Mətbuata açıqlamasında YAP-çı deputat Siyavuş Novruzovun "cəmiyyətin qaymaqlarının hamısı YAP-da toplaşıb" deməsi Sərdar Cəlaloğlunu narazı salıb. 
Moderator.az-a açıqlamasında ADP sədri deyir ki, hakim partiya təmsilçisinin bu yanaşması həm yanlışdır, həm qüsurlu:
"Təbiidir ki, hər bir partiya funksioneri özlərini təbliğ etməlidir. Heç kim deməz ki, cəmiyyətin üzsüz şorlarının hamısı bizim siyasi təşkilatdadır. Odur ki, bu cür açıqlamaları normal qəbul edirəm. Amma bütövlükdə bu cür mesaj vermək ki, guya cəmiyyətin ən sanballı kəsimi, məmləkətin ən ziyalı təbəqəsi, onun təbirincə desək, qaymaqları yalnız hakim partiyadadır, yerdə qalan bütün qüvvələr bu milləti və dövləti onlardan az istəyirlər, bu çox yanlış və qüsurlu yanaşmadır. Yəni bir tərəfdən demokratiyanın onurğa sütunu olan çoxpartiyalı sistemin mahiyyətini təhrif etməkdir, həm də cəmiyyətin vicdanını təmsil edən müxalif güclərə, alternativ baxışların təmsilçilərinə qarşı aşağılayıcı bir davranış sərgilənməsidir. 
Digər tərəfdən, Siyavuş Novruzuvun fikirlərinə ziddiyyət təşkil edən çoxsaylı faktlar sadalamaq mümkündür ki, kimsə bunu təkzib edə bilməz. Yəni zaman-zaman hakimiyyətin və hakim partiyanın ən yuxarı eşalonunda olan xeyli sayda insana qarşı məhkəmə hökmləri olub və onlar çoxsaylı cinayətlərdə ittiham olunublar. Hətta onların bir çoxu haqqında öz həmkarları məhkəmə qərarı olmadan çox ağır ittihamlar irəli sürüblər. Təkcə YAP-ın qurucularından olan rəhmətlik Sirus Təbrizlinin “simasız quldurlar partiyası”x9d ifadəsini xatırlamaq yetər. Amma onu da etiraf etmək lazımdır ki, YAP-da da kifayət qədər ləyaqətli, vətənsevər, millətsevər insanlar var və bu baxından hamının üzərindən ucdantutma qara xətt çəkmək də bolşevik yanaşması olardı. Eyni zamanda hakimiyyətin verdiyi imkanlardan sui-istifadə edərək konstitusiyanı, qanunlarımızı pozan, dövlətin və millətin maraqlarını “uf”x9d demədən ailə və tayfa maraqlarına qurban verən xeyli sayda insan var ki, YAP-çı deputatın ritorikası ilə desək, onlar nəinki qaymaq, heç üzsüz qatığın suyu da deyillər. 




























































































