Dünya ərzaq qıtlığı ilə üz-üzə qalıb – Deputatdan XƏBƏRDARLIQ

Hazırda oxunan: Dünya ərzaq qıtlığı ilə üz-üzə qalıb – Deputatdan XƏBƏRDARLIQ

67062

“Dünya ərzaq bazarında qiymət artımları son günlər daha da sürətlənib. Artıq bir sıra ölkələr ərzaq qıtlığı problemi ilə də rastlaşırlar. BMT ərzaq məhsullarının qiymətində növündən asılı olaraq 30 faizədək artım olacağı və qlobal yoxsulluğun dərinləşəcəyi barədə xəbərdarlıq edib”.

Bizim.Media xəbər verir ki, bu sözləri deputat Vüqar Bayramov şəxsi “Facebook” səhifəsində yazıb.

Onun sözlərinə görə, müharibə 68 milyard 240 milyon dollarlıq illik ixracatı olan Ukraynanın eksport imkanlarını praktik olaraq minimumlaşdırıb:

“332 milyard 200 milyon dollar illik ixracatı olan Rusiyanın bir sıra ərzaq məhsullarının yalnız daxili istehlaka yönəltməsi də qlobal bazarda təklifi azaldıb. Ərzaq tələbi isə artmaqda davam edir”.

Deputatın fikrincə, artıq əksər ölkələr preventiv addımlar atmağa başlayıblar:

“Azərbaycanda Nazirlər Kabinetinin 28 ərzaq məhsulunun ixracatının tənzimlənməsi ilə bağlı qərarı da məhz önləyici məqsəd daşıyırdı. Doğrudur, söhbət sadəcə 88,3 milyon dollarlıq ərzaq ixracatından gedir. Bu, Azərbaycanın ümumi qeyri-neft ixracatının cəmi 3,3 faizini təşkil edir. Bu baxımdan Nazirlər Kabinetinin son qərarı ümumi ixracata xüsusi təsir etməyəcək. Bununla yanaşı, qlobal və regional bazarlardakı qeyri-müəyyənlik fonunda preventiv tədbirlərin güclənməsi çox vacib idi”.

Vüqar Bayramov hesab edir ki, Azərbaycanda ərzaq qıtlığı müşahidə edilməsə də, əsas ərzaq məhsullar üzrə idxaldan asılılığın tam və ya əsasən aradan qaldırılması daha prioritetləşib:

“Digər tərəfdən, 2025-ci ilədək dünya bazarında ərzağa tələbin artmaqda davam edəcəyi gözlənilir. Hətta 3 il sonra qlobal bazarda daha ciddi qıtlığın olacağı istisna deyil.
Bu baxımdan da, xüsusən strateji ərzaq məhsulların yerli istehsalının genişləndirilməsi və xüsusən işğaldan azad olunan ərazilərimizin potensialından daha qısa zamanda istifadəyə başlanılması çox önəmlidir. Bütövlükdə, dünya sadəcə qiymət artımları ilə deyil, həmçinin ərzaq qıtlığı ilə də üz-üzədir. Hər bir ölkə bu mərhələdən daha az itki ilə çıxmağa çalışacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin