Azərbaycanın enerji xətləri Türkiyəyə birləşdiriləcək - FOTO

Hazırda oxunan: Azərbaycanın enerji xətləri Türkiyəyə birləşdiriləcək - FOTO

76717

“Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılmasının ilk addımlarıdır. Bununla da Naxçıvan Muxtar Respublikası uzun illərdən sonra Azərbaycanın ümumi enerji sisteminə qoşulacaq. Yəni Cəbrayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə ediləcək. 

Bizim.Media xəbər verir ki, bu fikirləri "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Teymur Abdullayev layihənin icrası və əhəmiyyəti haqqında jurnalistlərə məlumat verərkən səsləndirib.

“Bu layihə ümumilikdə işğaldan azad olunmuş ərazilərdən əlavə ölkəmiz üçün də çox böyük önəmli bir layihədir. Çünki bu ölkələrarası beynəlxalq enerji layihəsidir. Bu layihənin gerçəkləşməsi üçün ilk növbədə Ağcabədi və İmişlidə 330 kv yarımstansiyalar qurulacaq. Ağcabədi və İmişlidən 132 və 130 km olmaqla 330 kv Cəbrayıla elektrik veriliş xətti çəkiləcək.

Və Cəbrayılda bu gördüyünüz qovşaq yaradılacaq. Yarımstansiyanın tikilməsinin önəmli tərəflərindən biri də məhz bu qovşaq yarımstansiya vasitəsi ilə yaxınlıqdakı “Xudafərin” və “Qız qalası”, Günəş elektrik stansiyası da məhz Cəbrayıl qovşaq yarımstansiyanın vasitəsi ilə həyata keçiriləcək. Sonrakı mərhələdə Cəbrayıldan Naxçıvana 330 km xətt çəkiləcək.

Bu da böyük hadisədir. Bilirsiniz ki, illərdir Naxçıvan Azərbaycanın ümumi enerji sistemindən aralı qalıb. Layihə çərçivəsində Naxçıvanın Azərbaycanın ümumi enerji sisteminə qoşulması təmin ediləcək”, deyə o, qeyd edib.

Qeyd edək ki, “Cəbrayıl” enerji qovşağının inşası nəticəsində Qarabağ və Şərqi Zəngəzurun yeni yaradılmış ötürücü elektrik şəbəkəsinin etibarlılığı və dayanıqlılığı artırılacaq.

Növbəti mərhələlərdə isə “Cəbrayıl” qovşaq yarımstansiyasından Zəngəzur dəhlizini keçməklə muxtar respublikanın Şahtaxtı kəndinə 255 kilometr məsafədə ikidövrəli olmaqla 330 kilovoltluq ötürmə xətti çəkiləcək və 330 kilovoltluq “Şahtaxtı” yarımstansiyası tikiləcək.

Sonuncu mərhələdə isə Azərbaycan, Naxçıvan, Türkiyə və Avropa enerji qovşağının yaradılması üçün Naxçıvanın Türkiyəyə yaxın ərazisində 330 kilovoltu 400 kilovolta keçirmək üçün Avropa enerji standartlarına uyğun əlavə çevirici yarımstansiya inşa ediləcək.

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin