Son günlərdə sosial şəbəkələrdə Aİ-95 markalı benzinin limitlə satıldığı ilə bağlı şikayətlər yayılmağa başlayıb. Belə ki, sürücülər əksər yanacaqdoldurma məntəqələrində Aİ-95-in 30 litrdən artıq satılmadığını bildirirlər.
Onların sözlərinə görə, yanacaqdoldurma məntəqələrində çalışan operatorlar 30 litrlik limitlə bağlı rəhbərlik tərəfindən qəti əmr gəldiyini qeyd ediblər.
Bu isə sosial şəbəkə istifadəçiləri arasında premium benzinin qiymətinin yüksələcəyi ilə bağlı söz-söhbətlərin yayılmasına səbəb olub.
MÖVZU İLƏ BAĞLI:
Benzin və dizel bahalaşacaq? - "SOCAR PETROLEUM" aydınlıq gətirdi
Limit və qiymət artımı iddialarının həqiqətə nə dərəcədə uyğun olduğunu öyrənmək üçün “SOCAR Petroleum” QSC ilə əlaqə yaratmağa çalışsaq da, cəhdlərimiz nəticəsiz qalıb.
Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov qeyd edib ki, Aİ-95 markalı benzinin qiyməti faktiki olaraq dövlət tərəfindən tənzimlənmir:
“Eyni zamanda bu sahə yenə də dövlətin nəzarətindədir, çünki premium benzin SOCAR tərəfindən ölkəyə idxal olunur. Dolayısıyla burada süni qıtlığın yaradılması ona işarədir ki, qiymətlər arta bilər. Dünya bazarlarındakı qiymətlər də bu artımı şərtləndirir. Lakin son günlərdə neftin qiymətində zəif də olsa azalma müşahidə olunur. Xüsusilə də, qlobal istiqadi resessiya fonunda neft ucuzlaşır. Bu da o deməkdir ki, Aİ-95 markalı benzinin də maya dəyəri ucuzlaşa bilər”.
Ekspertin sözlərinə görə, satış limitinin tətbiqi texniki problemlərlə də bağlı ola bilər:
“Çünki bəzi hallarda məhsulun çatıdırılmasına gecikmələr baş verir, yaxud da ehtiyatlarda müəyyən dövr üçün qıtlıq və azalma müşahidə olunur. Bu cür vəziyyətlərdə satışa limitlər tətbiq oluna bilər. Lakin hal-hazırda limit tətbiqinin səbəbini dəqiq müəyyən etmək çətindir”.
Xatırladaq ki, may ayında da sosial şəbəkələrdə yanacaqdoldurma məntəqələrində dizel yanacağının limitlə satılması ilə bağlı xəbərlər yayılmışdı. Həmin vaxt dizel yanacağın qiymətinin 0,80 manatdan 1 manata qalxacağı ilə bağlı söz-söhbətlər yayılsa da hələlik hər hansı qiymət artımı müşahidə olunmayıb.
Murad Əhmədov, Bizim.Media