Rusiya bütün dönəmlərin ən sərt sanksiya kampaniyaları ilə üz-üzədir. Keçən həftə Rusiya Mərkəzi Bankının rəhbəri Elvira Nabiullina məruzəsi vəziyyətin çıxılmaz olduğunu təsdiq edib.
"Rusiya iqtisadiyyatı üçün şərtlər kəskin şəkildə dəyişdi"
Bizim.Media xəbər verir ki, vəziyyət belə olduğu təqdirdə, həmyerlilərimizin Azərbaycana kütləvi geri axını ehtimalı da artmağa başlayır.
İqtisadçı-ekspert Natiq Cəfərli bu ehtimalın mümkün ssenarilərdən biri olduğuna diqqət çəkib.
MÖVZU İLƏ BAĞLI:
Rusiyada yaşayan Azərbaycanlılar patentsiz işləyə biləcəklərmi? – YENİ QAYDA gəlir
“Biz bəzən 2014-cü ildəki vəziyyət ilə indiki vəziyyəti qarışıq salırıq. Düşünürük ki, o zaman soydaşlarımız gözlənilən mövqeyi tutdu və bir çoxu qayıtmadı. Doğrudur, o zamanda böhran dalğası var idi, lakin bu qədər sanksiyalar yox idi: Biznes həyatı, ad köçürmələr dayanmamışdı, valyutaya çıxışlar məhdudlaşdırılmamışdı, orta və böyük şirkətlər Rusiyadan getməmişdi”.
Natiq Cəfərli qeyd edir ki, indi vəziyyət çox ağırdır.
“Çox şirkət artıq birdən Rusiya bazarını tərk edib. Bu milyonlarla insanın işsiz qalması deməkdir. Azərbaycanlıların da orada xidmət və ticarətlə məşğul olduğunu nəzərə alsaq, rublun dəyərini itirməsi ilə paralel olaraq Rusiya əhalisinin alıcılıq qabiliyyəti çox aşağı düşür”.
İqtisadçı-ekspert proqnoz edir ki, bir müddətdən sonra gəlirlər kəskin şəkildə azalacaq.
“Rusiyada yaşayan soydaşlarımızın bir qismi ölkəyə qayıtmaq ilə bağlı planlar qura bilər. Çünki orada yaşayış səviyyəsi getdikcə aşağı düşür və Rusiya tam izolasiya edilmiş şəkildə yaşayacaq”.
Natiq Cəfərli məsələyə ciddi yanaşılması gərəkdiyini vurğulayıb.
“Düşünürəm ki, bu ehtimala ciddi hazırlaşmaq lazımdır. Yeri gəlmişkən tək Rusiyada deyil, Ukraynada da 500 min soydaşımız yaşayır. Onlar çox ağır şəraitdədirlər. Demək olar ki, müharibənin içərisində qalıblar”.
Ekspert Ukraynada yaşayan həmyerlilərimizin Azərbaycana köç etməsinin mümkünlüyünü də nəzərə çatdırıb. Ən maraqlı məqam isə Natiq Cəfərlinin böhran masası ilə bağlı təklifi olub.
“Bu mövzuda ciddi düşünməliyik. Hətta Nazirlər Kabineti yanında böhran masası qurulmalıdır. Müxtəlif ssenarilərin əlaqəli təşkilatların iştirakı ilə həmin böhran masasında eninə-boyuna müzakirə edilib qərar verilməsinin zamanıdır”.
Mia Quliyeva, Bizim.Media