Azərbaycanda “Aİ-95” markalı benzinin qiymətinin qalxacağı gözlənilir. Bahalaşma dünya enerji bazarındakı qiymətlərdə dəyişikliklə əlaqələndirilir. Bəs yerli iqtsadçılar nə düşünür? “Aİ-95” markalı benzinin bahalaşmasına əsas varmı?
İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında qiymət artımı ilə bağlı verilən proqnozları belə əsaslandırıb:
“Bu benzin növü premium markalıdır və dövlət tərəfindən tənzimlənmir. Tarif Şurası 3 ilə yaxındır ki, “Aİ-95” markalı benzinin qiymətinə nəzarət etmir və siyahısından çıxarıb. Problem ondadır ki, o zaman bu benzin növü siyahıdan çıxarılanda dövlət orqanları bir neçə şirkətlərin iştirakı ilə rəqabətli mühitin yaradılacağını və qiymət tənzimlənməsi baş verəcəyini açıqlamışdılar. Amma bu, baş vermədi.
MÖVZU İLƏ BAĞLI:
Benzin satışına limit tətbiqi nə ilə bağlıdır? – “Qiymətlər arta bilər”
Ölkəyə bu benzini SOCAR-ın törəmə şirkəti gətirir və qiyməti də özləri diktə edir. Əgər bazarda böyük oyunçular olsaydı, fərqli qiymətlər görərdik. Çünki rəqibi və başqa alternativi yoxdur. Məsələn, qonşu Gürcüstanda benzinin qiymətləri dövlət tərəfindən tənzimlənməsə də, müxtəlif yanacaqdoldurma stansiyalarında tariflər fərqlidir”.
Ekspert digər markalı benzin növlərinin bahalaşması məsələsinə də toxunub.
O deyib ki, həmin benzin növlərinin qiymət artımı artıq dövlət qərarından asılı olacaq:
“İndiki qiymət artımı və inflyasiyanı nəzərə alsaq, nə dizel, nə də 92 markalı benzini bahalaşdırmaq düzgün olmazdı. Bu baş verərsə, növbəti kəskin inflyasiya ilə üzbəüz qalacağıq. Dizel yanacağının qiyməti qalxsa, hər bir sahədə də bahalaşma görə bilərik”.
Qeyd edək ki, hazırda “Azeri Light” markalı neftin 1 barelinin qiyməti 120 dollar ətrafında dəyişir.
Alçina Amilqızı, Bizim.Media