İranla 5+1 ölkələrini bir araya gətirən iqtisadi maraqlar...

Hazırda oxunan: İranla 5+1 ölkələrini bir araya gətirən iqtisadi maraqlar...

77625
İranla Amerika arasında çoxillik buzlaqların əriməsi, münasibətlərin normallaşmağa istiqamət alması, beynəlxalq siyasi qarşıdurmanın bir cəbhədə aradan qaldırılmısı baxımından məqbul sayıla bilər. Bu vaxta qədər müəyyən mərhələlərdə dünya İran-Amerika, İran-NATO münasibətlərinin böhran fazasına girəcəyi qorxusunun həyəcanını yaşayıb. Çünki bu iki tərəf arasında aktiv münaqişənin yaşanması bütün dünya üçün hərtərəfli itkilərə səbəb olardı. İndiki mərhələdə artıq dünya bu həyəcandan qurtulmaq ərəfəsindədir. Yəqin ki, 30 iyunda rəsmi razılaşmanın şahidi olacağıq. Bu ehtimalı gücləndirən yeganə səbəb isə Yeni Dünya Düzəni - dünya dövlətinin sözügedən razılaşmaya ehtiyacının olmasıdır. Təbii ki, bu razılaşmanın kimin işinə daha çox yaraması barədə heç bir tərəf səmimi etirafda bulunmayacaq. Lakin müstəqil müşahidələrlə bunu müəyyən etmək çox asandır. Danışıqların inkişafı mərhələsinə nəzər saldıqda, görünür ki, İran İslam Respublikası bu razılaşmada daha az güzəştlərə gedir, demək olar ki, rəsmi Tehranın təklifləri əvvəlki danışıqlardan heç nə ilə fərqlənmir. Amma 5+1 (ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya) dövlətləri çox həvəslə güzəştlərə gedir, hətta İran rəsmilərinin razılaşma əldə edilməyəcəyi təqdirdə təhdidləri olacağı barədə bəyanatlarına belə cavab vermirlər. İran rəsmilərinin təhdidedici bəyanatlarına Qərbin və Amerikanın yalnız qeyri-hökumət təşkilatları cavab verməyə cəsarət edir. Dövlətin rəsmi şəxsləri və qurumları isə susmağa üstünlük verir. Hətta İranın rəsmi şəxsləri də etiraf edir ki, indiki razılaşmanın onlara müsbət təsirləri olsa da, bu razılaşmanın təşəbbüskarı qarşı tərəfdir (5+1 ölkələri). Bəs buna səbəb nədir, İranı indiyə kimi hər vəchlə küncə sıxışdıran qüvvələr nədən indiki dönəmdə rəsmi Tehranın nazı ilə oynayır?
Bunun həm siyasi, həm də iqtisadi səbəbləri var. Hədəf prosesin iqtisadi tərəfi olduğundan, elə iqtisadi səbəblərdən başlayırıq. Əvvala, son 10 ildə Avropa iqtisadiyyatında böhranların bir-birini əvəzləməsi, onların getdikcə şiddətlənməsi iqtisadi Avroməkanın genişləndirilməsi barədə düşüncələri intensivləşdirib. Bu baxımdan Avropa ölkələrinin bir neçəsi, əsasən də İspaniya, Yunanıstan və Almaniya İran iqtisadiyyatının qapalı orbitdən çıxarılaraq onun potensialından istifadə etmək perespiktivini məqbul qiymətləndirir. İndiki şəraitdə ən azı Avropa ölkələrini sərfəli enerji resursları ilə təmin etmək öhtəliyinin bir hissəsini İran yerinə yetirə bilər. Bu hər iki tərəf üçün iqtisadi cəhətdən səmərəli görünür. Çünki hazırda Avropanın enerji təminatının 20 faizinə qədəri Amerikanın şist nefti hesabına təmin edilir. Lakin Avropa üçün Amerikanın şist neftindənsə, İranın ənənəvi üsullarla hasil edilən nefti iqtisadi və təhlükəsizlik baxımından daha sərfəlidir. Burada həm enerji resurslarının hasilat, həm də nəqletmə xərcləri müqayisə etdikdə İranın xeyirinə ciddi fərqlər ortaya çıxır. Bu razılaşmanı stimullaşdıran amillərdən biri olaraq, bu məsələ illərdən bəri Avropa ölkələrinin bir çoxunun dəstəklədiyi təklifdir.
Digər tərəfdən, bu gün həm Avropa, həm də ABŞ Qərbi rus enerji daşıyıcılarından asılılığını minimuma endirmək və ya aradan qaldırmaq üzərində baş sındırır. İndiki şəraitdə isə İranın enerji mənbəyinə çevrilməsi onların işinə ikitərəfli yarayır. İranın dünya iqtisadiyyatına inteqrasiyası bir tərəfdən Avropanın Rusiyadan enerji asılılığını azaldır və ya aradan qaldırır, digər tərəfdən isə perspektivdə Rusiya və İran arasında iqtisadi rəqabəti alovlandırır ki, bu da onların arasında siyasi münasibətlərin soyumasına yol açacaq. Hazırda yaşanan Rusiya-NATO qarşıdurmasında bu gediş Rusiyanın zəiflədilməsi, NATO-nun sürdürdüyü tükəndirmə siyasətinin daha səmərəli nəticə verməsi üçün xüsusilə əhəmiyyətlidir. Bu səbəbdən də İranın nüvə proqramı ətrafında razılaşmanın əldə edilməsi, yalnız İran üçün deyil, hətta qarşı tərəf (5+1 ölkələri qismində NATO) üçün daha çox strateji əhəmiyyət daşıyır. 
Bununla yanaşı, məlum olduğu kimi dünya bazarında neftin hazırki qiyməti onun real iqtisadi dəyərini özündə ehtiva edə bilmir. Belə ki, düna iqtisadiyyatının "qan"ı sayılan neft hazırda ən ucuz başa gələn məhsullardan, sudan belə ucuz satılır. Necə deyərlər, hazırda neft su qiymətinədir. Sözsuz ki, bu iqtisadi proseslərin deyil, indiki dünya siyasətinin nəticəsi kimi ortaya çıxıb. Bİr qədər sadələşdirsək, neftin dünya bazarındakı hazırki qiymətlərini NATO ölkələrinin Rusiya ilə aralarında yaşanan siyasi problemlərdən dolayı bütün neft ixrac edən ölkələrə açılan yaylım atəşi kimi qiymətləndirmək olar. NATO-nun, əsasən də ABŞ-ın hədəfi Rusiya iqtisadiyyatının tükəndirilməsi olsa da, bu prosesdən bütün neft ölkələri, o cümlədən də Azərbaycan siddi itkilərə məruz qalır. Digər tərəfdən də ABŞ hökuməti iqtisadiyyatını öz siyasi ambisiyalarına qurban vermək məcburiyyətində qalır. Belə ki, dünya bazarında neftin qiymətinin kəskin ucuzlaşdırılması ideyası sadə, həyata keçirilməsi isə olduqca çətin olan bir üsuldan istifadə edilir. ABŞ hökuməti son 40 ildə qapatdığı bütün neft quyularının və şist yataqlarının geniş hasılatına başlayıb. Belə geniş hasilat nəticəsində dünyanın neft bazarında təklif tələbi bir neçə dəfə üstələməyə başladı. Təklif tələbi üstələdikdə isə sadə bazar qanunlarına əsasən qiymətlərin ucuzlasması təbi bir proses sayılır. Lakin bu məhsul bolluğunu yaratmaq və onunla qiymətləri idarə etmək üçün bazarı mütamadi olaraq ucuz məhsulla təmin etmək gərəkdıir. Hazırda bu proses ABŞ, Səudiyyə Ərəbistanı və İraq nefti hesabına davam etdirilir. Bu üç ölkədən siyasi baxımdan aparıcı olan ABŞ-ın artıq ehtiyatları tükənməkdədir. Hətta bir neçə ay əvvəl Amerikanın bir sıra neft şirkətləri müflisləşmə ərəfəsində olduğundan tətil etmişdilər. Düzdür, həmin şirkətlər özəldir, onun özü üçün iqtisadi cəhətdən səmərəli olmayan işlə məşğul olmağa məcbur edilə bilməz. Lakin həmin proseslərin gedişi göstərdi ki, ABŞ hökuməti ölkədə fəaliyyət göstərən neft hasil edən şirkətlərlə danışıqlara gedərək onları öz siyasətinin bir vasitəsinə çevirib. Sonradan tətillərin dayandırılması onun göstəricisidir ki, rəsmi Vaşinqton neft şirkətlərinin bütün itkilərini və mənfətlərini kompensasiya etməyə razılaşdı. Göründüyü kimi, prosesi davam etdirmək üçün yeni nəfəsə ehtiyac var. Bu yeni nəfəsverici qüvvə namizədliyinə isə dünyada neft ehtiyatlarına görə dördüncü, qaz ehtiyatlarına görə isə ikinci pillədə qərarlaşan İrandan başqa bir namizəd tapmaq çətindir. Elə bu səbəbdən də ABŞ və Avropa öz seçimini etdi - İran üzərindən sanksyaları götürərək, onun iqtisadi imkanlarını öz beynəlxalq siyasətinin bir vasitəsinə çevirdi.

Prosesin Azərbaycan iqtisadiyyatına təsiri

Bütün baş verən proseslərdən dolayı yaxın 5-10 il ərzində İran iqtisadiyyatı sürətlə inkişaf edərək regionun iqtisadi güc mərkəzinə çevrilməsi artıq qaçılmazdır. Səthi proqnozlaşdırmadan o qənaətə gəlmək olar ki, İran iqtisadiyyatı 10 il ərzində 2,5 - 3 dəfə artaraq bir trlyon dollar civarına gəlib çata bilər. İran yaxın gələcəkdə dünya bazarına gündə 7-8 milyon barel neft, ildə 80 milyard kubmetr qaz çıxarmaq potensialına məlik olacaq. Lakin İranın imkanları bununla da məhdudlaşmayacaq. TANAP-a qoşulduqdan sonra neft ixracatını daha 20 faiz arta biləcək. Bu isə o deməkdir ki, İran iqtisadiyyatı bölgənin ən böyük iqtisadi güc mərkəzinə çevriləcək. Bununla yanaşı, İran enerji mənbəyi kimi ortaya çıxdıqdan sonra Avropanın Orta Asiya və Xəzər hövzəsinə, bundan da dolayı Qafqazlara və Azərbaycana marağı azalacaq. İranın iqtisadi potensialı artığı üçün Ermənistanla da ticarət-iqtisadi əlaqələri güclənəcək. Bu da Azərbaycana düşmən olan ölkə kimi Azərbaycanın maraqlarına zidd meyillərin sürətlə inkişaf etməsinə - Ermənistan iqtisadiyyatına yeni nəfəsin verilməsinə, bundan dolayı Rusiyanın ölkəmizə Ermənistan vasitəsilə təzyiqlərin daha da intensivləşməsnə gətirib çıxaracaq.
Yuxarıda qeyd edilən iqtisadi amillərin təsiri altında Azərbaycan ətrafında siyasi vəziyyət də köklü şəkildə dəyişəcək. Azərbaycana Avropanın maraqlarının azalması, artıq onun balanslaşdırılmış siyasət aparmaq imkanlarını kifayət qədər məhdudlaşdıracaq. Bununla yanaşı ölkə daxilində demokratikləşmə prosesinin inkişaf etdirilməsi qaçılmaz olacaq. Ona görə də Azərbaycan yeni dönəmə həm də siyasi baxımdan ciddi hazırlaşmalıdır.
İranın dünya bazarına ucuz enerji təklifi neftin daha uzun müddətə ucuz qiymətə satılmasını təmin edə biləcək ki, bu da Azərbaycanın iqtisadi maraqlarına daban-dabana zidd olan prosesdir. Hadisələrin inkişafı göstərir ki, Rusiyaya qarşı aparılan tükəndirmə siyasəti ən azı bir neçə il davam edəcək. Deməli, bütün bu illər ərzində neftin qiyməti bahalaşmayacaq. Ona görə də Azərbaycan öz iqtisadiyyatını heç olmasa bundan sonra post-neft dönəminə hazırlamağa başlamalı, genişmiqyaslı, minimum maliyyə tutumlu, iqtisadi cəhətdən səmərəli layihələr vasitəsilə iqtisadi islahatlara başlamalı, ölkə iqtisadiyyatının dünyaya tam açılması üçün münbit şəraitin yaradılmasını təmin etməlidir.
Digər tərəfdən, İranın iqtisadiyyatının Avropaya daha geniş açılacağı səbəbindən Azərbaycan-İran ticarət dövriyyəsinin nisbəti İranın xeyirinə dəyişəcək. Yəni Azərbaycan indiyə qədər az-çox İrana nə idxal edirdisə, onu artıq Avropanın daha keyfiyyətli malları əvəzləyəcək, bizim üçün kiçik də olsa bazar itkisi baş verəcək. Əvəzində isə İrandan bizə idxal prosesi daha da intensivləşəcək ki, bu da daxili istehsalçıların tənbəlləşməsini stimullaşdıracaq. 
Düşünürük ki, hələ hər şey itirilməyib və hökumət regionda gedən prosesləri nəzərə alaraq yeni iqtisadi inkişaf strategiyası hazırlamalıdır. Lakin bu strategiyanı hökumət təkbaşına deyil, vətəndaş gəmiyyətinin bütün üzdə olan iqtisadçılarının və millət vəkillərinin iştirakı ilə hazırlamalıdır. Proqramın həyata keçirilməsinə gəldikdə isə şəffaflıq o səviyyədə təmin edilməlidir ki, vətəndaş cəmiyyəti də prosesi yaxından izləyə və prosesə müdaxilə edə bilsin.

Akif Nəsirli, iqtisadçı ekspert

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin