“Qeyri-neft sektorunun indiki səviyyəsi iqtisadi inkişafımızın dayanıqlığını kövrək şəkildə təmin edir. Ümumi ixracatda qeyr-neft sahəsinin payı 30 faizə çatdıqda isə, bu dayanıqlıq daha möhkəm əsaslarla təmin ediləcək”.
Bunu Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov neft ixracının azalması fonunda qeyri-neft sektorunun inkişaf səviyyəsinin Azərbaycanda iqtisadi inkişafın davamlılığını təmin etməyə qadir olub-olmadığına aydınlıq gətirərkən deyib:
MÖVZU İLƏ BAĞLI:
OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...
“Öncə qeyd edim ki, OPEK+ formatında hasilatın azalması ixracın azalması ilə yanaşı, qiymətlərin bahalaşmasına da səbəb olur. Belə olan halda Azərbaycanın gəlirləri əslində ciddi şəkildə azalmayacaq. Hətta bəzi hallarda ixrac azalsa da, qiymətin bahalaşması hesabına gəlirlərimiz arta da bilər. Amma neft gəlirlərimiz kəskin şəkildə azalsa, qeyri-neft sektoruna tam keçid daha çətin olacaq. Çünki həmin keçidi məhz daxili imkanlar hesabına sürətləndiririk. Azərbaycan üçün maliyyə dayanıqlığı hava su kimi lazımdır ki, xaricdən gələn investisiyaları lazım gələndə öz xeyrimizə dəyərləndirə bilək”.
Ekspertin sözlərinə görə, Azərbaycanın qeyri-neft sektorunun ölkənin iqtisadi inkişafının davamlılığını tam təmin etməsi üçün daha 2-3 ilə ehtiyac var:
“Ölkəmizin iqtisadi baxımdan indiki vəziyyəti, neft ixracının azalması fonunda belə qeyri-neft sektorunun inkişaf səviyyəsi iqtisadi inkişafımızın davamlılığını təmin etməyə birmənalı olaraq qadirdir. Sadəcə olaraq tam düz yola çıxmağımız üçün daha 2-3 il zaman lazım olacaq ki, artıq dayanıqlı şəkildə qeyri-neft sektorundan gələn gəlirlərimizi dinamik artıra bilək.
İndilikdə bu istiqamətdə irəliləsək də, hələlik vəziyyət çox kövrəkdir. İstənilən hal azalma da baş verə bilər. Adicə Rusiyada yaranan vəziyyət Azərbaycanın ixrac potensialında problemlər yaradıb. Ona alternativ bazar tapa bilmirik.
Hələlik ümumi ixracımızın potensialımızın 90 faizi neft sektorunun payına düşür. Deməli, qeyri-neft sektorunun bu müstəvidə payı 10 faizə bərabərdir. Həmin rəqəm ən azından 30 faizə qalxsa, artıq qeyri-neft sektorunun inkişaf səviyyəsinin iqtisadi inkişafımızın davamlılığını daha ciddi şəkildə təmin edəcəyindən danışa bilərik”.
Rüfət Sultan, Bizim.Media