Son günlərdə ölkəmizdə yüksək oktanlı benzinin qiymətinin artacağı ilə bağlı söz-söhbətlər gəzməkdədir.
Yayılan iddialara öz sosial şəbəkə hesabından münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanın sözlərinə görə 10-20 qəpik artım mümkündür və adətən artım bu səviyyədə olur.
Ekspert benzin qiymətlərindəki artımı zəruri edən səbəbləri izah etmək üçün bir sıra məqamlara aydınlıq gətirilməsinin vacibliyinə diqqət çəkib:
1. Ai-95 və Ai-98 markalı benzinlərin Azərbaycanın daxili bazarında qiymətinin 10 qəpik artması (və ya azalması) üçün xam neftin qiyməti nə qədər dəyişməlidir;
2. Xam neftin qiymətinin dəyişməsi ilə Azərbaycanın idxal etdiyi benzinin birja qiymətləri arasında əlaqə;
3. Azərbaycan yüksək oktanlı benzinin əsas hissəsini Rusiyadan idxal edir, bu ölkədə sanksiyalarla bağlı Ai-95 markalı benzinin topdansatış qiymətləri artım əvəzinə azalma nümayiş etdirib. 2022-ci ilin yanvarında Ai-95-in 1 tonunun Sankt-Peterburq birjasında orta qiyməti 55 min rubl olmuşdusa, iyun ayında 40,7 min rubla qədər azalma nümayiş etdirib.
4. Sonuncu dəfə Ai-95 və Ai-98 markalı benzinlərin qiyməti 2021-ci ilin 15 sentyabr tarixində dəyişdirilib. O zaman Brent markalı neftin qiyməti $75 ətrafında ticarət edilirdi. Düz 3 ay sonra neft təqribən 4% ucuzuna satılırdı. 2022-ci ilin fevrakın ortasında isə Brent 94 dollara qədər bahalaşmışdı. Ukrayna müharibəsi başlayandan sonra neft 100 dollar həddini aşdı və martın 8-də 130 dollara ticarət edilirdi. Yəni bazar qaydalarından çıxış etsəydik, hələ yanvarın sonunda Azərbaycanda idxal benzininin qiymətləri dəyişməli idi. Çünki Rusiyada belə topdansatış qiymətləri maksimuma çatmışdı.
MÖVZU İLƏ BAĞLI:
Benzin satışına limit tətbiqi nə ilə bağlıdır? – “Qiymətlər arta bilər”
Sonrakı iki ayda xam neftin qiymətləri ilin maksimumunu yaşadı. Amma ölkəyə idxal edilən benzinin qiyməti dəyişmədi.
İyunun 8-9 tarixlərində Brent mayla müqayisədə xeyli artım nümayiş etdirərək hər bareli üçün $123-125 həddinə çatdı. Amma ayın sonunda 108-109 dollara ticarət edilirdi. İyulda isə ilk günlər hərraclara $111 -lə başlayan Brent bu gün $107 ətrafında satılır. Ayın 6-7 tarixlərində isə $98-99 həddinə qədər eniş edib, çünki dünya iqtisadiyyatının artım templərinin xeyli azalacağına dair yeni proqnozlar verilmişdi”.
5) İdxal benzinin Azərbaycanda qiyməti artmalıdırmı? Statistikaya görə bəli. Amma niyə indi? Bunun izahını hesab edirəm iki qurum açıqlamalıdır:
- İqtisadiyyat nazirliyi
- SOCAR Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi
Məhz bu qurumlar kommersiya sirlərinə toxunmadan geniş istehlakçı auditoriyasına faktlarla (ədəbi-bədii cümlələrlə yerli KİV-də verilən izah göründüyü kimi qənaətbəxş olmadı) açıqlaya bilər ki, niyə, nədən və indi bu addım atılır”.
Murad Əhmədov, Bizim.Media