“Mərkəzi Bankın sərəncamında olanda həmin funksiya işlək deyildi”.
Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası İqtisadi Şurası Katibliyinin funksiyasının həyata keçirilməsinin Mərkəzi Bankdan alınıb Nazirlər Kabinetinə həvalə edilməsinə münasibət bildirərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
Prezident Mərkəzi Bankın səlahiyyətlərini AZALTDI
“Ümumiyyətlə, ötən dövr ərzində həmin funksiyasının hansısa formada Mərkəzi Bankın fəaliyyətində öz əksini tapdığını görmədik.
Mərkəzi Bankın rəhbərliyilə İqtisadi Şuranın hansısa toplantılarını, aldıqları qərarları görmədik. Bu da o deməkdir ki, Mərkəzi Bankın sərəncamında olanda həmin funksiya işlək deyildi. Həmçinin, bu funksiyanın ümumiyyətlə Mərkəzi Bankın fəaliyyətinə birbaşa aydiyyatı yoxdur.
MB-nin əsas vəzifəsi makroiqtisadi sabitlik və inflyasiya ilə mücadilədir. Ona görə MB dövründə sözügedən funksiya sırf formal xarakter daşıyırdı.
Nazirlər Kabineti İqtisadi siyasətin kordinasiya mərkəzidirsə, həmin funksiyanın bu qurumda olması ən azından məntiqlidir. Görək praktikada bu hansı nəticə verəcək”.
Rüfət Sultan, Bizim.Media