölkələrdə belədir.  Amma geridə qalmış ölkələrdə bu göstərici çox aşağısı,  məsələn, Nigeriyada 5%, İranda 4%, Haitidə 5% və s. Bunlar xaricdən borc ala bilmirlər. Ölkəmizdə bu rəqəm 6-8% həcmindədi (cəmi xarici borclar ”“ 4 milyard dollardı). Amma Azərbaycanda vəziyyət tamam başqa cürdü, həm inkişaf var, həm borc alma imkanları. Sadəcə özümüz səy göstərib borc ala bilərik. Borclanma imkanları 100 milyard dolların üstündədi, yalnız bu imkandan istifadə etməklə, ölkədə neft qazdan asılılıqdan xilas olmaq mümkündü. Borclanma prosesinə dərhal başlamaq olar və böyük miqdarda vəsait cəlb etməklə dünyanın inkişaf etmiş ölkələri səviyyəsinə çatmaq olardı. Bu borclanma mənbələri:  büdcənin kəsirinin bağlanması və valyuta balansının tənzimlənməsi üçün Beynəlxalq valyuta fondundan bir neçə milyard kredit, infrastruktur layihələri üçün Dünya Bankından, İslam İnkişaf Bankından, biznes layihələri üçün Beynəlxalq maliyyə korporasiyasından, Asiya İnkişaf Bankından, Avropa inkişaf və yenidənqurma bankından, iri transnasional korporasiyalardan, bank və fondlardan, Eksimbanklardan, şirkətlərdən, maliyyə bazarlarından, maliyyə şirkətlərindən milyardlarla vəsait cəlb edib bütün layihələri maliyyələşdirmək olar. Azərbaycana xarici kapital axınını daha da gücləndirmək olar, burada qanunvericilik aktlarını təkmilləşdirməyə ehtiyac var. Həm də xaricə investisiya prosesini tənzimləmək üçün hüquqi baza yaratmaqla xaricə kapital axınını tənzimləmək mümkündü.  İnkişaf etmiş ölkələrin təcrübəsində ən geniş yayılmış təcrübə - xarici vətəndaşlardan əmanət cəlb etmə və xarici maliyyə bazarlarında şirkətlərin və hökümətin qiymətli kağızlarının satışının təşkili- yolu ilə də böyük miqdarda vəsait toplamaq olar. Təəsüflər olsun ki, son devalvasiya bu işə ciddi mənfi təsir etmişdir, amma vəziyyəti bərpa etmək olar. Bunun üçün möhkəm və etibarlı maliyyə -bank-pul sistemi qurmamız lazımdı, dünyanın bütün maliyyə mərkəzlərində iri banklarımızın filialları qurmalıyıq. İri maliyyə mərkəzlərində əmanətlərin faizi 2% dən yuxarı deyil, belə olan halda nə qədər potensial əmanət cəlb etmə imkanlarımız var. Dünyada isə 20 trilyon dollar sərbəst vəsait dolaşmaqdadır, istifadəyə risqsiz obyekt axtarır. Şirkətlərdə olduğu kimi, dövlətlərdə də, inkişafın 60-70%-i kreditlər hesabına maliyyələşir. 
Bu gün böhrandan çıxmaq və hətta ondan yararlanmaq üçün heç bir başlanılan və nəzərdə tutulan investisiya layihəsini dayandırmaq qəti olmaz, bəlkə də normal şəraitdə bu elə də ciddi təsir görsətməzdi, amma böhran şəraitində, panika yaradaraq bütün iqtisadiyyatı iflic edə bilər, potensial imkanlardan istifadə edərək hamısını maliyyələşdirmək zəruridi. 

Yeni layihələr üzərində düşünmək lazımdı, kənd təsərrüfatı, tranzit iqtisadiyyatı qurulması üzrə, beynəlxalq layihələr, neft və qaz biznesinin restruktuzasiysı, orta və kiçik biznesin inkişafı layihələri və s yüz  milyardlarla vəsait tələb edir. Neft və qazın yanacaq kimi istifadəsi sahələri daralır, yeni istiqamətlərə yönəldilməsi zəruridi. Bu il artıq Toyota şirkəti su və ya sudan alınan hidrogenlə çalışan maşınların kütləvi istehsalına başladı, bu proses bütün sahələrdə davam edir. Amma material şunaslıq elminin sürətlə inkişafı nəticəsində neft və qazdan bütün sahələrdə istifadə oluna biləcək materiallar, yüzlərlə məhsul növü hazırlanır, hətta armatur, maşınqayırmada istifadə olunan materiallar, kosmos sənayesində istifadə olunan materiallar hazırlanır. Neft və qazın ucuz satılması əvəzinə onlardan alınan məhsulların daha baha qiymətə satılması yaxşıdı. Bu investisiyalar yüz milyardlarla vəsait tələb edir. 
Tranzit iqtisadiyyatını qurmaq üçün böyük miqdarda vəsait tələb olunur, amma ikiqatına mənfəət verir. Yüksək səviyyəli tranzit iqtisadiyyatı quran Sinqapur heç bir neftə qaza malik olmayan, Azərbaycanın ən kiçik rayonlarından biri qədər ərazidə (645 kv km, təgribən Yardımlı və ya Qazax rayonunun ərazisi qədər)  elə sistem qurmuşdu ki, ildə 450 milyard dollar, yəni Azərbaycandan 20 dəfə çox  məhsul ixrac edir  (Azərbaycanın illik ixracı 22 mlrd dollardı). Real və səmərəli tranzit iqtisadiyyatı qurmaq üçün ilk növbədə bütün qanunvericilik bazasını tranzit iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırmaq lazımdı, prezidentin qeyd etdiyi kimi ölkənin ən böyük problemi olan inhisarçılığı (monopöliya) aradan qaldırmaq, korrupsiyaya qarşı mübarizəni gücləndirmək lazımdı.  

Ünsiyyət problemini həll etmək üçün Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərinin də ikinci dərəcəli  dövlət dili kimi istifadə olunması zəruridi. Dünyada ən inkişaf etmiş ölkələr bir neçə dövlət dilinə malik ölkələrdi. Bu bir tərəfdən, millətin ümumi potensialının artmasına, ünsiyyətin asanlaşmasına, həmçinin yeni bazarların mənimsənilməsinə, digər tərəfdən dostluq münasibətlərinin genişlənməsinə, informasiya və intelektual mübadilənin genişlənməsinə və artmasına kömək edə bilərdi. Bir dil bilmək bir şəxsin, 3 dil bilmək üç şəxsin əvəzlənməsi deməkdir. Nümunə kimi göstərdiyimiz Sinqapurda 5 dil, İsveçrədə 4 dil dövlət dilidir, bütün məmurlar bütün bu dilləri bilmək məcburiyyətindədi, başqa cür o heç məmur ola bilməz. 
Yuxarıda qeyd edilənlər sadəcə tezis formasında təkliflərdi, bunları həyata keçirmək üçün çoxsaylı qanunvericilik aktları, əsasnamələr, təlimatlar hazırlamaq, təşkilatı sistemini qurmaq lazımdır".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin