“Hər bir ölkə üçün ərzaq təhlükəsizliyi ən vacib məsələlərdən biridir. Biz Azərbaycanda bu məsələləri həll edirik. Çalışırıq ki, Azərbaycan öz ərzaq tələbatını 100 faiz səviyyəsində özü təmin etsin. Mən tam əminəm ki, biz öz ərzaq təhlükəsizliyimizi yüz faiz səviyyəsində təmin edə bilərik. Hesab edirəm, bu məqsədə çatmaq üçün bizə bir neçə il lazımdır. Çünki bizim düşündüyümüz siyasət, regionlara qoyulan investisiyalar, eyni zamanda, son vaxtlar aparılan islahatlar ərzaq təhlükəsizliyini tam şəkildə təmin edəcəkdir. Hesab edirəm ki, digər sahələrdə də eyni yanaşma olmalıdır, nəyi özümüz istehsal edə biliriksə istehsal etməliyik”x9d.
Bu fikirləri prezident İlham Əliyev dünən Cəlilabada səfəri zamanı rayon sakinləri ilə görüşündə səsləndirib.
Maraqlıdır, görəsən bu gedişlə bizə ərzaq təhlükəsizliyimizi tam təmin etmək üçün neçə il lazım olacaq?
Tanınmış kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərəmli Moderator.az - ın bu sualını aşağıdakı kimi cavablandırıb:
"Ölkənin ərzaq təhlükəsizliyini tam təmin etmək üçün neçə il gərək olduğunu demək çox çətindir. Bu templə, siyasətlə heç 100 ilə də buna nail olmaq mümkün olmayacaq. Ərzaq təhlükəsizliyi o deməkdir ki, ölkə daxili istehsal hesabına özünün qida məhsullarına olan tələbatını tam ödəməklə yanaşı 20 faiz də ehtiyat yaratsın. Digər tərəfdən ərzaq təminatı dayanıqlı, keyfiyyətli və əhali üçün əlçatan olmalıdır. Azərbaycanın resurs imkanları bu kimi işlərin öhtəsindən gəlmək üçün yetərlidir, yaxın bir neçə ilə buna nail olmaq olar. Lakin ölkədə hələ ki, bunun əsası qoyulmayıb, uzun müddətdir ki, ortada söz-söhbətdən başqa heç nə yoxdur. Bu sahədə idarəetmə bərbad haldadır. Ölkənin ərzaq təhlükəsizliyi əsasən kənd təsərrüfatında normal biznes mühitinin yaradılmasından, bazar münasibətlərinin qaydaya salınmasından və əhalinin alıcılıq qabiliyyətinin yaxşılaşdırılmasından asılıdır. Kənd təsərrüfatında uzun müddətdir ki, problemlər öz həllini tapmır, əksinə, üst-üstə yığılaraq artmaqda davam edir. Təəssüflər olsun ki, bu sahədə mövcud olan problemlərin aradan qaldırılması istiqamətində hələ də ciddi addımlar atılmayıb. Əvvəllər olduğu kimi yenə də bu sahədə sistemsizlik, təsərrüfatsızlıq höküm sürür. Son zamanlar dövlət dəstəyi hesabına böyük fermer təsərrüfatları yaradırlar və ümid edirlər ki, belə təsərrüfatlar hesabına nəyəsə nail olacaqlar. Ancaq dünya təcrübəsi göstərir ki, istənilən ölkənin ərzaq təminatının 60-70 faizi kiçik və orta fermer təsərrüfatlarının hesabına ödənilir. Bu sahə riskli sahə olduğu üçün görülən tədbirlər düzgün ölçülüb-biçilməlidir. Kənd təsərrüfatında fəaliyyət göstərən kiçik və orta sahibkarların problemləri ilə maraqlanmırlar. Fermer istehsal etdiyi məhsulu sata bilmədiyini, bazara çıxışın olmadığını deyir, məmur problemi həll etmək əvəzinə “mən pomidor satanam?”x9d cavabını verir. Ümumiyyətlə, bu sahəyə investisiya qoyuluşu da azalıb."

























































































