Ötən həftə “Bizim Barrel”in başına gələnlər - İlham Şabanın təqdimatında

Hazırda oxunan: Ötən həftə “Bizim Barrel”in başına gələnlər - İlham Şabanın təqdimatında

72170

Yola saldığımız həftə ərzində qlobal bazarda satılan neft qiymətləri arasında kəskin eniş və yüksəlişlər olsa da, Azərbaycan diqqət mərkəzində öz qazı ilə olub. Ona görə də şərhimin əsas hissəsi qaz və qaz siyasətinə bağlıdır. 

Neft qiymətləri. Yola saldığımız həftədə dünyanın enerji bazarının çox dəyişkənliyi ilə yadda qaldı. Qlobal bazarın narahatlığı onun hər addımında hiss edilirdi. Həftənin başlanğıcında neftin minimum və maksimum qiymətləri arasında fərq 5 dollara çatsa da, həftə içi bu göstərici 10 dollara qədər yüksəldi.

Qiymətlər ümumən Brent markalı neftin hər partiyası üçün həftə ərzində 99 dollarla 109 dollar arasında dəyişdi. 
 

MÖVZU İLƏ BAĞLI:

OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...


Bazardakı bu cür dəyişkənlik onunla izah edilir ki, bir tərəfdən qiymətlərə təzyiq edən faktor kimi Çindən gələn xəbərlər çıxış edir. Yəni koronovirusun 2022-ci il dalğası gündəmi zəbt edir və qlobal bazarın əsas istehlakçılarından olan Çində enerjiyə olan tələbatın azalacağına dair proqnozlar səsləndirilir. Və birjalar buna ani reaksiya verir – qiymətlər ucuzlaşır. 

Qiymət artımı isə Qərbin Rusiya neftinə qoymaq istədiyi qadağalarla bağlı məlumatlardan qaynaqlanır və bazar yaxın aylarda ala bilməyəcəyi mümkün həcmlərin vahiməsinin təsirlərindən qara qızılın qiymətini yüksəklərə qaldırır. Bir şey aydındır ki, artıq 6 həftədir 100 dollardan baha satılan neftin dünya bazarında yaxın zamanlarda ucuz neft qiymətlərinə qayıtmaq şansları çox azdır.

Qaz qiymətləri. Həftənin əsas enerji hadisəsi, hansı ki, onun Azərbaycana da aidiyyatı var, aprelin 27-də baş verdi. 

Çərşənbə günü səhər "Qazprom" yeni ödəniş sxeminə keçməkdən imtina etdiyi üçün Bolqarıstan və Polşaya qaz tədarükünü tamamilə dayandırıb.

Yəni bu ölkələr Kremlin tələb etdiyi kimi Gazpromdan aldıqları qazın haqqını rublla ödəməkdən imtina ediblər. Çünki imzaladıqları müqavilədə ödəniş vasitəsi Avropa valyutası göstərilmişdi. 

Bu hal o saat Avropa qaz bazarlarında qiymətin artımı ilə müşayət olunmağa başladı. London birjası açılan kimi qazın 1000 kubmetrinin qiyməti 1310 dollara qədər artım nümayiş etdirdi. Bundan öncəki gün isə birjalar 1095 qiymətində bağlanmışdı, həftənin əvvəlində isə 1027 dollara ticarət edilirdi.

Amma elə həmin günün sonunda qaz qiymətləri enməyə meyllik göstərdi və hərracları 1177 dollar qiyməti ilə bağladı.


Qiymətin enməsinin səbəbi nə idi? Təbii ki, qiymətin ilkin olaraq 19,6% artımı bazar iştirakçılarının Avropanın iki ölkəsinə qazın dayandırılması xəbərinə göstərilən emosiyadan qaynaqlanırdı, bir qədər sonra isə vəziyyətin daha real mənzərəsi ilə bağlı təhlillər ortaya qoyulduğu zaman Rusiya qazından kifayət qədər asılı olan Bolqarıstanda belə vəziyyətin dramatik olmadığı üzə çıxdı. Nəticədə qiymətlər həftə sonuna hətta 1070 dollardan aşağı qiymətə ticarət edilməyə başladı. 

Belə ki, məlum oldu ki, Polşanın Rusiya qazından istifadə etmədən gündəlik həyatını davam etdirməsi üçün xeyli ehtiyatı var.

Onun yeraltı qaz anbarlarına vurduğu qaz orada saxlanıla biləcək ehtiyatının  artıq 76% göstəricisinə çatıb. Və Polşa hazırda Avropada qazın ehtiyat həcmlərinin toplanmasına görə lider ölkədir. Digər tərəfdən məlumdur ki, Polşanın Baltik dənizi sahilində qazı maye şəkildə tankerlərdən qəbul edən terminalı var. Bundan əlavə Polşa bu ilin oktyabrından Norveçdən cəkilən Baltic Pipe qaz kəməri ilə qaz ala bilər. 

Düzdür, Bolqarıstanda vəziyyət qaz təminatında bir qədər pis olsa da, amma dramatik deyil. Çünki əvvəllər onilliklər boyu tam Rusiya qazından asılı olan Bolqarıstan artıq ötən ildən Azərbaycandan qaz almağa başlayıb. Düzdür, onun həcmləri ötən il kiçik olsa da, yəni ölkənin qaza olan tələbatının 10%-i qədər, cari ildə bunun 20%-i aşması proqnoz edilir, gələn ildən isə 35%-dək yüksəlmək şansı var. Çünki artıq Bolqarıstan TAP boru kəmərindən çəkiləcək birləşdirici borunun cari ilin sentyabrında istismara verilməsi ilə Azərbaycan qazını daha böyük həcmlərdə əldə etmək imkanı qazanacaq. 

Azərbaycan qazına maraq. Avropanın qaz qıtlığı şəraitində yaşaması və Rusiya qazından əksər ölkələrin imtina fikirlərinidə ciddi olması Azərbaycana Qərbdən olan marağın xeyli artmasına səbəb olub. 

Avstriya Azərbaycandan qaz tədarükünə ümid etdiyini açıqlayıb. Bunu Avstriyanın kansleri Karl Nehammer dilə gətirib. Onun sözlərinə görə, Ukraynadakı hadisələr başlayandan bəri Energetika Nazirliyinin mütəxəssisləri Avstriyanın OMV neft-qaz şirkəti ilə birlikdə iki aydır ki, Avstriyanın Rusiya qazından asılılığını azaltmaq üçün çalışırlar. “Buna görə də biz alternativ mənbələrdən qaz axtarışındayıq”, deyib Avstriya kansleri və həmin alternativ mənbədən yalnız birinin adını çəkib -  Azərbaycan. 
 

Bu arada isə Azərbaycandan qaz idxalının artırılmasında öz maraqlarını bir çox Avropa ölkələri bildiriblər. Söhbət həm Balkan ölkələrindən, həm də Şərqi Avropa ölkələrindən gedir. Onların arasında hətta Moldova da bu istəkdə olduğunu bəyan edib. 


Niyə enerji məsələsində sııxntı keçirən ölkələrin yadına düşən ölkə kimi Azərbaycan həmişə öndə gəlir? Çünki ölkələr qaz təminatı məsələsində bir qədər həssasdırlar. Söhbət sadəcə boru və kəmərlə stabil təminatla bitmir axı. Bu məsələdə sözünə əməl etmək, qiymət və qarşılıqlı dost münasibətlərin olması da xüsusi önəm daşıyır. 

Bu günlərdə Şuşada "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında Xəzər regionu üzrə tanınmış amerikalı ekspert Brenda Şaffer bəyan edib ki, "Cənub Qaz Dəhlizi" Avropanın enerji təhlükəsizliyində artıq böyük rol oynamağa başlayır.

"Biz çox mürəkkəb iqtisadi dövrə daxil oluruq. Enerji təhlükəsizliynin təmin olunması üzrə layihələr mövcud iqtisadi böhran şəraitində çox vacib rol oynayır və "Cənub Qaz Dəhlizi" bu layihələrdən biridir", - deyə o bildirib.

Rəsmi Bakının mövqeyi isə bundan ibarətdir ki, Azərbaycanın Trans-Adriatik Boru kəmərinin genişləndirilmiş hissəsini təbii qazla təmin etmək üçün kifayət qədər ehtiyatlara malikdir. Amma bu işin ərsəyə gəlməsi qısa zamanda baş verə bilməz. 
 

Elə bunu dünən "Cənubi Qafqazda inkişaf və əməkdaşlıq" mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında Azərbaycan Prezidenti İlham Əliyev də vurğuladı. Yəni məsələnin reallaşması üçün ciddi investisiya planı gərəkdir.


Həm boru kəməri 3500 km məsafədə genişləndirilməli, həm də o borudan axan qazın stabilliyini təmin etmək üçün Xəzərdə yeni bir yataq işlənməlidir. O qazı çıxaranlar isə bilməlidirlər ki, hansı müddətə hansı həcmdə qaz almaq istəyir Avropa. Onun əsasında da kapital qoyuluşu olmalıdır. Ürəyi alternativ qaz alışı ilə alışıb yana Avropa bu kapital qoyuluşunda bu və ya digər formada iştirak etməlidir ki, aldığı qaz da istehlakçılarını sevindirsin.

Qaz və siyasət. Qaz məsələsindən həm də öz siyasətləri üçün istifadə etmək istəyənlər də var. Məsələn, Qərb öz maraqları çərçivəsində son 10 ildə bir neçə dəfə çalışıb ki, Azərbaycanı Rusiya ilə qarşı-qarşıya qoysun.

Amma rəsmi Bakı bu kimi hallardan məharətlə atdığı addımlarla yan keçə bilib. Azərbaycan Prezidenti İlham Əliyev aprelin 29-da ADA-da keçirilən beynəlxalq konfransda bu mövzu üzrə verilən sualı cavablandırarkən bir daha vurğuladı ki, Azərbaycan qazı Rusiya qazının rəqibi rolunda çıxış etmir, bunun da sadə izahı var- qlobal bazarda satılan həcmlər sadəcə müqayisəedilməz həcmdədir. 

Elə Rusiya da Azərbaycandan qaz məsələsində öz maraqları üçün istifadə etmək arzusuna düşmüşdü.

Bu dəfə Qərbə qarşı. Bu həftə başlayar-başlamaz belə bir halla üzləşdik. Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Denis Qonçar “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın Ermənistanla qaz alqı satqısını rublla keçirəcəyini vurğulayır və nədənsə birdən keçir öz ölkəsi ilə Azərbaycan arasında bütün ticarətin təxminən 30 %-nin rublla aparıldığına və necə deyərlər bizim də Rusiya qazını rublla almağımıza toxunur. 

Amma məsələ burasındadır ki, Azərbaycan Rusiyadan kommersiya sazişi əsasənda qaz almır axı və heç bir məlumatda və rəsmi qurumun hesabatında belə ölkəmizin nə ötən il, nə bu il Rusiyadan qaz alması göstərilməyib. Nə yaxşı ki, Azərbaycan Dövlət Neft Şirkəti bu xəbəri zamanında təkzib etdi və  qaz ölkəsi olan Azərbaycanın “rubbla qaz alan ölkələr” kimi hallanmasının qarşısı alındı. Ona görə də qazla hər zaman diqqətli olmaq gərəkdir, o təkcə qızınmaq üçün gərəkli olan bir enerji resursu deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin