Azərbaycan və Latviya Respublikaları arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclasında iştirak etmək məqsədilə Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının həmsədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Riqa şəhərinə işgüzar səfər edib.
Bu barədə Bizim.Media-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Səfər çərçivəsində Latviya rəsmiləri ilə keçirilən ikitərəfli görüşlər zamanı ticarət və investisiya, elm və təhsil, turizm, mədəniyyət, nəqliyyat, innovasiya, kənd təsərrüfatı və qida təhlükəsizliyi, energetika, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.
MÖVZU İLƏ BAĞLI:
Latviya şirkətləri azad olunan ərazilərdə əməkdaşlığa cəlb olunur
Eyni zamanda, görüşlərin nəticəsi olaraq Hökumətlərarası Komissiyanın 8-ci iclas Protokolu, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Qida və Baytarlıq Xidməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu və iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Sazişin tətbiqi üzrə ikiillik (2022-2023-cü illər) İş Proqramı imzalanıb.
Bizim.Media