Azərbaycan Respublikası Prezidentinin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanının icrasına başlanıb.
Bu barədə Bizim.Media-ya Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda xatırladılıb ki, Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2022-ci il 19 iyul tarixində “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” fərman imzalanıb.
MÖVZU İLƏ BAĞLI:
Ərzaq buğdasına tətbiq edilən SUBSİDİYALAR – Sahibkarların taxılçılığa marağını artıracaq
Qeyd olunan fərmanın icrası çərçivəsində Nazirlər Kabineti tərəfindən qəbul edilmiş Sərəncama uyğun olaraq, Kənd Təsərrüfatı Nazirliyi iki ay müddətində Dövlət Ehtiyatları Agentliyi, İqtisadiyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla taxıl haqqında qanunvericiliyin təkmilləşdirilməsi, İqtisadiyyat, Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi və digər aidiyyəti dövlət orqanları ilə razılaşdırmaqla isə ərzaqlıq buğda istehsalçılarına müasir təsərrüfatların yaradılması və müasir suvarma sistemlərinin alınması üçün güzəştli şərtlərlə verilən kredit mexanizminin təkmilləşdirilməsi və dövlət zəmanətinin tətbiqi ilə bağlı təkliflər hazırlayaraq Nazirlər Kabinetinə təqdim edəcəkdir.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən tədbirlərin icrası nəticələrinin təhlilinə dair hesabatın hər il yanvarın 20-dək Nazirlər Kabinetinə təqdim edilməsi nəzərdə tutulur.
Dövlət Ehtiyatları Agentliyi Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırmaqla ərzaqlıq buğdanın istehsal xərclərini (maya dəyərini) və istehsalçının mümkün qazancını nəzərə almaqla, ərzaqlıq buğdanın dövlət tədarük qiyməti ilə bağlı təkliflərini cari il üzrə iyulun 28-dək, növbəti illər üçün isə hər il iyunun 10-dək Nazirlər Kabinetinə təqdim edəcəkdir.
Bizim.Media