Enerji effektivliyi xidmətləri ilə bağlı qaydalar müəyyənləşdi

Hazırda oxunan: Enerji effektivliyi xidmətləri ilə bağlı qaydalar müəyyənləşdi

89471

Nazirlər Kabineti “Enerji effektivliyi müqaviləsinin nümunəvi forması və şərtləri, habelə enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi Qaydası”nı təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Qaydaya əsasən, enerji effektivliyi xidmətlərinin həyata keçirilməsi üçün müqavilənin ayrılmaz tərkib hissəsi olan enerji effektivliyi üzrə tədbirlər planı icraçı tərəfindən tərtib edilir, sifarişçi ilə razılaşdırılır və icra edilir.

Enerji auditi keçirilmiş obyektlər üzrə tədbirlər planı enerji auditinin nəticəsinə əsasən tərtib edilə bilər.

Tədbirlər planı aşağıdakı hissələrdən ibarətdir:

- obyektdə enerjiyə qənaətə gətirib çıxaracaq tədbirlərin (qurğular, avadanlıq və cihazların dəyişdirilməsi, modifikasiyası, onların, həmçinin binaların, tikililərın modernizasiyası, yenidən qurulması, onların istismar və xidmət prosedurlarının dəyişdirilməsi) siyahısı;

- hər tədbir üzrə icra mərhələləri və icra müddəti;

- tədbirlər planının, o cümlədən hər tədbirin icrasına tələb olunan vəsait;

- tətbiq şərtləri (sifarişçi tərəfindən riayət ediləcək texniki tələblər, o cümlədən tikintiyə dair normativ sənədlər, texniki təhlükəsizlik və əməyin mühafizəsi tələbləri).

Tədbirlər planının icrasının ilkin mərhələsi olaraq obyektdə enerji resursları və isti suyun istehlakının miqdarını müəyyən edən ölçmə vasitələrinin mövcudluğu icraçı tərəfindən yoxlanılır, mövcud olmayanlar quraşdırılır, mövcud olanlar isə sazlandırılır və ya yenisi ilə əvəz edilir və istismara verilir.
Tədbirlər planının, o cümlədən hər tədbirin yekununda işlərin sifarişçi tərəfindən qəbul edilməsi təhvil-təslim aktı əsasında həyata keçirilir.

Təhvil-təslim aktı icraçı tərəfindən tərtib edilir və ona tədbirlər planına uyğun görülən işləri, habelə onlara çəkilən xərcləri sübut edən sənədlər əlavə edilir. Təhvil-təslim aktının təsdiq edilməsi qaydası müqavilə ilə müəyyən edilir.

Sifarişçi müqavilə müddəti ərzində modernizasiya (modifikasiya) edilən və ya quraşdırılan avadanlığın təyinatı üzrə, texniki və sanitariya-gigiyena tələblərinə əməl edilməklə istifadəsini təmin edir.

Sifarişçinin təqsiri nəticəsində həmin avadanlıqlarda yaranan nasazlıqlar sifarişçinin vəsaiti hesabına aradan qaldırılır.Tədbirlər planının icra müddəti ərzində tədbirlərin icrasında müəyyən edilən çatışmazlıqların aradan qaldırılması şərtləri və müddətləri müqavilə ilə müəyyən edilir.

İcraçı tədbirlər planının icrasından sonra müqavilə müddəti ərzində obyektdəki texnoloji proseslərə, modernizasiya (modifikasiya) aparılmış və ya quraşdırılmış avadanlığın istismarına, enerji resursları və isti suyun istehlakına nəzarəti həyata keçirir.
Müqavilədə nəzərdə tutulmuş hesabat dövrünün sonunda enerji resursları və isti suyun faktiki istehlak həcmləri ölçmə vasitələrinin göstəricilərinə əsasən sifarişçi və icraçının iştirakı ilə müəyyən edilir və icraçı tərəfindən üzləşmə aktı tərtib edilərək hesab-faktura ilə birgə sifarişçiyə göndərilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin