Xəbər verdiyimiz kimi, mayın 24-də Nazirlər Kabineti “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin və “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il qərarını ləğv edib.
Sözügedən qərarın verilməsi isə ictimaiyyətdə müəyyən çaşqınlıq yaradıb. Belə ki, bir çoxları tərəfindən bu qərar ölkəyə gətirilən mobil telefonlar üçün rüsumun ləğv edilməsi kimi başa düşülüb.
Bizim.Media xəbər verir ki, Azərbaycan İnternet Forumun rəhbəri Osman Gündüz öz sosial şəbəkə hesabından məsələyə aydınlıq gətirib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda bəzi dövlət rüsumları LƏĞV EDİLDİ
Onun sözlərinə görə, rüsum ləğv edilməyib:
“Sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib. Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi "Dövlət rüsumu haqqında" qanunda öz əksini tapıb. Əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi.
Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adı çəkilən qanunun qəbulundan sonra ləğv edilib”.
Nazirlər Kabineti tərəfindən verilən izahda da qeyd olunub ki, “Dövlət rüsumu haqqında” qanunda edilmiş dəyişikliklə həmin qanunda nəzərdə tutulan xidmətlərə görə ödənilən dövlət rüsumunun tam məbləğdə dövlət büdcəsinə köçürülməsi müəyyən edilib.
Bir sözlə Nazirlər Kabinetinin qərarı müvafiq qanunlarla uyğunlaşdırma xarakteri daşıyır və mobil telefonlar üçün rüsumların məbləğində hər hansı dəyişiklik qərarda öz əksini tapmayıb.
Murad Əhmədov, Bizim.Media