2022-2026-cı illərdə işğaldan azad edilmiş ərazilərdə yaşıl texnologiyaların tətbiqi: enerji dəhlizi, damüstü günəş enerjisistemləri, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələri quraşdırılacaq.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda əksini tapıb.
Nazirlər Kabinetinin sərəncamı Azərbaycan Prezidentinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” 2021-ci il 3 may tarixli 2620 nömrəli sərəncamına əsasən qəbul edilib.
Sərəncamla təsdiq edilmiş Tədbirlər Planı çərçivəsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi üzrə dövlət və özəl təşkilatlar tərəfindən müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur.
Bu tədbirlər elektrik enerjisi və qaz təchizatı məqsədilə nəql və paylayıcı şəbəkələrin qurulmasını, Naxçıvandan keçməklə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizinin yaradılmasını, bərpa olunan enerji mənbələrinin potensialının ölçülməsini, Xudafərin və Qız Qalası su elektrik stansiyalarının, habelə Cəbrayıl rayonunda günəş, Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisini əhatə edir.
Eyni zamanda, sözügedən tədbirlər yaşıl texnologiyaların tətbiqi istiqamətində damüstü günəş enerjisistemlərinin quraşdırılmasını, küçə və yolların işıqlandırılmasında enerji səmərəli yaşıl texnologiyalarının tətbiqini, nəqliyyat vasitələri üçün elektrik doldurma məntəqələrinin quraşdırılmasını da əhatə edir.
Bizim.Media