Neftin bahalaşması Azərbaycana nə vəd edir? – DEPUTATIN ŞƏRHİ

Hazırda oxunan: Neftin bahalaşması Azərbaycana nə vəd edir? – DEPUTATIN ŞƏRHİ

76917

“Qlobal bazarlarda neftin dünya bazar qiymətində yenidən kəskin artımlar qeydə alınıb. Belə ki, yalnız may ayında Brent markalı neftin qiyməti 17 faiz artaraq hər barel üçün 105 dollaran 123 dollaradək yüksəlib. Bəs, neftin bu şəkildə kəskin bahalaşması nə ilə bağlıdır və Azərbaycana nə vəd edir?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov özünün Facebook səhifəsində yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


Onun sözlərinə görə, “qara qızılın” qiymətindəki artımlar Çində karantin qaydalarının yumşalması və Brüsseldə Avropa İttifaqının Rusiya neftindən imtina müzakirələri ilə əlaqədardır:

“Eyni zamanda, neftə qlobal tələbin artması kontekstində dünya bazarında təklifin azalacağı tərəddüdləri də birjalara təsirsiz ötüşmür. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, Azərbaycan 2021-ci ildə 27 milyon 116 min ton xam neft və xam neft məhsulları ixrac edib. Bu o deməkdir ki, il ərzində xaricə 173 milyon 271 min barel neft göndərilib və gündəlik ixracat orta hesabla 427 min 715 barel olub”.

Millət vəkili əlavə edib ki, 2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiymətinin 50 dollar müəyyənləşdirildiyini nəzərə alsaq, neftin illik orta qiyməti yüksək olarsa Dövlət Neft Fonduna daxilolmaları artıracaq və valyuta ehtiyatlarımız çoxalacaq:

“Bu baxımdan, neft bazarındakı son tendensiya bütövlükdə neft ölkələri üçün arzuolunan dəyişiklikdir. Bununla yanaşı, neftin qiymətinin kəskin artımları neft bazarı üçün potensial risklər formalaşdırır. Qiymət artımları bir tərəfdən gündəlik 12 milyon xam neft hasil edən Birləşmiş Ştatlarda şişt neft hasilatını artıracaq, digər tərəfdən bazarda “köpüklər” yaradacaq. Bu baxımdan, artan qiymətlərin yenidən aşağı enməsi istisna edilmir".

Vüqar Bayramov vurğulayıb ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımından vacibdir:

“Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur. Amma neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin