“Bizim Barel”in başına gələnlər

Hazırda oxunan: “Bizim Barel”in başına gələnlər

76606

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında 

Yola saldığımız həftə enerji hadisələri ilə xeyli zəngin olub. Həm ölkə xaricində, həm də ölkə daxilində. Hətta qaz məsələsinə baxışda mübahisəli baxışlar da gündəmi zəbt edib. Ona görə də bunları bir-bir çözələməyə çalışacam ki, reallıqda vəziyyətin necə olduğu aydınlaşsın.   

Zəngəzur enerji dəhlizi. Mayın 26-da “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməlqoyma mərasimi keçirilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdikləri mərasimdə bildirilib ki, bu qovşaq vasitəsi ilə Cəbrayıl-Naxçıvan və Türkiyənin Ağrı yarımstansiyalarına, oradan isə Türkiyə enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına daha əlverişli çıxış əldə etmək mümkün olacaq.  

Həmçinin, “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarının, o cümlədən “BP Cəbrayıl” Günəş Elektrik Stansiyasının enerjisistemə inteqrasiyasını həyata keçirmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca əhəmiyyətli hadisədir.  

Yəni bu qovşaq vasitəsi ilə Azərbaycan elektrik enerjisini Naxçıvan Muxtar Respublikasına və daha sonra üzü Qərbə Azərbaycandan elektrik enerjisi almaq istəyən ölkələrə ixrac oluna bilər. Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə isə enerji potensialı kifayət qədərdir, özü də bu enerji ənənəvi yanacağın yandırılaraq elektrik enerjisinə çevrilməsi yolu ilə alınmayacaq.

Daha dəqiq ifadə etsək, Azərbaycanın “yaşıl enerjisi” olacaq. 

Qaz bazarımız. Qaz Maliyyə nazirimiz Samir Şərifovun Milli Məclis binasında ölkəmizdəki qazın qiymətinə münasibət bildirərkən ifadə etdiyi “qəpik quruş” yola saldığımız həftənin sosial şəbəkələrdə hitə çevrilmiş kəlamına çevrildi. Əslində, sırf statistik olaraq müqayisə ediləndə elədir.  

Təbii ki, ortada hər ölkənin alıcılıq qabiliyyəti və öz vətəndaşına verə bildiyi orta əmək haqqı məsələsi də var. Mənim gördüyüm isə budur ki, bizim nazir qiymətləri müqayisə edəndə və “dünya” sözü işlədərkən Azərbaycanı dünyadakı qazsız ölkələrdə satılan qiymətlərlə müqayisəsini dilə gətirib. Əks halda, dünyanın bir parçası və Avropanın az qala 10 inkişaf etmiş ölkəsini özündə ərazicə birləşdirən Qazaxıstanda qaz qiymətləri Azərbaycandan ucuzdur.  

Xəzərin o tərəfində qaz hasil edən Özbəkistanda belədir, Türkmənistanda isə həqiqətən bizimlə müqayisə edəndə onlarda “qəpik-quruşdur”.
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


Qaz çıxaran quru sərhədli qonşularımız Rusiya və İranda da qaz əhaliyə bizdəkindən daha ucuz satılır. Elə isə Azərbaycanda qazın və ya avtomobil yanacağının enerjini od qiymətinə idxal edən ölkələrlə müqayisəsi nəyə lazım?    

Neft qiymətləri. Həftəyə 113 dolları aşan qiymətlərlə ticarət edilməyə başlayan Brent markalı neft cümə axşamı sonuna xeyli irəliləyiş edə bildi.

Belə ki, iyul ayı üçün ticarət edilən qiymət maksimumda 117,99 dollar göstəricisinə qədər artım nümayiş etdirdi. Neft qiymətlərinə təzyiq edən amil rolunda ABŞ-da neft ehtiyatlarının yenidən azalan dinamikası və Rusiya neftinə qoyula biləcək embarqo zamanı bazarda yaranacaq kəsirin fonunda bazar iştirakçılarının təlaşı idi.

Və bu təlaşı kəskinləşdirici həddə çatdıran Davosda keçirilən Dünya İqtisadi Forumunda Almaniya kansleri Olaf Şoltsun "Biz ilin sonuna qədər Rusiya neftini mərhələli şəkildə dayandırmağı planlaşdırırıq" fikri oldu. Baxmayaraq ki, mayın 30-31-də keçiriləcək Aİ zirvə toplantısında ittifaqa üzv ölkələr arasında fikir ayrılıqları qaldığından məsələnin müzakirəsinin planlaşdırılmadığı artıq bəlli idi.  

Dünyada neft qiymətlərinin artımı Azərbaycan neftinin də dəyərini yüksəldib.

Həftə ərzində isə Azərbaycanın Ceyhan limanından dünya bazarlarına çıxardığı neftin ən bahalı partiyası mayın 27-də satıldı. Neftimizin bir bareli İtaliyanın Auqusta limanında təhvil verilmək şərti ilə 125 dollar 91 sentə qiymətləndirilib.  Bilməyənlər üçün xatırladım ki, cari il üçün Azərbaycanın dövlət və icmal büdcələri tərtib eilərkən 1 barel neftin orta ixrac qiyməti 50 dollardan hesablanıb.  

Neft və iqtisadiyyat. Ümumiyyətlə, onuiyyətlə, onu demək olar ki, hazırda neft bazarı ilə bağlı proqnoz vermək çox mürəkkəbləşib. Məsələn, adətən dollar bahalaşanda neft ucuzlaşırdı. İndi həm dollar bahalaşır, həm də ona paralel neftin qiymətləri artır. Və yaxud dünya iqtisadiyyatının artım tempi ötən illə müqayisədə azalır və illik proqnoz göstəriciləri də aşağı salınsa da, neft qiymətləri artır. 

Elə Azərbaycan hökuməti də büdcənin tərtibatı zamanı onun gəlirlərində xüsusi yer tutan neft qiymətlərinin proqnozlaşdırılmasının çətinliyini etiraf edib.  

Azərbaycanın maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 25-də keçirilən iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bəyan edib ki, hökumət dövlət büdcəsində neftin qiymətini proqnozlaşdırdığı zaman konservativ siyasət davam etdiriləcək.  

Onun sözlərinə görə, son iki ildə - 2020-2021-ci illərdə proqnozlaşdırma maktoriqtisadi göstəricilər nöqteyi-nəzərindən çox ağır olub.

“Çünki dünya bazarında neftin qiyməti kəskin dəyişkənlik nümayiş etdirib. Ötən il qiymət büdcədə nəzərdə tutulduğundan xeyli yuxarı olub”, - deyə Samir Şərifov bildirib.

Onun sözlərinə görə, büdcədə daha aşağı qiymət hesablanması bizə özümüzü sığortalamaq imkanı verir. Ona görə də neftin qiymətinin aşağı götürülməsi siyasəti bundan sonra da davam etdiirləcək.  

Burada əlavə etmək istərdim ki, 2021-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 45 dollardan hesablansa da, onun real orta ixrac qiyməti $71,6 təşkil edib. Cari ilin I rübündə isə neftimizin bir barelinin orta qiyməti SOCAR-ın rəsmi açıqlamasına görə $102,68 təşkil edib. 

Xarici şirkətlərin neft vergiləri. 2021-ci ildə Hasilatın Pay Bölgüsü Sazişləri tipli müqavilələr çərçivəsində fəaliyyət göstərən neft-qaz şirkətlərinin Azərbaycanın dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişləri proqnoz göstəricilərinin nə az, nə çox, düz 237,4% üstələyib. 

2021-ci ildə bu müqavilələr çərçivəsində dövlət büdcəsinə mənfəət vergisi üzrə ödənişlər 1 milyard 44,6 milyon manat təşkil edib.

2020-ci ildə bu şirkətlər Azərbaycanın dövlət büdcəsinə 603,7 milyon manat ödəmişdilər. Beləliklə, 2021-ci ildə həmin şirkətlərdən mənfəət vergisi üzrə ödənişlər 73% artıb. 

Amma hökumət proqnoz edirdi ki, 2021-ci ildə xarici şirkətlərlə birgə həyata keçirilən nef-qaz sazişləri çərçivəsində mənfəət vergisi üzrə ödənişlər 440 milyon manat təşkil edəcək. Yəni reallıqda büdcəyə proqnozdan artıq 237,4% və ya 1 milyarddan çox vəsait köçürülüb.  


Qaz ixracı siyasəti. Bu həftə əvvəli Davosda Dünya İqtisadi Forumunda çıxışı zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın Avropaya enerji daşıyıcıları tədarükünün artırılması məsələsini gündəmə gətirib.  

"Azərbaycandan enerji ehtiyatları tədarükünü artırmağı xahiş edirlər. Biz bazara tədarükü artırırıq. Amma son bir neçə ildə bu sektora investisiyalar kifayət qədər deyil", - deyə Cabbarov gileyini də dilə gətirib.  

Bunun isə səbəbi var. Onu Azərbaycan prezidenti İlham Əliyev də Avropadan gələn yüksək çinli qonaqlara mütəmadi xatırladır.

Yəni biz indiyə qədər bilmirik ki, Avropa bizdən nə qədər qaz almaq fikrindədir, özü də kommersiya sazişləri əsasında.  

İkincisi, müddəti də bəlli deyil, yəni Avropa bu qazı 20 ilə almaq istəyir, bəlkə daha az müddətə, çünki realda yataqdan çıxarıb Avropaya böyük həcmdə verə biləcəyimiz qaz 2030-cu ilə yaxın bir müddətdə bazara çıxa bilər. Bəlkə Avropa 2050-ci ildən sonra həqiqətən qaz idxal etmək arzusunda olmayacaq.  

Başqa bir müəmma nədir. TAP-ın genişləndirilməsi zamanı İİİ Enerji Paketi müddəalarının tətbiqi – yəni bu, Avropanın kəməridirsə, onda onun təhcicatçısı bir mənbə olaraq 50%-dən yuxarı ola bilməz. Qəbul etdikləri qanun belədir. Ona görə də Azərbaycan bilməlidir ki, Abşeronun ikinci mərhələsindən çıxaracağı qaz hansı həcmdə olmalıdır ki, sonradan ona yönəltdiyi investisiyaları kommersiya baxımından daha effektiv qaytarmaq imkanında olsun.  
 

Hələ bu suallara Qərbdən cavab olmasa da, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “Agenzia Nova” agentliyinə müsahibəsində İtaliya-Azərbaycan əlaqələrindəki qaz amilinə bir xeyli işıq salıb.

 
Belə ki, TAP boru kəmərinin buraxıcılıq gücünün iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılacağı təqdirdə İtaliyanın qaza olan tələbatının 20-25%-i Azərbaycan qazı hesabına ödənə bilər.  

Nazirin sözlərinə görə, hazırda TAP İtaliyanın qaz tələbatının təxminən 10%-ni təmin edir və cari ilin mayınadək Avropaya 12 milyard kubmetrdən çox Azərbaycan qazı nəql olunub. Bu həcmlərin 10 milyard kubmetrdən çoxu isə italiyalı istehlakçılar tərəfindən alınıb. Bayramov qeyd edib ki, 2022-ci ildə Azərbaycandan İtaliyaya 9,5 milyard kubmetr qaz nəqli planlaşdırılır. 

Nazir Azərbaycan-İtaliya əlaqələrini yüksək qiymətləndirərək, Bakı ilə Roma arasında strateji tərəfdaşlığın gələcəkdə möhkəmlənməsinə əminlik ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin