Milli Məlisdə ipoteka kreditləri ilə bağlı TƏKLİF - “Aylıq ödəniş 300-400, daha həssas təbəqələr üçünsə 200 manat olsun”

Hazırda oxunan: Milli Məlisdə ipoteka kreditləri ilə bağlı TƏKLİF - “Aylıq ödəniş 300-400, daha həssas təbəqələr üçünsə 200 manat olsun”

61922

“Şəhər və rayonlar xaotik və eybəcər tikilir. Eninə və uzununa infrastruktur salınmadan genişlənir. Rayon mərkəzlərində və şəhərlərdə şəhərsalma qaydaları demək olar ki, yoxdur. Şəhər, qəsəbə dediyində göz önünə uca binalar, yaraşıqlı yollar, gözəl park və xiyabanlar gəlir. Rayon və şəhərlər eninə-uzununa genişlənə-genişlənə hara gedir? Dünyanın harasında görünüb ki, birinci evlər, obyektlər tikilsin, sonra infrastruktur yaradılsın? Bu eybəcərlik nə qədər davam edəcək? Günahkar kimdir? Ailəsini yağışdan, soyuqdan qorumaq, başının üstündə yuva qaraltmaq istəyən vətəndaş, yoxsa qanunsuzluqlara rüşvət müqabilində göz yuman, vətəndaşa qanuni ev tikmək üçün şərait yaratmayan aidiyyatı qurumlar?”.

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisdə çıxış zamanı səsləndirib.

Millət vəkili başqa bir sıra məsələlərə də diqqət çəkib:  

"Balaca bir ölkədə 80-ə yaxın şəhər yaratmışıq. Şəhər deyəndə orada rahat yaşamaq üçün imkanlar lazımdır. Bizim neçə şəhərimizdə belə imkanlar var? Onun üçün də xırda rayonların birləşdirilməsi yolu ilə mərkəzi şəhərlər yaratmaq vacibdir. Keçən sessiyada Fazil müəllimin dedikləri ilə tam razıyam və eyni hissələri çıxışımda səsləndirmirəm.  

Böyük şəhərlər olmalıdır ki, mənzil tikintisi maraqlı olsun. Gənclərə ev lazımdır. Necə alsın, hansı maaşla, hansı işlə, hansı qazancla? 2-3 sot yer alıb, 2-3 ev tikirlər. Nə etsin bəs?
Bu eybəcərliyin və qanunsuzluğun qarşısını almaq üçün sosial evlərin tikintisi sürətləndirilməlidir. Hər bir rayon mərkəzində hündür mərtəbəli binaların tikinitisi üçün iş adamlarına həvəsləndirici təkliflər edilə, şirnikləndirici güzəştlər verilə bilər ki, onlar az xərclə evlər tikib, satsınlar. Əvəzində isə onlara şəhərlərin ən gözəl yerlərindən torpaqlar ayrıla bilər, kənar yerlərdə infrastrukturunu dövlət yaratmaqla yerlər ayrıla bilər ki, bahalı mənzillər tikib satsınlar. Həm varlının, pullunun maraqları təmin olunsun, həm də kasıb-kusubun. 

Kasıb gedib kvadratı 2000 manatdan mənzili haradan alsın? Kiçik şəhər və rayon mərkəzlərində isə mənzillər tikmək üçün iş adamında stimul yoxdur.

Vətəndaş plansız və eybəcər şəkildə tikə-tikə gedir, iş adamları, dövlət qurumları da arxasınca düşüb onların tikdiyini kompensasiya ödəyib alır və sökür, yerində hündürmərtəbəli binalar tikir.  

Fərq burasındadır ki, onların arxasınca düşənlərin sürəti 100 dəfə zəifdir. Olmaz ki, elə bəri başdan infrastruktur yaradılıb, planlı şəkildə tikilib uyğun qiymətə vətəndaşlara satılsın? İpoteka krediti də əlçatan deyil. İpoteka krediti ilə ev almaq və dolanmaq üçün gərək minumum 1500 Azn əmək haqqı alasan.

Azərbaycanda sosial cəhətdən həssas olan nə qədər adam ayda 1500 azn qazanır? Neft fondundan ilkin olaraq 2 milyard vəsait ayrılsın və dövlət özü sosial evlərin tikintisini genişləndirsin. 
İpoteka kreditlərini də aylıq 300-400 manata salaq, daha həssas təbəqələr üçünsə 200 manat olsun. Gənclər ev sahibi olsun.

O zaman biz gənclər siyasətindən danışa bilərik. Mərhələ-mərhələ bunu etmək lazımdır. Qoy əlaqədar orqanlar Fransa təcrübəsini öyrənsinlər. İkinci dünya müharibəsindən sonra Fransa 5 il ərzində mənzil problemini tam olaraq necə həll etmişdi?" .  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin