Dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər

Hazırda oxunan: Dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər

79831

2022-ci ilin dövlət büdcəsinə yenidən baxılmasını şərtləndirən amillər və makroiqtisadi proqnoz göstəriciləri məlum olub. 

Bizim.Media xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Dövlət büdcəsi parlamentdə müzakirəyə çıxarıldı


Layihəyə əsasən, 2022-ci ilin dövlət büdcəsində neft gəlirlərinin təsdiq olunmuş göstəricidən 2040,0 milyon manat, qeyri-neft gəlirlərinin isə 1534,3 milyon manat artıq olacağı və ümumilikdə dövlət büdcəsinə 3574,3 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır. 

2022-ci il ərzində dövlətin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi və ərzaq təhlükəsizliyinin təmin edilməsi kimi, bir sıra zəruri tədbirlər dövlət büdcəsi qarşısında 2985,7 milyon manat həcmində maliyyə tələbatını formalaşdırır. 

Həmin tələbatın dövlət büdcəsinin əlavə gəlirləri və mövcud ehtiyatları hesabına maliyyələşdirilməsi “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq, dövlət büdcəsinə yenidən baxılması zərurətini yaradır. 
Dövlət büdcəsinə yenidən baxılmaqla, yuxarıda qeyd olunan xərc tələbatının Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 mart tarixli 1637 nömrəli Fərmanına əsasən büdcə qaydasının hədəf göstəriciləri (icmal büdcənin qeyri-neft baza kəsiri və dövlət borcu) üzrə müəyyən edilmiş yuxarı hədlərə riayət edilməklə aşağıdakı qaydada maliyyələşdirilməsi nəzərdə tutulur: 

- Əlavə qeyri-neft gəlirləri hesabına – 1351,1 milyon manat; 

- Əlavə neft gəlirləri hesabına – 847,5 milyon manat; 

- Dövlət büdcəsində yerdəyişmələrin aparılması hesabına (Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün ayrılan vəsaitin artırılması və digər xərclərin tənzimlənməsi) – 560,8 milyon manat; 

- Qeyri neft gəlirlərinə aid olan “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun 2022-ci ilin əvvəlinə qalığı hesabına 181,0 milyon manat və “Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu”nun qalığı hesabına 2,3 milyon manat; 

- Dövlət büdcəsinin genişlənmiş kəsirinin maliyyələşmə mənbəyi kimi daxili borclanma hesabına – 43,0 milyon manat. 

Bununla yanaşı, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1192,5 milyon manat məbləğində olan hissəsi dövlət büdcəsinin əlavə neft gəlirləri hesabına əvəzləşdirilir və transfert müvafiq həcmdə azaldılır ki, bu da Dövlət Neft Fondunun aktivlərinin daha da artımını şərtləndirəcək. 
Dövlət büdcəsinə yenidən baxılması ilə artırılacaq büdcə xərclərinin əhəmiyyətli hissəsinin investisiya yönümlü xərclərin təşkil etdiyini və bu xərclərin iqtisadi artıma təsirini nəzərə alaraq, qeyri-neft ÜDM-in real artım tempinin 5,5 faizə, ÜDM-nin 115,4 milyard manata o cümlədən, qeyri-neft ÜDM-in 65,7 milyard manata qədər artacağı gözlənilir. Orta illik inflyasiyanın 12,5 faiz olacağı proqnozlaşdırılır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin