Qarabağ və ətrafı ərazilərdə yenidənqurma işlər fasiləsiz şəkildə davam edir. Belə ki, infrastrukturun yenidən yaradılması regionun gələcək biznes mühiti ilə bağlı yeni suallar ortaya qoyur.
Qarabağda sahibkarlıqla məşğul olmaq istəyən kiçik və orta sahibkarlar nə etməlidirlər? Qarabağda biznes qurmaq əlverişlidir?
Bizim.Media-nın suallarını cavablayan iqtisadçı ekspert Fuad İbrahimov qeyd edir ki, biznes mühitinin qurulması üçün müəyyən proseslərin həyata keçirilməsi şərtdir:
MÖVZU İLƏ BAĞLI:
Qarabağda biznes qurmaq üçün 929 MÜRACİƏT daxil olub - Rayon və sahələr üzrə SİYAHI
“Nəzərə almaq lazımdır ki, ilk növbədə müəyyən prosedurlar var ki, Qarabağda, Şərqi Zəngəzurda həyata keçməlidir. Həmin ərazilərdə infrastruktur 27 ildir ki, ermənilər tərəfindən yararsız hala düşübdür. Bu gün Qarabağda biznes mühitini yaratmaqdan ötrü bu mühiti dəstəkləyən proseslər baş verməlidir. İnfrastruktur tamamlanmalıdır, infrastrukturun ilkin mərhələsində təhlükəsizlik və birincidərəcəli infrastrukturlar — işıq, su, qaz, yollar, kommunikasiya xətləri, rabitə xidmətləri təmin olunmalıdır. İkinci mərhələdə “Böyük Qayıdış” layihəsidir ki, bu soydaşlarımızın həmin torpaqlara geri qayıtmasıdır. “Ağıllı kənd” layihəsi də bu prosesi dəstəkləyir”.
Müsahibimiz sözlərinə görə, mərhələli şəkildə bu proseslər həyata keçdikcə, təbii ki, kiçik və orta sahibkarlar biznes fəaliyyətinə başlamalıdır:
“Kiçik sahibkarlar artıq fəaliyyətə başlayıb. Kiçik ticarət məntəqələri artıq özü bir sahibhkarlıq fəaliyyətinin göstəricilərindən biridir. Hökümət tərəfindən də bu regionlarda biznesin qurulması üçün kifayət qədər müvafiq tədbirlər görüləcək. Ehtimal var ki, fiskal siyasət (müəyyən dövrdə vergidən azadolma siyasəti) həyata keçiriləcək.
İnfrasturktrun bərpası, soydaşlarımızın “Böyük Qayıdış” layihəsində iştirakçı olması və hökümətin biznes mühitinin formalaşmasına dəstək kompaniyası kiçik və orta sahibkarlar üçün Qarabağda biznes mühitini maraqlı edəcək”.
İqtisadçı ekspert azad olunmuş ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələrdən də danışıb.
“Ağdam və Cəbrayılda, Araz vadisi ətrafında sənaye məhəllələri və parklarının yaradılmasına start verilib, bunun da çox böyük strateji əhəmiyyəti var.
Bu gün Ağdamda açılacaq sənaye parkı təkcə onun iqtisadi varlığını əhatə etməyəcək, eləcə də Ağcabədi, Bərdə, həmin bölgə üzrə kənd təsərrüfatı sektoru məhsullarının emalı səviyyəsinə keçid edəcək böyük miqyasda işlər görəcək.
Araz vadisi, Cəbrayılda tikiləcək sənaye parkı da çox əlverişli olacaq. Bu torpaqlar geniş tikinti üçün istifadəyə yararlı mineral ehtiyatlarla zəngindir. Kiçik və orta sahibkarlar sinfi bu sahəni də əhatə edə bilər və iqtisadi dövriyyəyə cəlb etməklə həmin sənaye parklarından yararlana bilər”.
Mia Quliyeva, Bizim.Media