“Manatın indi üzən məzənnəyə keçməsi real deyil. Üzən məzənnəyə keçən kimi manat kəskin düşəcək və devalvasiya baş verəcək. Ölkədə iqtisadi vəziyyət yaxşı olan zaman üzən məzənnəyə keçilsə, manat əksinə möhkəmlənəcək. Bu gün bunu etmək olmaz və inanmıram ki, etsinlər”.
Bu fikirlərlə Bizim.Media-ya açıqlamasında iqtisadçı-hüquqşünas Əkrəm Həsənov çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
AMB manatın ucuzlaşması ilə bağlı açıqlama verdi
Onun sözlərinə görə üzən məzənnəyə iqtisadiyyatda və maliyyə sistemində vəziyyət normal olanda keçmək daha məqsədəuyğundur:
“Böhran vəziyyətində belə kəskin addıma getmək düzgün deyil. Əgər Mərkəzi Bank 2015-ci ilin devalvasiyasından əvvəl, 2010 və 2012-ci illərdə üzən məzənnəyə keçsəydi, bizi 2015-ci ildən başlayan devalvasiya böhranı gözləməzdi. Manat üzəcəkdi, hamı buna öyrəşəcəkdi və planlarını da buna uyğun quracaqdı. Amma 2015-ci ildə devalvasiya oldu və problem yarandı”.
2017-ci ildə ölkədə iqtisadi vəziyyətin sabitləşdiyini qeyd edən ekspert o illərdə Mərkəzi Bankın kadr çatışmazlığı səbəbindən işinin öhdəsindən gəlmədiyini xatırladıb:
“O zaman çıxış etmişdim ki, artıq üzən məzənnəyə keçmək lazımdır. Mərkəzi Bank isə bunu etmədi. İşini mükəmməl bilən, dürüst və savadlı şəxslər buna keçsəydi, vəziyyət normallaşacaqdı. Bu gün isə neftin qiyməti və pandemiya buna imkan vermir”,- deyə Əkrəm Həsənov əıavə edib.
Azərbaycan Mərkəzi Bankı manatın ucuzlaşması ilə bağlı mətbuatda və sosial şəbəkələrdə gedən xəbərlərlə bağlı açıqlama verib.
Bank manatın ucuzlaşması ilə bağlı iddiaların əsassız olduğunu bildirib:
“Neftin qiymətinin ötən illə müqayisədə artdığını, "OPEC+"ın son toplantısında neft hasilatı ilə bağlı müsbət qərarların qəbul olunduğunu, bütün dünyada artıq COVID-19 virusuna qarşı vaksinasiya proqramlarının başlandığını və Dövlət Neft Fondunun əhəmiyyətli məbləğdə transfertlərini nəzərə alaraq qeyd edirik ki, manatın ucuzlaşması ilə bağlı iddialar əsassızdır. Bu baxımdan hesab edirik ki, nağd valyuta ilə bağlı artan tələb müvəqqəti xarakter daşıyır və qısa zamanda səngiyəcək".
Məlumat üçün bildirək ki, makroiqtisadi sabitliyin təmin olunması, həyata keçirilən iqtisadi islahatlar, dollarlaşma meyllərinin səngiməsi və digər amillər nəzərə alınaraq, 2021-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülüb.
Bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.
Maliyyə Nazirliyi hesab edir ki, inflyasiya səviyyəsinin tənzimlənməsi və məzənnə sabitliyi baxımından makroiqtisadi risklərin reallaşmaması ortamüddətli dövrdə əhalinin sosial rifah göstəricilərində müsbət təsir göstərəcək.
Alçina Amilqızı,Bizim.Media