Vüqar Bayramovdan Rusiyanı gözləyən təhlükə ilə bağlı PROQNOZ – “Zərər 100 milyard dollar olacaq”

Hazırda oxunan: Vüqar Bayramovdan Rusiyanı gözləyən təhlükə ilə bağlı PROQNOZ – “Zərər 100 milyard dollar olacaq”

72537

“Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketini müzakirə edəcək. Gündəlikdə olan əsas məsələlərdən biri də Rusiya neftinin idxalına qadağanın tətbiq edilməsi ilə bağlıdır. Bu məsələdə ümumi razılıq olmasa da Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görünür: bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq”. 

Bizim.Media xəbər verir ki, bu fikirlər millət vəkili Vüqar Bayramova məxsusdur. 
 

MÖVZU İLƏ BAĞLI:

“Müsəlmanlar dünyada ən kasıb insanlar sırasındadır” - DEPUTAT


Deputatın sözlərinə görə, bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir:

“Aydındır ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asıllığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyasi paytaxtında məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, həmçinin və daha çox təhlükəsizlik aspektindən yanaşırlar”.

Vüqar Bayramov neft embarqosunun Rusiya iqtisadiyyatına mümkün təsirlərini də şərh edib:

“Əvvəllərdə qeyd etdiyimiz kimi, neft embarqosu reallaşarsa bu Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub”.

Deputat qeyd edib ki, Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər:

Hazırda, daha çox daxili qaydalara hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq.

Qeyd edək ki, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollaradan artıq ziyana başa gələcək.
 

Mövcud qiymətlər ilə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil”.


“Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır. Qarşılıqlı sanksiyalar qısa müddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir. Moskva isə hələlik sanskiyalar ilə “yaşamağa” alışmağa çalışır. Bu isə heç də asan hədəf deyil”, - deyə Vüqar Bayramov əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin