Rusiya iqtisadiyyatı SANKSİYALARA nə qədər dözə biləcək? – Ekspertlərin ŞƏRHİ  

Hazırda oxunan: Rusiya iqtisadiyyatı SANKSİYALARA nə qədər dözə biləcək? – Ekspertlərin ŞƏRHİ  

63578

Ukraynada başlatdığı hərbi əməliyyatlar səbəbindən Rusiya ciddi sanksiyalarla üz-üzə qalıb. Dünyanın ən böyük enerji istehsaçıları və ən geniş xammal bazarına sahib olan Rusiyanın iqtisadi cəhətdən təzyiqlərə necə davam gətirəcəyi isə, əsas müzakirə mövzularından biridir.

Belə ki, əksər Qərb iqtisadçıları getdikcə daha da ağırlaşan sanksiyaların Rusiyanı ciddi böhranla üz-üzə qoyacağı qənaətindədirlər.

Azərbaycanlı və Rusiyalı iqtisadçıların məsələ ilə bağlı təhlilləri də maraq doğurub.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyanı İranın aqibəti gözləyir? – Ukraynalıların qanı ilə yazılan Britaniya PLANI 


Belə ki, iqtisadçı Sergey Perexodun “izvestiya”ya verdiyi müsahibəsinə görə, Rusiya fond bazarı yüksək volatilliyə görə fevralın 28-dən bağlanıb. London birjasında Rusiya şirkətlərinin qiymətli kağızları 50-97 % aralığında ucuzlaşıb . Ən yüksək enişi isə Lukoil, Sberbank, NOVATEK, Qazprom, Rosneft kimi bank və şirkətlər yaşayıb.

İqtisaçı hesab edir ki, hazırkı hadisələrə əsasən, London Birjasında Rusiya səhmlərini delistinq (birjadan uzaqlaşdırılmaq) gözləyir. Ona görə də investorlar aktivlərin bloklanmasının hüquqi riskləri ilə üzləşməmək üçün qiymətli kağızları istənilən qiymətə satmağa çalışırlar. Bu isə şirkətləri iflas riski ilə üz-üzə qoya bilər.

“BCS World of Investments” şirkətinin eksperti Dmitri Babin “izvestiya” nəşrinə bildirib ki, rubl beynəlxalq arenada güclü təzyiq altında qalmaqda davam edir. Onun sözlərinə görə, hazırda milli valyutaya dəstək üçün ən təsirli tədbirlər ixrac gəlirlərinin 80%-nin satılması və xarici valyutanın xaricə çıxarılmasına məhdudiyyətlərdir . Amma bütün bunlar rublun daha sürətlə zəifləməsinin qarşısını alır - çox güman ki, vəziyyət sabitləşənə qədər o, təzyiq altında qalacaq.

Digər bir rus iqtisadçı Sergey Xestanov da, Rusiya iqtisadiyyatını gözləyən böhrandan söz açıb. Lakin iqtisadçı hazırki sanksiyaların Rusiya iqtisadiyyatını tamamilə çökdürəcək qədər güclü təzyiq yaratmadığını “Nastoyaşe Vremya” nəşrinə müsahibəsində qeyd edib.

“Visa və Mastercardın Rusiyada bloklanmasına baxmayaraq “MİR” sistemi hələ də akitivdir. Bu səbəbdən, əhalinin böyük əksəriyyəti bu addımdan ciddi zərər görməyəcək”, - deyə Xestanov vurğulayıb.

İqtisadçı Rusiyanın üzləşdiyi sanksiyaları SSRİ dönəmi ilə də müqayisə edib:

“SSRİ dönəmində də əksər xarici markalar Rusiyada mövcud deyildi. İndiki halda isə, Çinli investorlar daxili bazarda stabilliyi yaratmaqda nisbi rol oynayırlar. Eyni zamanda sanksiyalar indiyə kimi, əsas ixrac mənbələrinə də ciddi təsir etməyib. Nəzərə almalıyıq ki, Rusiyada daxili bazarın 70%-i dövlətə məxsusdur.

Bəzi treyderlər Rusiya məhsullarından qaçsalar belə, xammal ehtiyatlarına hələlik heç bir ciddi sanksiya tətbiq olunmayıb. Əgər enerji sahələrində ciddi qadağalar gələrsə belə, bunların tətbiqi müddəti 1 ildən az vaxt almayacaq. Lakin Avropa bazarının Rusiya qazından asılılığını minimuma endirmək üçün 3-5 il yetərli ola bilər”.

Xestanovun sözlərinə görə, Rusiya bazarında əsas risk maşınqayırma və İT sektoru ilə bağlıdır və bu sahədə sanksiyaların təsirlərini minimuma endirmək çətin olacaq.

Azərbaycanlı iqtisadçıların da Rusiya iqtisadiyyatını gözləyən təhdidlərələ bağlı fikirləri maraq doğurur.

Belə ki, iqtisadçı-ekpert Elman Sadıqov Bizim.Media-ya açıqlamasında Rusiyanın “SWIFT”dən çıxarılması qərarını şərh edərkən bildirib ki, bu qərar faktiki olaraq bankların iflic olması deməkdir. “Nəticə etibarilə, həmin bankın müştəriləri də öz vəsaitlərini xarici ölkələrə köçürə və mal idxal edə, yaxud da ixrac etdikləri məhsulların vəsaitlərini əldə edə bilmirlər”, - deyə qeyd edən Elman Sadıqov “SWIFT”i əvəz edəcək hər hansı alternativin olmadığını da diqqətə çatdırıb:

“Ümumilikdə götürsək, Azərbaycanda və dünyada bütün banklar “SWIFT” sistemindədir. Şimali Koreya və İran kimi ölkələrdə bəzi bankların bu sistemdə olmaması isə nəticə etibarılə onların lokal banklara çevrilməsinə gətirib çıxarır.

“SWIFT” sistemini əvəz edəcək hər hansı sistem yoxdur. Əlbəttə, hər hansı ölkə öz banklarını əlaqələndirmək üçün daxili sistem qura bilər və bu təcrübə bir çox ölkələrdə var. Lakin bu yalnız daxili sistem olacaq və yerli valyutada olan əməliyyatları tənzimləyəcək”.

Millət vəkili Vüqar Bayramov isə, Ağ Ev tərəfindən Rusiya qazına alternativlərin dəyərləndirilməsi xəbərini şərh edərkən bildirib ki, İran da Avropa üçün alternativ mənbə kimi ön planda ola bilər.

“Qərb daha qısa zamanda Rusiyanın gündəlik 5 milyon barellik neft ixracatını alternativ mənbələr hesabına əvəzləməyə çalışır. Bu isə o deməkdir, Qərb ölkələri qərarlı olduqları halda Rusiyanın qlobal neft bazarından çəkiləcəyi gün heç də uzaqda deyil”, - deyə Vüqar Bayramov vurğulayıb.

İqtisadçı-ekspert Eldəniz Əmirov rublun ucuzlaşmaması üçün Moskva birjasının bağlı saxlanılmasını partlamış su borusunu barmaqla tutmağa bənzədib. Ekspertin sözlərinə görə, rublun dəyər itkisinin davam etməsi və ÜDM-də azalmalar qaçılmazdır. “Rusiya dövlət rezervlərinin 150 milyard dollarlıq qismi (ümumi rezervlərin 1/5-i) xarici banklardadır və bu vəsait sanksiyalardan yayına bilməyəcək”, - deyə iqtisadçı bildirib.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin