''Kənd təsərrüfatında çalışanların hamısı kəndçidir. Bu torpaqları da kəndçinin balası xilas etdi. Amma bu gün Qarabağı azad edən həmin kəndçi kredit ala bilmir. Məhsulu əlində qalıb. İstəyir ki, 10 minə qədər kredit götürüb, heyvan saxlasın, zəmi biçsin, istixanalarla məşğul olsun''.
''Amma ucuz, güzəştli kreditlər həmin insanlar üçün əlçatan deyil. Bu kəndçi bütün şəhərliləri kənd təsərrüfatı məhsulu ilə təmin edir, bəs onun özünü kim saxlasın, onun balasını kim dolandırsın? Axı onların balaları Qarabağda şəhid oldu, torpaqların azad olunması uğrunda qazi oldu''.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Razi Nurullayev bildirdi.
Onun sözlərinə görə, güzəştli olmayan digər kreditlər 19-29 % ilə verilir.
''Bu şərtlərlə kredit götürən sahibkar, fermer öz evini yıxmış olur. Çünki bu qədər böyük məbləğin qarşılığında həmin insan məcbur qalır ki, ya evini satsın, ya da banka girov qoysun. Bu şəkildə də insanlar stress içində yaşayır''.
''Pul qazana, kənd təsərrüfatını da inkişaf etdirə bilmir, balası isə zülm içində yaşayır. Dekabrın 25-i bu məsələləri qaldırdım, elə bu gün də problemə bir daha toxundum''.
Qeyd edək ki, millət vəkili Razi Nurullayevin dekabrın 25-də səsləndirdiyi fikirləri aşağıdakı videoda ətraflı izləmək olar.
Anar Rəhimov, Bizim.Media