Yola saldığımız həftə ərzində dünya enerji bazarının əsas hadisəsi mavi yanacaq üzərində fokuslaşmışdı. Baxmayaraq ki, onun qiymətində hansısa təlatümlü dəyişkənlik hiss edilmirdi.
Bunun da özünə məxsus izahı var. Artıq qaz bazarı gördüyünü görüb, onu bundan çox qorxudub-ürkütmək elə də asan məsələ deyil. Ona görə də indi diqqət Avropanın Rusiya qazından asılılığını azaltmaq proqramı üzərində cəmləşib.
“RepowerEU” planı. Rəsmi Brüssel ciddi və ilk baxışdan radikal görünə biləcək bir sənəd hazırlayıb.
MÖVZU İLƏ BAĞLI:
“Bizim Barrel” - Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
“Avropa İttifaqının güc keçidi” kimi tərcümə oluna bilən “RepowerEU” adlı planı şəxsən Avropa Komissiyasının rəhbəri Ursula fon der Layen təqdim edib.
Onun sözlərinə görə, Avropa Komissiyası Rusiya neft və qazından mərhələli şəkildə imtinanın sürətləndirilməsi üçün üç prinsip müəyyən edib:
Avropa Komissiyasının “RepowerEU” planı:
1) enerji istehlakının qənaət hesabına azaldılması;
2) yeni təchizatçıların tapılması;
3) bərpa olunan enerjiyə keçidin sürətləndirilməsi.
Avropa Komissiyasının rəhbəri “istehlakçıların enerji qənaətini” Rusiya enerji daşıyıcılarından qurtulmaq yolunda atılan ən sürətli və ən ucuz yolu adlandırıb. Onun fikrincə, hər bir vətəndaş gündəlik həyatında buna ciddi yanaşsa, Avropa təkcə Rusiyadan alınan enerjinini həcm etibarı ilə azaltmayacaq, həm də enerjinin başqa mənbələrdən əldə edilməsi üçün çəkilən xərcləri də xeyli azaltmış olar.
Proqramın mahiyyəti ondan ibarətdir ki, Avropa Komissiyası 2050-ci ilə qədər Avropanın sıfır karbon qazı emissiyalı iqtisadiyyata keçmək planından əsla imtina etmir. Əksinə, prosesi sürətləndirmək qərarına gəlir.
Yəni, 2030-cu ilə qədər yaşıl enerjinin Birliyin enerji balansında xüsusi çəkisi 40% deyil, artıq 45%-ə qədər yüksəlməlidir. Bundan əlavə enerji səmərəliliyi göstəriciləri 9% əvəzinə 13% -ə qədər artırılır.
Məsələn, Avropa Komissiyası, hökuməti 2025-ci ilə qədər istənilən evin, yəni onun inzibati və ya yaşayış binasından asılı olmayaraq, damında günəş panellərinin məcburi quraşdırılmasını tətbiq etməyi təklif edir, 2029-cu ilə qədər isə bu qayda yeni tikilən bütün binalar üçün normativ qaydalara salınmalıdır.
O xatırladıb ki, Avropa İttifaqı Rusiya kömürdən artıq imtina edib və 2022-ci ildə Rusiya qazının tədarükü Aİ-nin istehlak strukturunda 2021-ci ildəki 40%-ə qarşı 26% -dək azalıb.
Aİ-nin bu məqsədlər üçün 300 milyard avroya ehtiyacı olacaq. Bu məbləğin təqribən 75 milyardı istehlakçılara ayrılacaq subsidiyalar təşkil edəcək, yerdə qalan 225 milyard avro isə kreditlər şəklində enerji bazarlarının dəstəklənməsinə yönələcək.
Bu proqramda şəxsən Azərbaycanın maraqlarına birbaşa aidiyyatı olan məsələ də var. Belə ki, rəsmi Brüssel gözləyir ki, Azərbaycandan Avropaya Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Transadriatik Qaz Kəməri – TAP-ın ötürücülük qabiliyyətinin iki dəfə - ildə 20 milyard kubmetrə qədər artırılması məhz “RePowerEU” proqramının “yeni təhcizatçılardan qaz alınması” prinsipinin reallaşdırılmasına xidmət edəcək.
Azərbaycan-Avropa enerji dialoqu. Bu həftə elə Bakıda keçirilən tədbirlərdə də Azərbaycanın Avropanın enerji təhlükəsizliyində iştirakı və rolu mövzusu diqqət mərkəzində idi. Çünki Bakıda həm Azərbaycan-Avropa biznes forumu keçirilirdi, həm də Avropa İttifaqına üzv ölkənin dövlət başçısı rəsmi səfərlə ölkəmizə gəlmişdi.
Mayın 18-də Bakı Azərbaycan prezidenti İlham Əliyevlə görüşərkən Litvanın dövlət başçısı Gitanas Nauseda bildirdi ki, Ukraynadakı hadisələr fonunda Avropa ölkələri özlərinin enerji bazarlarının şaxələndirilməsi yönümündə hazırda yeni təhçizatçıların axtarışındadırlar.
“Biz Azərbaycanı enerji sektorunda etibarlı tərəfdaş kimi görürük, ona görə də əməkdaşlığın intensivləşməsində maraqlıyıq”, deyə Litva prezidenti bildirmişdi.
Bu cür təklifin cavabını prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumunda çıxışı zamanı daha ətraflı izah etdi. “Azərbaycan həm öz enerji təhlükəsizliyini və bir çox digər ölkələrin, o cümlədən Avropa İttifaqı üzvü olan ölkələrin də enerji təhlükəsizliyini təmin edir”, deyə İlham Əliyev bəyan etdi.
Dövlət başçısı Azərbaycanın enerji daşıyıcıları ilə bağlı qarşıda duran vəzifələrinə toxunaraq bildirdi ki, qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq rəsmi Bakının planlarına daxildir. O qeyd edib ki, bugünkü geosiyasi vəziyyəti nəzərə alaraq, Azərbaycanın enerji resurslarına ehtiyac “heç vaxt olmadığı qədər böyük olacaq”.
Prezident həmçinin 2022-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlanıldığına da diqqət çəkib. Bu dialoq bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir.
“Bizim aramızda tam anlaşma var və biz böyük həvəslə çalışırıq, çünki bu halda hər bir tərəf udur”, - deyə Azərbaycan prezidenti bəyan edib. O qeyd edib ki, Azərbaycana etibarlı, ədalətli nizamlama və qanunvericilik olan bazarlar lazımdır və dəqiq ünvanı da açıqlayıb - “bu Avropa bazarıdır”.
Alternativ enerji. Azərbaycan prezidenti Avropadan gəlmiş qonaqlara ölkəmizin daha bir maraqlı planını açıqlayıb. Onun sözlətrinə görə, 2030-cu ilədək Azərbaycanın enerji balansında bərpaolunan enerjinin payı 40%-ə çatdırıla bilər. Əvvəllər isə bu göstərici 30% hesab edilirdi.
Bəs nəyin hesabına belə artım əldə etmək niyyətindədir Azərbaycan? Təbii ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərin hidro potensialından səmərəli istifadə hesabına. Energetika nazirinin müavini Elnur Soltanovun bu həftə etdiyi açıqlamasına görə, 2021-ci ildə Qarabağ Şərqi Zəngəzur iqtisadi zonasında 4 kiçik Su Elektrik Stansiyasının işə salınıb, daha 5-i üzərində isə iş aparılır. Amma bu bölgədə ən böyük su elektrik stansiyalarının tikintisi hələ qabaqdadır.
Elə bu məsələlər də İran-Azərbaycan hökumət nümayəndələrinin bu günlərdə keçirilən görüşündə müzakirə mövzusu olub. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevi qəbul edən İranın neft naziri Cavad Övci ölkələr arasında enerji əməkdaşlığından və onun perspektivlərindən danışıb.
Həmin enerji əməkdaşılığı məsələlərinə isə hər iki ölkənin Araz çayı üzərində müştərək layihəsi olan Xudafərin və Qız qalası hidro qovşaqları xüsusi ilə seçilir. Bu su anbarlarında yaxın 2 il ərazində layihə gücü 280 meqavat olan su elektrik stansiyası tikiləcək.
Yəni Araz çayının enerjisini elektrikə çevirməklə ildə 716 milyon kVtsaat elektrik enerjisi istehsal etmək planlaşdırılır ki, bu da tərəflər arasında yarıbayarı prinsipi ilə bölüşdürülməlidir.
Yaşıl enerji Azərbaycanın gələcəyinə hədəflənmiş planlardır, hazırda isə Dövlət Statistika Komitəsinin 2022-ci ilin 4 ayının yekunları ilə bağlı açıqladığı hesabata əsasən, alternativ enerji mənbələrindən 67,8 mln kVtsaat elektrik enerjisi hasil edilib ki, bu da ümumi əmtəəlik elektrik enerjisi istehsalının cəmi 0,39%-ni təşkil edib. Əvvəllər bu göstərici 0,6% ətrafında olardı.
Azalmanın baiskarı isə külək elektrik stansiyalarında hasilatın düz yarıbayarı – 49,8% azalması səbəb olub. Günəş elektrik stansiyalarında isə hasilat 29% artıb.
Neft qiymətləri. Bu həftə Azərbaycan nefti son 70 günün rekordunu yaşadı. Mayın 18-də “Azeri Ligth” markalı neftin bir bareli alıcıya təyin edilmiş limanda çatdırılmaq şərti ilə 123 dollar 18 sentə satıldı.
Bundan əvvəlki ən yüksək qiymət həddi martın 9-da 135 dolar 99 sent göstəricisi ilə qeydə alınmışdı. Neft qiymətlərinin yüksək olması əlbətt ki, Azərbaycan iqtisadiyyatı üçün yaxşı haldır, çünki ixracatdan əldə edilən gəlirlərdə xam neftin payı cari ilin aynavar-aprel aylarının nəticəsinə görə, 55,35% təşkil edib, neft-qaz sektorunun xüsusi çəkisi isə 91,83% olub.
Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi statistikadan çıxış etsək 4 ayın yekunu olaraq ixrac neftimizin 1 barelinin orta satış qiyməti 93 dollar 28 sent olub. Yəni dövlət büdcəsində proqnoz ediləndən 86,6% çox.
Və çox güman ki, iyun ayında Milli Məclis Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklər edilməsi haqda qanun layihəsinə baxacaq və neftin 50 dollarlıq orta qiymətini bir neçə on dollar artıracaq. Bu artım isə xərcləmələrin miqyasından asılı olacaq.
Bizim hələ 2008-ci ildə neftin 148 dollar olan qiymətində də pul xərcləməyimiz olub. Amma o zamanlar bu xərcləmələr heç də rasional olmayıb. Ona görə də indi neftin bahalı qiymətindən eyforiya hislərinə qapılmağa dəyməz, çünki bu nefti bizlərə bəxş edən bir daha bahalı qiymət şansını təkrarlaya bilər, sadəcə o zaman nə dünən, nə də indi qazanacağımız milyardları əldə etmək şansımız olmayacaq. Bunun da sadə bir cavabı var – neftimiz ildən ilə azalır.
Bizim.Media