2018-ci ildən etibarən ekspertlər bina evlərində qiymət artımının olacağı ilə bağlı proqnozlar verirdilər. Bu gün baş verən hadisələrə, dəyişikliklərə baxsaq, proqnoz özünü doğruldur. Artıq tikinti bazarında həmçinin binaların satış qiymətində xeyli artımı görmək çox asandır. Lakin bahalaşma nə qədər də olsa insanlar zamanın və hazırki vəziyyətin tələbinə ayaq uydurmağa çalışırlar.
Yeni bina evlərinin bahalaşmasına səbəb kimi vətəndaşlar və sahibkarlar müxtəlif arqumentlər gətirirlər. Kimisi bunu süni qiymət artımı kimi də dəyərləndirir. Bəs əsas səbəblər doğrudan da nələrdir?
Daşınmaz əmlak və inşaat üzrə ekspert Elnur Azadov Bizim.Media-ya mənzillərin bahalaşmasının obyektiv səbəblərini açıqlayıb. Səbəblər isə:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda neçə nəfərə ipoteka krediti verilib? – RƏSMİ CAVAB
Birinci səbəb şəhərsalma və arxitektura qanunvericiliyinə nəzarətin gücləndirilməsi oldu.
Doğrudur, bu addımı yaxşı qiymətləndirilsə də tətbiq olunan sərt mexanizm şirkətlərin yeni binaların inşa etməsinə münbit şərait yaratmadı. Əvvəllər tikinti şirkətləri bir hektar üzərində 50-60 min kvadrat metr bina inşa edirdilərsə, hazırda bununla bağlı normativlər çox sərtləşdirilib. Bu da evlərin maya dəyərinə təsir edir və onlar məcburdular ki, evin qiymətini qaldırsınlar.
1 ildir pandemiya dövründən sonra dünyanın bir çox yerlərində inşaat materiallarının qiymətində bahalaşmalar oldu.
Misal üçün armatur 4 il qabaq təxminən 800 manat civarında idi. İndi isə 50-60% bahalaşıb. Bu hal Azərbaycanla yanaşı həmçinin Çində də müşahidə olundu. Hazırda Ukrayna-Rusiya arasında baş verən münaqişəyə görə də Rusiya bazarlarından gətirilən taxta-şalban materiallarının sayı azalıb bu da bahalaşmaya birbaşa təsir göstərir.
Üçünücü səbəb isə vergi mexanizminin təkmilləşdirilməsidir.
Tikinti şirkətləri artıq icra olunan bütün əməliyyatları, xərcləri göstərməyə başladılar. Əgər əvvəllər inşaat materiallarının qara bazardan alırdılarsa, indi belə deyil. Son iki ilə yaxındır ki, həmin materialları rəsmi şəkildə alırlar. Bu halda da qiymətlərə təsir edir.
Urbanizasiya məsələləri də burada yer alır.
Ümumiyyətlə Azərbaycanda urbanizasiya prosesi həmişə olub və bu belə də davam edəcək. Əhali artımı da çoxdur. Kənd, rayon əhalisinin böyük şəhərlərə, paytaxtlara axını da qiymətlərə ciddi şəkildə təsir göstərir.
Beşinci səbəb isə Nazirlər Kabineti tərəfindən anti-inflyasiya tədbirlərinin tətbiq olunması və anti-inhisar hərəkətləri ilə bağlıdır.
E. Azadov həmçinin qeyd edir ki, süni qiymət artımları ilə bağlı mübarizəni gücləndirmək lazımdır:
“Əgər süni şəkildə qiymət artımları varsa, onun qarşısı alınmalıdır. Ümumiyyətlə, tikinti materiallarına olan tələbin daha çox yerli istehsal hesabına ödənilməsinə nail olmalıyıq ki, dünya bazarında qiymət artımları baş verən zaman Azərbaycanın istehlak bazarına ciddi təsir göstərməsin”, - deyə qeyd edən E. Azadov bahalaşma mövzusuna aydınlıq gətirib.
Səkinə Yusibli, Bizim.Media