Neft bitəndən sonra nə edəcəyik? - Qərb, yoxsa Rusiya... 

Hazırda oxunan: Neft bitəndən sonra nə edəcəyik? - Qərb, yoxsa Rusiya... 

82773

Maraqlı hadisələr baş verir: Rusiya Şərqi Avropada (Ukraynada) sürətlə irəliləyir, amma siyasi müstəvidə Cənubi Qafqazı itirir. ABŞ-ın Cənubi Qafqazda ciddi şəkildə aktivləşməsi Rusiya-İran birliyinin yeni modelini də ortaya qoyub. Azərbaycanın Türkiyə vasitəsilə Qərbə yaxınlaşmasını Rusiya və İranın özünün maraqlarına zidd hesab edir. Diqqət ediriksə, Rusiya və İran Azərbaycanı birgə “vururlar”. 

Regionda və dünyada baş verən proseslər o qədər həssas hal alıb ki, kifayət qədər ehtiyatlı və təmkinli davranmaqdan başqa yolumuz yoxdur. Türkiyədə belə bir fikir var ki, Azərbaycanı Rusiyadan qoruya bilərik, amma İrandan yox! Ciddi və düşündürücü məsələdir. 
- Azərbaycan Qərb üçün əsasən enerji amilinə, təbii sərvətlərinə görə cəlbedicidir. Demokratik “dəyərlər”in təşviqi digər ölkələr kimi, Azərbaycana da təzyiq vasitəsidir. Azərbaycan neft-qazı istismar ediləndən sonra ölkənin Qərb üçün cəlbedici heç bir xüsusiyyəti də qalmayacaq. Hesablamalara görə, 2024-cü ildə neft gəlirləri kəskin şəkildə azalacaq, 2035-2040-cı illərdə isə neft ehtiyatları əhəmiyyətli dərəcədə tükənəcək. 

- Azərbaycan Rusiya üçün təkcə enerji amilinə, təbii sərvətlərə görə yox, həm də coğrafi, strateji mövqeyinə, tarixi xəritəsinə görə cəlbedicidir.

Rusiya imperializmi Belarus, Ukrayna, Moldova kimi Cənubi Qafqazı da öz ərazisi hesab edir. Bizim 15-20 il zamanımız var, əgər bu müddət ərzində ölkəni ayaqüstə saxlaya biləcək və neftdən asılı olmayan güclü iqtisadiyyat yaratmasaq, bu, Qərbin bizdən könüllü qopması, Rusiyanın təcavüzü ilə nəticələnə bilər. Bu gün neft ehtiyatları bizə ciddi manevr imkanları qazandırıb, sabah neft-qaz olmayandan sonra iqtisadi-siyasi müstəqilliyimizi də itirmək təhlükəsi ilə üz-üzə dayana bilərik. 

Qısa haşiyə: Müharibə başlayandan bu günə qədər Rusiyanın Ukraynada işğal etdiyi ərazinin sahəsi təxminən 130 min km2-dir. Bu, Gürcüstan ərazisindən təxminən 2 dəfə, Ermənistan ərazisindən isə 4 dəfə böyük ərazi deməkdir. Rusiyanın ələ keçirdiyi torpaqların sahəsi Azərbaycan ərazisindən də böyükdür. 

Rusiyanın Azərbaycana hərbi təhdid imkanları o vaxt az olardı ki, Dağıstan və Çeçenistan müstəqil ölkə olsun və ortada bufer bölgə yaransın. O da yoxdur. 

Bəs təhlükələr hansı istiqamətlərdən boylanır? 

Ölkənin şimalından Rusiyanın müdaxiləsi (“şimal cəbhəsi”), şərqdə İranın aktivləşməsi (“Bakı kəndləri”), qərbdə qisasçi erməni qüvvələrin (“Qarabağa klanı”) aktiv fazada fəaliyyət quracağı ehtimalı bəlli təhlükələrdir. Bəs nə etməliyik? Heç şübhəsiz, Rusiya ilə mehriban qonşuluq siyasəti əsas prioritet kimi öz strateji əhəmiyyətini saxlamalıdır. 

Proseslərin təhlili göstərir ki, bu gün regionda baş verən hadisələr bir çox hallarda 100 il bundan öncə baş verən hadisələrin təkrarıdır. 1918-ci ildə məğlub imperiya kimi Çar Rusiyasının parçalanmasından sonra Cənubi Qafqaz ölkələri Qərbə yön aldılar.
Qısa müddət sonra Rusiya imperiyanın yeni formatına - “ittifaq”a çevrildi, Cənubi Qafqaz ölkələri də müstəqilliklərini itirmiş oldular. 1991-ci ildə SSRİ dağılandan sonra isə Rusiya “federasiya” modelinə keçdi, hazırda tərkibində 22 respublika mövcuddur.  

Müəllif: Samir Feyruzov 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin