“Cari ilin 4 ayı ərzində Qazpromun uzaq xarici ölkələrə qaz ixracı, keçən ilin müvafiq dövrü ilə müqayisədə 26,9 % az və ya 50,1 milyard kubmetr azalıb. İsitmə mövsümü başa çatdıqdan sonra, Avropanın yeraltı qaz anbarlarında aktiv qaz həcmləri 32 milyard kubmetr təşkil edir”.
Bizim.Media xəbər verir ki, bu fikri neft məsələləri üzrə ekspert Zəfər Vəliyev açıqlayıb. Onun sözlərinə görə bu ilin İsitmə mövsümünə ( noyabr ayının 1-nə ) kimi Avropadakı mövcud Yeraltı Qaz Anbarlarına əlavə olaraq 56 milyard kubmetr aktiv qaz həcmlərinin vurulmasına ehtiyac var və vurulacaq:
MÖVZU İLƏ BAĞLI:
Bu ölkə Rusiyadan təbii qaz idxalını dayandırır
“Hazırda Avropanın yeraltı qaz anbarlarında bufer qaz həcmləri 120 milyard kubmetr təşkil edir ki, isitmə mövsümündə ehtiyac yaranacağı təqdirdə, yeraltı qaz anbarlarının fiziki xüsusiyyətindən asılı olaraq mövcud bufer qaz həcmlərinin 10%-ni qaz nəql sisteminə ötürmək olar. Rusların Avropaya qaz nəqlini dayandırmaqla bağlı şüar xarakterli çıxışları isə əbəsdir”.
Zəfər Vəliyev əlavə edib ki, Rusiyanın beynəlxaq ixrac qabiliyyəti zəiflədikcə, qaz hasilatı təbii olaraq azalacaq:
“Ölkə daxilində sənaye, istehsal və nəqliyyat aktivliyinin kəskin azalması təbii qaza olan təlabatı azaldacaq. Ölkənin ixrac qabiliyyətinin zifləməsi, sənaye sektorunda istehsal güclərinin ixtisarına səbəb olacaq ki, bu da son anda müəssisələrin təbii qazla yüklənməsini azaldacaq.
Beynəlxalq ixracın və daxili təlabatın azalması, son anda özünü qaz hasilatının azalmasında biruzə verəcək. Hasilatı dayandırılmış yataqları sonradan aktiv vəziyyətə gətirmək mümkün olmayacaq. Neftdən fərqli olaraq, Rusiyanın qaz ixracı ətrafında "qara bazar" yaratmaq cəhdləri baş tutmayacaq.
LNG -dən fərqli olaraq, boru kəmər qazı ətrafında gizli bazar əməliyyatı mümkün deyil. Rusiyanın ixrac qabiliyyətinin və daxili təlabatının zəifləməsi, onun qonşu ölkələrlə, qaz idxalı və qaz mübadilə sazişinin şərtlərini icra etmək imkanlarını məhdudlaşdıracaq”.
Alçina Amilqızı, Bizim.Media