Azərbaycan Mərkəzi Bankının ötən gün verdiyi qərardan sonra artıq dollar manat qarşısında öz gücünü itirmiş oldu. Tezliklə dolların qiyməti manata nisbətdə aşağı düşəcək.
Bildiyimiz kimi, Mərkəzi Bank pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində sabahdan faiz dəhlizinin aşağı həddinin 2,25 faiz bəndi azaldılaraq 6,25%-dən 4%-ə endirilməsini qərara alıb.
AMB qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyub.
Məsələyə münasibət bildirən Millət vəkili, tanınmış ekspert Vüqar Bayramov Bizim.Media-ya Mərkəzi Bankın faiz dəhlizinin 4 faiz həddinə endirməsi birbaşa bank sektorundakı izafi likvidliyin artıq olması ilə bağlı olduğunu bildirdi:
“İlkin qiymətləndirmələrə görə bank sektorunda son aylar izafi likvidlikdə kəskin artımlar var. Doğrudur, izafi likvidliyin artması daha çox sistem əhəmiyyətli bankların payına düşür. Nisbətən orta və nisbətən kiçik hesab olunan bankların izafi likvidlikdəki payı kifayət qədər kiçikdir. Buna rəğmən bank sektorundakı izafi likvidilik vəsaitlərin bir hisəsinin məhz çərçivə alətləri vasitəsi ilə strelizasiya edilməsi – yəni dövriyyədən çıxarılmasına tələb yaradıb”.
Millət vəkili onu da bildirdi ki, strelizasiya vəsaitlərin qismən dövriyyədən çıxarılması o deməkdir ki, izafi likvidilik bütövlükdə faizlərə, o cümlədən valyuta bazarına ciddi təsir göstərməsin:
“Çünki, izafi likvidliyin digər neqativ tərəfi ondan ibarətdir ki, valyuta bazarındakı tələb-təklifi dəyişə bilir. Nəzərə alaq ki, mövcud bank sektorunda bir sıra qısa müddətli yerləşdirmələr üzrə faizlər Mərkəzi Bankın aşağı faiz dəhlizindən xeyli aşağıdır. Bu da təbii ki, Mərkəzi Bankı aşağı faiz dəhlizinə yenidən baxmağa sövq etdi.
Bu baxımdan, bütövlükdə son addımda məqsəd izafi likvidliyin minumumlaşdırılması və faiz dəhlizləri vasitəsi ilə onların bir qisminin strelizasiyasını - yəni dövriyyədən çıxarılmasını nail olmaq və valyuta bazarında stabilliyin qorunub saxlanması, son nəticədə makrostabilliyi dəstəkləməyə xidmət edir”.
Bir sözlə Mərkəzi Bankın son qərarı birbaşa manatın möhkəmlənməsinə, xarici valyutaların dəyərsizləşməsinə hesablanmış bir addımdır. Bu isə onu deməyə əsas verir ki, dollar yaxın vaxtlarda manat qarşısında dəyərini bir qədər itirəcək.
Surxay Atakişiyev, Bizim.Media