"Samur"da yük avtomobillərinin tıxacı yaranıb - GÖRÜŞ KEÇİRİLDİ - FOTO/VİDEO

Hazırda oxunan: "Samur"da yük avtomobillərinin tıxacı yaranıb - GÖRÜŞ KEÇİRİLDİ - FOTO/VİDEO

61362

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Rusiyanın Dağıstan Respublikasında rəsmi səfərdə olub.

Bizim.Media DGK-ya istinadən xəbər verir ki, səfər Azərbaycan-Rusiya sərhədində, Samur-Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının aradan qaldırılması məsələsinin müzakirə edilməsi məqsədilə həyata keçirilib.

Nümayəndə heyəti səfər çərçivəsində Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsini ziyarət edib, burada aparılan təmir-tikinti işlərinın gedişi ilə tanış olub.

Bununla yanaşı, Azərbaycan-Rusiya sərhədində yerləşən “Novo-Filya” gömrük-sərhəd buraxılış məntəqəsi də ziyarət edilib, buradan dolu yük maşınlarının Azərbaycandan Rusiyaya buraxılması imkanları dəyərləndirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Sərhəddən qanunsuz yolla 457 min manatlıq "iPhone" keçirmək istədilər - FOTO 


Səfər zamanı Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin, eləcə də Rusiyanın Federal Gömrük Xidməti, Federal Dövlət Xəzinə İdarəsinin dövlət müəssisəsi “Rosqranstroy” və Federal Təhlükəsizlik Xidmətinin Sərhəd İdarəsi əməkdaşlarının iştirakı ilə ikitərəfli görüş keçirilib.

Görüşdə Rusiya tərəfi Yaraq-Qazmalar gömrük-sərhəd buraxılış məntəqəsində yaranmış avtonəqliyyat vasitələrinin sıxlığının məntəqədə aparılan təmir-tikinti işlərindən qaynaqlandığını və müvəqqəti xarakter daşıdığını bildirib.

Bununla yanaşı, təmir-tikinti işlərinin vaxtında yekunlaşdırılması, mövcud şərait nəzərə alınmaqla məntəqənin buraxılış qabiliyyətinin mümkün qədər maksimum həddə saxlanılması və əlavə zəruri tədbirlərin görülməsi üçün müvafiq qurumların səlahiyyətli nümayəndələrinin iştirakı ilə məsləhətləşmələrin aparılacağı qeyd edilib.

Görüşün yekunları üzrə “Şirvanlı” - “Novo-Filya” gömrük-sərhəd buraxılış məntəqəsinin 24 saatlıq iş rejimində fəaliyyət göstərməsi və buradan dolu yük maşınlarının keçidinin təmin edilməsi məsələsi geniş müzakirə olunub.

“Yaraq-Qazmalar” buraxılış məntəqəsindən keçən yük axınının azaldılması məqsədilə tərəflərin dəmir yolu nəqliyyat növündən də istifadəsi, “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin, burada aparılan yenidənqurma işləri nəzərə alınmaqla, buraxılış qabiliyyətinin artırılması razılaşdırılıb.

Azərbaycan tərəfində “Xanoba” gömrük-sərhəd buraxılış məntəqəsində yenidənqurma işləri başa çatdıqca nəqliyyat vasitələri üçün hərəkət zolaqlarının mərhələli şəkildə istifadəyə verilməsi imkanlarının nəzərdən keçirilməsi istiqamətində birgə səylərin davam etdirilməsi barədə razılıq əldə edilib.

Görüşdə, eyni zamanda, meyvə-tərəvəz və digər tez xarab olan məhsulları daşıyan nəqliyyat vasitələrinin buraxılışına üstünlük veriləcəyi barədə maraqlı tərəflərin məlumatlandırılması və cari məsələlərin müzakirəsi üçün rüblük əsasda görüşlərin təşkili qərara alınıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin