Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “rəqəmsal manat” konsepsiyasının hazırlanması nəzərdə tutulub.
Bizim.Media xəbər verir ki, bu barədə “Fintex Sammmit” Maliyyə və Texnologiya sərgisində çıxış edən Azərbaycan Mərkəzi Bankının Ödəniş Sistemləri və Hesablaşmalar Departamentinin baş mütəxəssisi Rəşad Qasımov bildirib. Onun sözlərinə görə, sözügedən konsepsiyasının hazırlanmasında da xarici mərkəzi bankların təcrübəsindən istifadə olunur.
Bəs “rəqəmsal manat” konsepsiyası nədir və onun nə kimi üstünlükləri olacaq?
Sualımızı bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov cavablandırıb.
MÖVZU İLƏ BAĞLI:
Mərkəzi Bank pul bazasının azalmasının səbəblərini AÇIQLADI
O, Bizim.Media-ya açıqlamasında bildirir ki, yeni konsepsiya vasitəsilə ödənişlər həyata keçirmək daha rahat olacaq. Amma bu sahədə yetəri qədər kadr ehtiyatı yoxdur:
“Müasir günümüzdə rəqəmsal valyutalar, kriptovalyutalar çox populyardır. Amma sadə rəqəmsal valyutadan söhbət gedirsə, o zaman AMB təkcə sadə kağız yox, virtual pullar da istifadəyə verəcək. Həmçinin elektron internet bankiqlə hamı birbaşa Mərkəzi Banka çıxışla rahat ödənişlərini həyata keçirəcək. Bununla da kommersiya banklarına ehtiyac duymadan, hamının sözügedən elektron pula çıxışı olacaq.
Dünyanın aparıcı ölkələrinin - Çin, Yaponiya, Niderlandın da mərkəzi bankları bəyan ediblər ki, onlar da rəqəmsal valyuta konsepsiyasına keçəcəklər. Amma bizdə bu sahəyə keçid üçün yetərli kadrlar yoxdur”.
Həmçinin ekspertin sözlərinə görə, Milli Bank qarşısında duran digər önəmli məsələləri ön plana çəkərək icra etməlidir:
“Lakin Mərkəzi Bankın hələ də etmədiyi bir neçə məsələ var ki, onlar haqqında düşünülsə daha yaxşı olar. Mərkəzi Bank 15 ildir ki, ödəniş sistemləri haqqında bir qanun layihəsini hazırlayıb qəbul etdirə bilmir. 2004-cü ildən bu günə qədər isə bir bank məcəlləsini ortaya qoymayıb”, - deyən Ə.Həsənov bu istiqamətlər üzrə işlərin görülməyini daha vacib hesab edib.
Səkinə Yusibli, Bizim.Media