Dünya ərzaqlıq buğda çatışmazlığı ilə üz-üzədir: Bəs Azərbaycan necə? - TƏHLİL

Hazırda oxunan: Dünya ərzaqlıq buğda çatışmazlığı ilə üz-üzədir: Bəs Azərbaycan necə? - TƏHLİL

74541

Bəşəriyyət daha bir sınaqla üz-üzədir. 2022-ci ildə dünyada ərzaqlıq buğda istehsalında çiddi problemlərin olacağı qaçılmazdır. Gözlənilən fəlakətin bir neçə səbəbi var. 

Birincisi, qlobal istiləşmə. Yer üzündə havaların kəskin istiləşməsi əkinlərə çiddi şəkildə ziyan vurur. Artıq Hindistan və Pakistan dəhşətli istilərin məngənəsindədir. Mayın 15-də Hindistanda 43, Pakistanda isə 50 dərəcəyədək isti qeydə alınıb. Xatırladaq ki, Hindistan ərzaqlıq buğda istehsalı üzrə dünya sıralamasında ikinci, Pakistansa səkkizinci yerdədir.

İkinci səbəbsə dünya iqtisadiyyatında gedən təmərküzləşmədir. ABŞ Kənd Təsərrüfatı Departamentinin məlumatlarına görə, Çinin 2022-ci ilin birinci yarısında dünyanın qarğıdalı ehtiyatlarının 69 faizinə, düyü ehtiyatının 60 faizinə və buğda ehtiyatlarının isə 51 faizinə sahib olacağı gözlənilir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda çörək bahalaşa bilər – Dünya bazarındakı qiymət dəyişikliyinin MÜMKÜN TƏSİRİ 


Qida məhsulları istehsalının yarıdan çoxunun bir ölkənin əlində cəmləşməsi təbii ki, ciddi fəsadlar yaradacaq. Həm qiymət baxımından, həm də qıtlıq nöqteyi nəzərindən.

Üçüncü səbəbsə Ukrayna-Rusiya hərbi münaqişəsidir. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir ki, “Rusiya və Ukrayna arasındakı münaqişə nəticəsində yaranmış qlobal təklif defisiti ərzaq və yem qiymətlərinin artıq yüksəlmiş baza səviyyələrindən də 22 % yuxarı qalxmasına səbəb ola bilər”. Çünki, ərzaqlıq buğda istehsalında Rusiya dünya sıralamasında illik 86 milyon tonla 3-cü, Ukrayna isə illik 26 milyon tonla 9-cu yerdədir.

Ərzaqlıq buğda qıtlığının Azərbaycana təsiri hansı səviyyədə ola bilər?

Ümumdünya Ticarət Təşkilatının son hesabatında Azərbaycan buğda idxal edən 180 ölkə arasında ilk 20-liyə daxildir. Bu isə o deməkdir ki, ölkəmizi də cari ildə müəyyən çətinliklər gözləyir. Rəsmi məlumatlara görə Azərbaycanda ərzaqlıq buğdaya olan illik ehtiyac 3.2- 3.5 milyon tondur. Bunun da ortalama 2 milyon tona yaxını yerli istehsalın payına düşür. 1- 1.5 milyon ton ərzaqlıq buğda isə idxal olunur. Rəqəmlərdən göründüyü kimi ərzaqlıq buğdaya olan ehtiyacımızın ən azı 35-40 faizi idxal hesabına ödənilir.

Hazırda ölkədə ərzaqlıq buğda qıtlığı yoxdur. Dövlət Taxıl Fondu davamlı olaraq ölkəmizə lazım olan qədər buğda gətirir. İş adamları da bu məsələdə çox aktivdir.

Ona görə də bu sahədə real təhlükə yoxdur. Amma bu arxayınçılığa da əsas vermir. Çünki, Ukrayna-Rusiya münaqişəsi dünya bazarına təsir etdiyi kimi Azərbaycana da təsirsiz ötüşməyəcək. Çünki, Ukrayna və Rusiya Azərbaycanın ərzaqlıq buğda idxal etdiyi ölkələr sıralamasında ilk üçlüyə daxildir.

Ona görə də bu il müəyyən çətinliklər ola bilər. Bu əsasən qiymət məsələsində özünü biruzə verəcək. Çünki, bəlli səbəblərdən Ukrayna ilə ticari əlaqələrimiz son 3 ayda xeyli zəifləyib. Rusiya isə bu ilin əvvəlində ərzaqlıq buğda idxalına tətbiq edilən ƏDV-ni xeyli qaldırıb. Bu isə qiymət artımında əsas amillərdən biri ola bilər.
Yerli istehsalda vəziyyət necədir?

2022-ci ilin üçün ərzaq təhlükəsizliyin təmin olunması üçün Dövlət Büdcəsindən təxminən 456 milyon manat vəsait ayrılıb. Ümumilikdə isə kənd təsərrüfatı məhsullarının stimullaşdırılması üçün 900 milyondan artıq büdcə vəsaitinin xərclənməsi nəzərdə tutulub. Bununla paralel 2022-ci ilin məhsulu üçün 601 min 837,6 hektarda payızlıq, 4 min 114 hektarda isə yazlıq buğda əkini aparılıb. Nəzərə alaq ki, payızlıq əkinlərin dövriyyəsi 1,1 faiz azalsa da, yazlıq əkin sahələrinin həcmi 3.2 dəfə artıb. 

Bu da onu göstərir ki, Azərbaycanı ərzaqlıq buğda məsələsində çiddi sıxıntı gözləmir. Lakin, qlobal səbəblərdən qiymət artımı qaçılmazdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin