"Azərkosmos" Qazaxıstan şirkəti ilə müqavilə imzaladı - FOTO

Hazırda oxunan: "Azərkosmos" Qazaxıstan şirkəti ilə müqavilə imzaladı - FOTO

73844

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos") Qazaxıstanın “Qarış Saparı” şirkətilə əməkdaşlıq haqqında müqavilə imzalayıb.

Bizim.Media bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, "Azərkosmos"un nümayəndə heyəti mayın 10-11-də Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilmiş “Kosmik texnologiyalar konfransı”na qatılıb.

Mərkəzi Asiya regionunda ilk dəfə keçirilən tədbirdə bölgənin kosmik agentliklərinin və beynəlxalq kosmik ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Konfransda əsasən sürətlə böyüyən qlobal kosmik sənayenin imkanları, peyklər və onların tətbiq sahələri, kosmik sahədə innovasiyalar və bu sahəyə qoyulan investisiyalar barədə müzakirələr aparılıb.

"Azərkosmos"un sədri Saməddin Əsədov tədbirdə çıxış edərək ölkəmiz üçün kosmik sahənin əhəmiyyətindən, bu sahədə Azərbaycanın telekommunikasiya peyklərinin imkanları, o cümlədən “Azersky” peyki vasitəsilə kənd təsərrüfatı, ekologiya, turizm və bir sıra digər sahələrdə həyata keçirilən layihələrdən bəhs edib. Konfransda işğaldan azad olunmuş rayonlarımıza qayıdış planına əsasən peyk resursları ilə ərazilərin infrastruktur və relyef faktorlarına uyğun aparılan monitorinq təhlilləri barədə iştirakçılara məlumat verilib.

Konfrans çərçivəsində "Azərkosmos" və “Qarış Saparı” arasında müqavilə imzalanıb, həmçinin iki ölkə arasında kosmik sahədə birgə layihələrin təşkil olunması və peyk resurslarının qarşılıqlı istifadəsinə dair razılıq əldə olunub.
“Qarış Saparı” 2005-ci ildə Qazaxıstanda kosmik sahənin inkişaf etdirilməsi, kosmik əməliyyatların aparılması məqsədilə yaradılıb.

Eyni zamanda, kosmik layihələr üçün texniki avadanlıqların istehsalı, orbitə buraxılması və bu kimi texnoloji proseslərin həyata keçirilməsi şirkətin fəaliyyət sahəsinə aiddir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin